- Köşə, Manşet

İmarət CƏLİLQIZI.  Bir  dəstə  qızılgül

 

Həyətlərində çoxlu rəngbərəng qızılgül kolları vardı. Onların çoxunu anası əkmisdi. Hamısı gözəl idi, ətirli idi. Amma bir tərəfdə yan-yana əkilmis iki növ qızılgülün çiçəkləri digərlərindən xeyli fərqlənirdi: birinin çəhrayı rəngli dairəvi gül tabağı çox iri olurdu, ətri də çox tünd deyildi. O biri kolun tünd-qırmızı  çiçəklərinin isə olduqca xoş və kəskin qoxusu olurdu, ləçəkləri də digərlərindən seçilirdi, elə bil qalın atlazdan düzəldilmişdi, günəş şüalarının altında bərq vururdu.

 Anası qonum-qonsudan harasa hədiyyə aparmaq üçün gül-cicək istəyənlərə pay verəndə bu kollara toxunmazdı. O, ümumiyyətlə, gülləri dərməyi, güldana qoymağı xoşlamazdi, heyfi gələrdi onlara. Güllər elə budaqlarda açılıb budaqlardaca solardı.

 Bu səhər o, yuxudan oyanıb yataq otagından cıxarkən cox gözəl və “ətirli” bir mənzərə ilə qarsılasdı: masanın üstü rəngbərəng qızılgüllərlə dolu idi və anası onlardan dəstə bağlayırdı. Maraqlısı bu idi ki, güllərin arasında həmin o toxunulmaz qızılgüllərdən də vardı.

 Anası qızının çoxdan bəri səbirsizliklə gozlədiyi xüsusi bir gün münasibətilə buket hazırlamaq ucun bağçasinin ən gözəl çiçəklərini, hətta heç vaxt qoparmağa qıymadığı o möhtəşəm və fərqli gülləri də dərmisdi! Axı bu səhər onun qızi ilk dəfə məktəbə yollanacaqdı.

Anasının qayğıkeş əlləri ilə ütülənib çarpayısının başından asılmış məktəbli paltarını geyindi. Ana onun uzun saçlarını darayıb hördü və iri ağ bantla bağladı, onu bağrına basıb öpdü, xeyir-dua verdi. Çantasını və ətir qoxuyan, şux rəngləri ilə göz oxşayan iri qızılgül  dəstəsini  onun əlinə verib həyət qapısınacan ötürdü.  Bayaqdan hazır olub onu gözləyən böyük bacısı ilə birgə məktəb yoluna çıxdılar. 

 Küçə əynində məktəbli forması olan əli  çantalı uşaqlarla dolu idi. Çoxunun əlində gül-çiçək də vardı. Amma heç kimin gül dəstəsi onunku kimi böyük və gözəl deyildi.Onun buketi elə ağır idi ki, bir əli ilə uzun müddət saxlaya bilmədiyindən çantasını bacısına verib ikiəlli aparırıdı. 

 Məktəbin həyətinə çatdılar.  Bacısı uzaqdan sinif yoldaşlarını görüb əl elədi. Onun çantasını özünə verib: “Burda bir az gözlə, indi gəlirəm”, – dedi və uşaqların arasında gözdən itdi. 

O, tək qalıb maraqla ətrafına göz gəzdirdi. Anasının söhbətlərindən bilirdi ki, ilk dərs günü birincilərlə onuncuları qarşı-qarşıya sıraya düzürlər, birincilər onunculara gül dəstəsi verirlər, onuncular isə birincilərə dəftər-qələm. 

O, ürək döyüntüsü ilə bu anı gözləyirdi və əlindəki gül dəstəsini balaca əlləri ilə daha da möhkəm sıxırdı ki, birdən qolu yorulduğundan əlindən düşüb əzilər. Məktəbin həyətinə çatandan sonra da fikir verib görmüşdü ki, heç kimin gül dəstəsi gözəllikdə onunkuna çata bilməz, bunu onun buketinə heyran-heyran baxanların nəzərlərindən də hiss etmişdi və bundan çox məmnun olmuşdu. Ona elə gəlirdi ki, bu gözəl gül dəstəsinin müqabilində onunculardan alacağı hədiyyə də elə onun gülləri kimi çox gözəl və fərqli bir şey olacaqdır. 

 Boylanıb baxdı ki, görsün birincilərlə onuncular harda sıraya düzülüblər, amma hələ sıra deyilən bir şey yox idi, hələ ətrafda bir qarmaqarışıqlıq və səs-küy vardı. Bacısı da hələ qayıtmamışdı. 

 Elə bu zaman ona  müəllim sandığı bir qadın yanaşdı (sonradan biləcəkdi ki, məktəbin pioner baş dəstə rəhbəri imiş) və dedi: “Qızım, sənin nə gözəl buketin var. Olarmı onu bir dəqiqəliyə götürüm? Tez qaytaracağam”.

 O bilmədi neyləsin. Vermək istəmirdi, ona görə ki “tez qaytaracağam” vədi onu inandırmırdı. Başa düşmürdü ki, bu qadın gülü tez qaytaracaqdısa, bəs nə məqsədlə istəyir. Amma onu da anlayırdı ki, verməsə, yaxşı düşməz. Ona elə gəlirdi ki, gülü verməsə, bunu  məktəbliyə yaraşmayan bir hərəkət sayar və onu  məzəmmət edərlər. 

 Buketini istər-istəməz  qadına uzatdı. Nəzərləri ilə izlədi ki, görək hara aparacaq. Qadın onun gül dəstəsini giriş qapısının qarşısındakı pilləkən meydançasında dayanmış qıvrımsaçlı bir qıza verdi (bu qız sonradan onun sinif yoldaşı olacaqdı və o biləcəkdi ki, direktorun qızı imiş). 

 Qız gülləri sevinclə alıb içəri apardı. Onun gözü qapıda qaldı. Bir neçə dəqiqə keçdi, güllərdən soraq çıxmadı. O lap qəribsədi, gözləri ilə bacısını axtardı. Bacısının başı sinif yoldaşlarına qarışdığından, yəqin ki, onu unutmuşdu. 

Fikri onun gül buketini içəri aparmış qızın yanında qaldığından ətrafda baş verənlərdən xəbərsiz idi. Birdən uca səslə verilən  elan qulaqlarını cingildətdi: “İndi isə onuncular və birincilər bir-birini təbrik edəcəklər!” 

Bu sözləri eşitcək təşvişlə giriş qapısına boylandı, istədi tez  içəri qaçsın, o qıvrımsaçlı qızı tapsın, gül dəstəsini ondan geri alıb tez də qayıtsın və o da birincilərin sırasına qatılsın, amma… 

Amma birdən anladı ki, gecdir. Ürəyinə dolan inciklikdən o qədər sarsıldı ki, gözləri yaşla doldu, amma udqunub özünü toxtatmağa çalışdı, özgələrin onu gözüyaşlı görməsindən və sorğu-suala tutmasından heç xoşlanmırdı. 

 Mərasim bitib hamı siniflərə doğru axışanda bacısı gəlib çıxdı. Sən demə, onu sinif rəhbəri sıradan çıxmağa qoymayıbmış, deyibmiş ki, bacının sinif müəllimi özü hər şeylə məşğul olacaq, sənə ehtiyac yoxdur. Gül dəstəsi əhvalatını isə sakit qarşıladı, əlini yelləyib dedi: “Eh, eybi yox, atam sənə on dənə elə dəftər alar”.

 O, bacısına etiraz edib nəyisə başa salmağa çalışdı, amma danışa bilməyib udqundu və onun yanı ilə dinməzcə siniflərinə doğru addımladı.

 Birinci dərs günü onun üçün maraqsız keçdi və tez bitdi. O, evə yorğun və üzgün halda dönürdü. Anasının üzünə çıxmağa utanırdı. Ona elə gəlirdi ki, anasının minbir həvəslə toplayıb dəstə tutduğu, hamıdan əsirgəyib yalnız onun ilk məktəb  günündə dərdiyi çiçəklərlə bəzənmiş gül dəstəsini qoruyub saxlaya bilmədiyinə, heç kimə bağışlaya bilmədiyinə görə günahkardır. Çantasında onuncuların digər birincilərə bağışladığı həmin o dəftər-qələmdən olmadığına görə ona elə gəlirdi ki, ilk dərs günündən evə sanki məğlub və əliboş qayıdır. Bunları düşündükcə onun ürəyi parça-parça olurdu…

 Evə çatdı. Anası onu görən kimi sevinclə səsləndi: 

– Ay xoş gəldin, mənim məktəbli balam. Gəl, gəl danış görüm necə keçdi balamın ilk dərs günü.

 Anasından bu sözləri eşitcək daha dözmədi, kövrəldi və birdən hönkürüb bərkdən-bərkdən ağlamağa başladı. Elə ağlayırdı, elə ağlayırdı ki, içi içinə sığmırdı.

 Anası təəccübləndi və onu qucaqlayıb ovundurmağa çalışdı:

– Sənə qurban olaram, de görüm nolub, kim səni incidib?  

 O heç bir cavab vermir və  anasına  sığınaraq hıçqırıqlar içində boğula-boğula ağlayırdı. Elə bu arada bacısı da gəlib çıxdı. Anası nə baş verdiyini ondan xəbər aldı. Bacısı əhvalatı qısaca söylədi və bacısına təskinlik verməyə çalışdı: 

– Niyə ağlayırsan axı? Matah da hədiyyə imiş!.. Demədimmi atam sənə o dəftər-qələmdən on dənəsini alar?!

 O, göz yaşları ilə islanmış üzünü anasının köksündən ayırıb az qala qışqıraraq  söylədi:

 – Mən dükandan alınan dəftər-qələmi istəmirəm, mən onuncuların verdiyi dəftər-qələmdən istəyirəm!..  Güllərim özümdə olsaydı, indi mənim də belə dəftərim olardı. Niyə mənim güllərimi  qaytarmadılar?!. Niyə sən məni qoyub getdin?!.  Sən məni qoyub getməsəydin, onlar da mənim buketimi əlimdən almazdılar. 

 Bunları deyib daha da kövrəldi və daha da bərkdən, yana-yana ağladı. Bacısı özünü müdafiə etmək üçün nəsə demək istədi, amma pərt halda susdu. Anası onu qulağına hansısa xoş sözlər pıçıldayaraq xeyli gec və çox çətinliklə ovuda bildi…

…Günlər, aylar keçdi. Mən məktəb direktorumuzun həmin o qıvrımsaçlı qızı ilə altı il bir sinifdə oxudum. Sonra onlar başqa şəhərə köçdülər. Onunla gül buketi barədə heç vaxt heç nə danışmadıq. Ümumiyyətlə, o qızla çox yaxın münasibətdə olmadıq, ona görə yox ki, o, necə deyərlər, mənim ilk dərs günümün təəssüratını korlamışdı, sadəcə, bizi bir-birimizə doğru çəkən ortaq bir şey yox idi. 

 Mən heç bilmədim də ki o, buketi niyə istədi, hara apardı, onunla neylədi. Məktəb həyatının maraqlı günləri bu əhvalatı yaddaşımın uzaq bir küncünə itələsə də, hərdən ilk və son zəng günlərində, köhnə fotoşəkillərə baxanda, sinif yoldaşlarımla qarşılaşıb xatirələrimizi çözələyəndə bu əhvalatı xatırlayıram və düşünürəm. 

 Düşünüb aşkar edirəm ki, zahirən bildirməsəm də, özümə qarşı edilmiş qərəzli-qərəzsiz  çox haqsızlıqları qəlbən bağışlayan birisiyəmmiş. Onu da aşkar edirəm ki, çətin olan sənə qarşı edilmiş hər hansı bir haqsızlığı bağışlamaq deyil, çətin olan, bəlkə də, mümkünsüz olan həmin haqsızlığı birdəfəlik, həmişəlik unutmaqdır.