Bu bağçada fırtınatək
əsmək olmaz,
bəslədiyin çiçəklərin
heç birini üzmək olmaz –
dəliqanlı külək olma,
çiçəklərin tellərini
nəvazişlə sığallayan
meh ol, yetər.
Bu torpağın dil-dodağı
susuzluqdan
çat-çat olub yarılsa da,
bu ağacın yaşıl-yaşıl
qol-budağı
quruyaraq
yerbəyerdən qırılsa da,
leysan olma,
bircə damcı
şeh ol, yetər.
Könlündəki nəğmələri
gah sevinc, gah qəmdən oxu,
nəğmələrə məsafə yox—
sən eləcə gendən oxu.
Səsin gedib çatmaz deyə
çağlayaraq zilə qalxma,
ünvanını tapacaqdır—
həzin-həzin, bəmdən oxu.
Bu bağçanın
çiçəkləri
qönçə-qönçə…
Bu bağçada
gəzənlərin
ruhu incə…
Bu bağçadan
qoyma qara
yellər keçə…
Bu bağçanın
növrağını
vermə heçə…