İş yoldaşımızgilə hüzrə getmişdik. Başsağlığı verib qadınlar üçün ayrılmış otaqdan çıxdıq və həmişəki kimi istər-istəməz həyətdə qurulmuş çadıra doğru yönəlməli olduq. Yas məclislərində ehsan verilməsi ilə bağlı dəfələrlə verilmiş məlum tövsiyələrə baxmayaraq, yenə də plov qazanları və masaların üstü dolu idi.
Yas yerlərində yemək yeyə bilmirəm, çayı içmək isə mənimçün əsl cəzadır: canımı dərd götürür ki, ay Allah, indi mən bu yaxşı yuyulmamış, ala-ötəri yaxalanmış stəkandan çayı necə içim(qoca xalam bu içi-qucu xasiyyətimə görə mənə “ay keçinin qoturu, elə ona görə bu gündəsən” deyir)? Çay buğlanır, mənsə həmişəki kimi ixtiyarsız olaraq ətrafı müşahidə edirdim: qadınların üzlərinə, saçlarına, örpəklərinə, əllərinə, xüsusən dırnaqlarına baxırdım.
(Balaca uşaq olduğum zamanlarda bir gün anam mənə xörək bağlaması verib doğum evinə bir qohum xalanın yanına göndərmişdi (xəstəxana evimizin lap yaxınlığında idi). Gələnləri, təbii ki, içəri buraxmırdılar və xala gətirdiyim bağlamanı qapıdakı gözlükdən götürüb arxasında mənim görmədiyim bir yerə, yəqin ki, kətilin ustünə qoydu və məndən hal-əhval tutmağa başladı. Bu qohum xalanın üzü əvvəldən də təəccüblü dərəcədə çilli idi, indi bu çillər daha da qaralmışdı və lap qabarıq nəzərə çarpırdı. Yəqin ki, bu, hamiləliklə bağlı imiş, amma uşaq olduğum üçün o zaman mən bunu başa düşmürdüm və onun üzünə baxaraq düşünürdüm ki, oy, nə çirkin xaladır. Belə düşündüyüm anda gözlərim qəfildən onun barmaqlarına sataşdı: xala gözlüyün aşağı kənarından tutub, bir növ gözlüyə dəstəklənib danışırdı və hər əlinin dörd barmağının ucu qapının çöl tərəfində idi. Gözlükdən görünən bir üzü idi, bir də bu barmaqlar. Mənim nəzərlərim bir neçə an bu barmaqlarda ilişib qaldı: qadının üzü ilə müqayisədə bu barmaqlar və dırnaqlar elə ağ, təmiz və yaraşıqlı idi ki, adam inana bilmirdi ki, bu sifət və bu barmaqlar eyni bir adama məxsusdur.
Mənə elə gəlir ki, adamların əllərinə və dırnaqlarına diqqət etmək vərdişimin əsasi elə o vaxtdan – o çil-çil üzlü xalanın əllərinin nəzərlərimi cəlb etdiyi o gündən qoyuldu.)
Ətrafı müşahidə etdiyim dəqiqələrdə çadıra daha bir neçə qadın daxil oldu. Onlardan birinin çəkisi ən azı yüz kilo olardı. Mənim müşahidəçilik vərdişim özümdən asılı olmadan yenə işə düşdü və nəzərlərimlə həmin qadını izləməyə başladım. Qadın masanın ətrafına düzülmüş plastik ağ stullardan birini kənara çəkib narahatlıqla baxdı, əli ilə möhkəmliyini yoxlayıb ətrafındakılara izahat verirmiş kimi dedi: “Mən ağır adamam axı. Bunlarda oturanda qorxuram ki, birdən qırılar, yıxılaram”.
Mən hiss etdim ki, dodağım qaçmaq üçün starta yaxınlaşır, onu bir təhər geri qaytardım, içi su ilə dolu stəkana dəstə ilə qoyulmuş qaşıqlardan birini götürüb içinə heç nə tökmədiyim çayımı ehmalca qarışdırdım. Bu dəmdə yanında dəm-dəsgahı ilə plov gəldi. Müəllimələrdən biri qarşımdakı boşqabı götürüb mənə plov çəkmək istədi. Mən tez onun əlindən boşqabı alıb dedim, “narahat olmayın, narahat olmayın, özüm çəkərəm”. Çayı araya salıb birtəhər yola vermişdim, amma xörəyi yola verə bilməyəcəyimi anlayıb boşqabıma bir-iki qaşıq düyü tökdüm. Elə bu dəmdə gözüm bayaqkı toppuş qadının boşqabına sataşdı: boşqab təpələmə düyü və ət tikələrilə dolu idi və qadın ümumi aşqarası boşqabından hələ yenə də nəsə seçirdi. Mən onun boşqabına baxa-baxa qalmışdım, düşünürdüm ki, bu qadının bayaqkı yıxılmaq qorxusu hara, az qala boşqabından daşıb – tökülən bu qədər yemək hara? Etiket yol versəydi, yeri vardı, deyəsən ki, “a bacı, sən heç altındakı stulun qırılacağından qorxan adama oxşamırsan.” Sonra öz boşqabımdakı düyüyə baxıb başqa şey düşündüm. İnsanların həddindən artıq çox yeməsini anormal hal sayıram. Bacım isə özü də, mənim qədər olmasa da, hər halda az yeyən birisi olmasına baxmayaraq, bu fikrimə qarşı deyir ki, “əslində sənin çoxyeyən saydığın adamlar normal qidalanırlar e, a bala. Anormal yeyən sənsən, onlar deyil”.
Bilmirəm, hansımız doğru fikirdəyik, amma bir məsələ mənə gün kimi aydındır ki, “çox yemək adamı az yeməkdən də qoyar” müddəası doğru fikirdir. Üstəlik, bu deyimin təkcə birbaşa deyil, həm də mövcud olan bütün məcazi anlamlarında.