- Köşə

İmarət CƏLİLQIZI. Unudulmuş  filmin  unudulmamış  kadrı

 

 
 Bir film vardı, adını unutmuşam, məzmununu da unutmuşam. Bircə o yadımdadır ki, filmin qəhrəmanlarını ilan-qurbağa yeyənlər əsir edirlər və onlara da özlərinin yediyi əcaib yeməklərdən verirlər. Dəstə üzvlərindən biri – qız diksinib təbi çəkmədiyinə görə bu yeməkləri yeyə bilmir və ac qalır, bu zaman oğlan yoldaşlarından biri əlində bir neçə meyvə qızın yanına gəlir və meyvələri qıza göstərərək ona acıq verir. Meyvələri görəndə qızın gözünə işıq gəlir, yalvarır… təxminən belə.

  Niyə xatırlatdım bu kadrları? O zaman həmin kadrı görəndə öz-özümə düşünmüşdüm ki, bir-iki meyvə ilə bu qızın qarnı nə doyacaq ki?  Filmi tamam unutmuşdum, amma həmin fikir heç vaxt yadımdan çıxmadı və çox sonralar anladım ki, bu, təsadüfi bir hal deyilmiş: nağıllarda deyildiyi kimi, ay keçdi, il dolandı, gərdişi-dövran bir səhhət problemi ilə bağlı mənə sübut etdi ki, təkcə meyvə-tərəvəzlə də qarın doyarmış və həm də elə-belə yox, tamamilə doyarmış.

 İnanmırsınız, yoxlayaq:

ən çox xoşladığınız xörəyi bişirin, amma hələ qazanda qalsın. Süfrəyə hər meyvədən, tərəvəzdən –alma, armud, heyva, nar, qoz, fındıq, badam, kişmiş, qaysı, şabalıd, əzgil,üzüm, əncir, kök, xiyar, turp, göyərtilər… –bir az qoyun. Turşu şirinə qarışdırmamaq  şərtilə hərəsindən  bir az yeyin. Sonra dərhal qazandakı xörəyi çəkib qoyun süfrəyə: inandırım ki, iştahınız çəkməyəcək onu. Bəlkə, gözünüz aldana, boşqabınızı doldurasınız ki, yeyəsiniz. Amma bir-iki tikədən sonra getməyəcək.

 Doğrudur, bu yeməkdən sonra aclıq hissi özünü əvvəlkindən daha tez  hiss etdirəcəkdir. Elə ən gözəli də budur: deməli, yediyiniz artıq həzmə getmişdir, sizin üçün təzə və təmiz qan yaratmaqla məşğuldur. Qoy o öz işilə məşğul olsun, siz isə bayaq hansı meyvə-tərəvəzdən dada bilməmisinizsə, indi boşqabınızı onlarla doldurun və … Nuş olsun!..

P.S. Meyvə-tərəvəz barədə heç bir bəhanə tapa bilməzsiniz, hər yan yay meyvə-tərəvəzləri ilə dolub-daşır. Bir azdan gözəlim payız da öz məhsulundan  bol-boluna  o qədər sovqat yığıb gətirəcək ki, nə qədər  paylasa da, qurtaran deyil – nemət yetirənə şükür!