Yaxın günlərdə hörmətli həmkarlarımızdan biri xalq arasında ara-sıra işlənən “cezvem daraldı” ifadəsi ilə maraqlandığını bildirmişdi. İfadə haqqında düşünərkən ilk ağlıma gəlmiş fikir bu olmuşdu ki, bəlkə, bu deyim “cazibə” sözü ilə bağlıdır. Amma sonra araşdırma apararkən maraqlı məqamlarla qarşılaşdım.
Bir məqalədə oxudum ki, türklər qəhvə bişirdikləri kiçik qəhvədana “cezve” deyirlər ki, bu söz də ərəb mənsəlidir, vətəni ərəb ölkəsi olan “qəhvə” bitkisinin adı ilə bağlıdır. Ərəblər cezveyə وعاء القهوة deyirlər, yəni qəhvə qazanı – qəhvədan. Deməli, belə çıxır ki,”cezvem daraldı” “qəhvədanım daraldı” deməkdir. Bəs qəhvədan daralanda nə baş verər? Əlbəttə ki, içindəki qəhvə qaynayanda daşıb tökülər. Burada, təbii ki, məcazi məna var. “Cezvem daraldı” ifadəsi nə zaman işlədilir? Kimsə hansı səbəbdənsə səbirsizlənəndə, hövsələsi çatmayanda. O zaman nə baş verir? Adam qəhvədan kimi dolub-daşır – içərisindəki sözlərin qarşısını ala bilmir, hamisı ağzından dar qəhvədandan qəhvənin daşıb töküldüyü kimi daşıb çölə tökülür. Neyləsin? Cezvesini daraldıblar axı!..
Cezve-qəhvədanla bağlı fərziyyələrimə dəstək olmaqdan ötrü öz mətbəximizdən də bir qab tapdım: bapbalaca bir kasa!.. O da hərdən dolub-daşır və o zaman necə deyirlər? “Səbir kasam dolub-daşdı” demirlərmi?!..
Allah hamımızın cezvemizi, qəhvədanımızı, kasamızı geniş eləsin ki, heç zaman dolub daşmasın.