Büzüşüb oturub. Kefsiz görünür. Soruşuram:
– Nolub?
-Başım ağrıyır, müəllim.
Yəqin, yenə bütün günü telefonda oyun oynayıb deyə düşünürəm:
– Qapılarını çox açıq qoyursan, ondandır.
Təəccüblə soruşur:
– Nə qapı?.. Hansı qapıları?
– Başının qapılarını.
-Başımın?..
Uşaqlar gülüşürlər:
– Başın da qapıları olur, ay müəllim?
-Gözlərinizlə qulaqlarınız bəs nədir? Görüb-eşitdiyiniz xeyirli-xeyirsiz nə varsa, ordan girir da içəri. Sonra da bax beləcə başağrısı verir. Lazımsız şeylərin üzünə bağlayın onları, başınız da agrımasın.
Bunları dedim və eyni zamanda ağlıma gələn bu bənzətmənin davamını düşündüm. Düşündüm ki, gözlər və qulaqlardan başqa, ağızla burun da var axı başın üzərində. Bəs onlar? Cavabı özüm özümə belə izah etdim: ağızla burun da başın qapılarıdır, amma gözlərlə qulaqlar yalnız gırış, ağızla burun isə başın həm giriş, həm də çıxış qapılarıdır.
Sonra bu da ağlima gəldi ki, burun başa arabir xeyli əziyyət versə də, amma hər halda başın ən təhlükəli qapısı, şəksiz, ağızdır, çünki bir çox başabəla kəlmələr məhz bu qapıdan kənara çıxır, bir çox cana qada təamlar da məhz bu qapıdan içərı daxil olur.
Daha sonra düşünüb bunu da aşkar etdim ki, qapılarının bu qədər çox olması səbəbindəndir ki, bütün kritik məqamlarda adamın hər bir orqanından qat-qat daha artıq başı əziyyət çəkir.
Zavallı baş…