- Ədəbiyyat

İmarət CƏLİLQIZI. Yol

 

Hamı çıxıbdı səfərə
hamı düşübdü yollara,
yollar ayağından tutub
hamını aparır.Hara?
Biri sola, biri sağa,
biri düzə, biri dağa,
asta gedən,
yorğa gedən,
əyri gedən,
doğru gedən,
hava yolu,
dəniz yolu,
quru yolu,
uçur gedir,
gəzir gedir,
üzür gedir–
özü gedir.
Amma hamı, nə sirdisə,
gəlib çıxır əsas yola.
Çətin yolmu,
rahat yolmu,
kələ-kötür,
asfalt yolmu?
Lap bəlkə də,
torpaq yoldu,
hər nədirsə,
ortaq yoldu.
Əvvəlində uzun növbə–
qeyd eləyib götürürlər,
birini tez, birini gec–
əsas yola ötürürlər.
Deyim eyni,
geyim eyni,
“maşın” eyni,
arşın eyni…
Fərqi də var–
son ünvanın üstündədir,
hasarında,
heykəlində,
büstündədir.
Bir az baha,
bir az ucuz—
elə üstü təmtəraqdır,
Altı?
Altı eynidir–
torpaqdır.