- Köşə

İmarət CƏLİLQIZI. Omonim, sinonim və digər “-nim”lərin daha iki “əqrəbası” ilə tanışlıq

Dildəki sözlərin leksik baxımdan seçilmiş qrupları icərisində omonim, sinonim, antonim, paronim kimi terminlərə daha sıx rast gəlirik. Bu qruplar içərisində hiponimhiperonim adlanan söz qrupları da var. Bəs hansı sözlər hiponim və ya hiperonim adlanır?

  Hiponim (yun. ὑπό “altında, aşağıda” , όνομα “ad” deməkdir) müəyyən bir varlığı başqa, daha ümumi səciyyə daşıyan bir varlıqla münasibətdə ifadə edən anlayışdır. Məsələn, belə bir ardıcıllığa diqqət edək:

bitki – taxıl – buğda.

Burada buğda taxıl sözünün, taxıl da bitki sözünün hiponimidir.

Bəs hiperonim nədir?

  Hiperonim (yunan dilində ὑπερ “yuxarı”, όνομα “ad” deməkdir) daha geniş mənalı sözdür, o, obyektlərin, xüsusiyyətlərin, atributların çoxluğunun adını ifadə edir, necə deyərlər, orijinalın üst çoxluğunu əks etdirən bir anlayışdır. Məsələn, yuxarıda misal cəkdiyimiz sırada bitki sözü taxıl sözünün, taxıl da buğda sözünün hiperonimidir.

Başqa misallara baxaq:

heyvan — təkdırnaqlı — at.

Bu sırada heyvan sözü təkdırnaqlı sözünə, təkdırnaqlı sözü isə at sözünə nəzərən hiperonimdir. Və ya əksinə: at sözü təkdırnaqlı sözünə, təkdırnaqlı sözü isə heyvan sözünə nəzərən hiponimdir.

Daha bir neçə misal göstərək:

1) bitki – tərəvəz – kələm;

2) meyvə – giləmeyvə – çiyələk;

3) parça – paltar – don;

Verilmiş nümunələrdə bitki, meyvə, parça sözləri daha ümumi anlayışlar olub obyektlərin üst çoxluğunu əks etdirir və üçü də hiperonimdir. Tərəvəz, giləmeyvə, paltar sözləri isə bitki, meyvə, parça sözlərinə nəzərən hiponim mövqeyində, müvafiq olaraq kələm, çiyələk və don sözlərinə nəzərən isə hiperonim mövqeyindədir.

Beləliklə, hiperonim məntiqi ümumiləşdirmənin nəticəsi olaraq, hiponim isə bir növ məhdudlaşdırmanın nəticəsi olaraq meydana gələn anlayışdır.

Yazı üzərində işlədikcə yada düşən bir məqamı da əlavə edək: yəqin, bəzilərimiz qan təzyiqi ilə bağlı hipertonikhipotonik sözlərini eşitmişik, bu sözlərin tərkibindəki hiperhipo sozləri də hiperonimhiponim sözlərinin tərkibindəkilərlə eynidir. Qan təzyiqi yuxarı olan şəxslərə hipertonik, aşağı olanlara isə hipotonik deyilir.

Hamınıza cansağlığı, xoşbəxtlik və normal qan təzyiqi diləyilə qeydləri burada yekunlaşdırırıq.