- Köşə, Manşet

İmarət CƏLİLQIZI. Həmin köhnə dost

Bəzilərinə qəribə, bəzilərinə anlaşılmaz, bəzilərinə hətta  mənasız görünən, kiminsə əsəblərini tarımlayan, kimisə üzünə şübhəli baxışlarla baxmağa, kimisə səndən uzaq durmağa (kimdənsə sənin özünü uzaqlaşmağa) vadar edən düşüncələrinlə yalqız qalanda ona – ən sadiq Dostuna üz tut.

Dünyada onun qədər vəfalı ikinci varlıq ola bilməz. O, səni heç zaman atmaz, yarı yolda qoymaz, sənə laqeydlik göstərməz, üzünə istehza ilə baxmaz, paxıllığını çəkməz, riyakarlıq etməz, yersiz iddialarını qeyd-şərtsiz qəbul etdirməyə çalışmaz, səni məqsədli yöndə yalandan tərifləməz, səndən heç bir təmənna ummaz, səndən ötrü elədiklərinin əvəzini istəməz… Haçan ürəyin istədi, o dəm yanındadır. Danışdır onu, söhbətini dinlə. Görəcəksən ki, həminkidir, heç dəyişməyib. On il də, yüz il də keçsə, dəyişməyəcək. Bəlkə, üzündə azca dəyişiklik ola rəngi bir az solğunlaşa, ya bozara içərisi isə ömrü boyu sənə sadiq qalacaq.

Onunla üz-üzə, göz-gözə qaldıqca mövcud olduğun məkandan ayrılıb başqa aləmə qovuşacaqsan. Səni üzən, əzən, sıxan, qovuran (hərdən adama elə gəlir ki, bəzi duyğuları ifadə etmək üçün nəsə təzə söz “icad” etməlidir, yoxsa nə demək istədiyini məlum sözlərlə heç cür ifadə edə bilməz. Bir ifadə var -“cızdağı çıxmaq”, nə isə buna bənzər bir söz) mühitdən  müvəqqəti də olsa, ayrılacaqsan.

O füsunkar aləmdə həmişəlik qala bilməzsən, istər-istəməz geriyə dönəcəksən. Heç təəssüflənmə. Çünki geriyə dönəndə sən artıq əvvəlki olmayacaqsan. İndi sən qat-qat daha qüvvətli zərbələrə tab gətirib dərhal düzəlməyi bacaran balaca rezin top kimisən. Müqavimətin indi əvvəlkindən daha böyükdür. Elə böyük ki, bunu duymağın məmnunluğundan hətta vəcdə gəlirsən. Bütün şərtiliklər, sıxıntılar, təşvişlər, tərəddüdlər, qərarsızlıqlar, kinayələr, həqarətlər, təhdidlər…əvvəlki təsirini itirir, müvazinətini poza bilmir. Hətta ölümü düşünmək belə fərqli duyğular yaradır.

Daxilində bir işıq yaranır. Hər nəzər saldığın əyani və ya mücərrəd varlığın üzərinə düşür bu işıq, apaydın göstərir onu sənə. Bəzən gözlərin qamaşır: öz işığından dəfələrlə daha güclü, daha gur saçılan başqa bir işığa tuş gələndə. Gözlərini şən-şən qıyıb bəxtəvərcəsinə gülümsəyirsən. Sənə elə gəlir ki, daxilində yanan  işıq  gözünü qamaşdıran həmin bu parlaq nur selinin balasıdır. Bu gözəl duyğu köksünü genişləndirir, ürəyinə təpər verir, özünü qüdrətli bir arxası, dayağı varmış kimi hiss edirsən. Dərk edirsən ki, könlündə bu duyğu var olduqca onun işığı sənə hər şeyi olduğu xislətdə göstərəcək, özünəbənzər nur zərrəciklərini cəzb edərək sənə doğru yönəldəcək, vahiməli qaranlıqları, heybətli kölgələri isə əridə-əridə baş alıb gəldiyi mənbəyin ta sərhədlərinəcən qovacaqdır. Dərk edirsən və ruhun qanadlandıqca qanadlanır.

Dönüb bir daha “alicənab, səssiz-küysüz” Dostuna nəzər salırsan. Əlini uzadıb nəvazişlə onun bəzən tutqun və cod, bəzən də hamar və parlaq olan üzünü sığallayırsan. O, yenə də təvazökarlıqla susur və qarşında həmişəkitək dayanır. Bu müntəzir, eyni zamanda məğrur duruş sənin qəlbini riqqətə gətirir, onu qaldırıb mehribanlıqla köksünə sıxır və bəxtiyarlıqla pıçıldayırsan: “Şükürlər olsun səni yaradana!.. Nə yaxşı ki varsan!..”

(Yəqin ki, sənin bu riqqətin  Konan Doylun məhəbbəti kimi, çoxlarına  xeyli qəribə, hətta bir az sadəlövh görünür . Heç üzülmə!.. Bax, ilk baxışda sadəlövh görünən  bu riqqət, bu məhəbbət əslində səni və sənin kimi digərlərini daxilən təmizləyib gücləndirir, səbrini, inamını artırırır, müvazinətini bərpa edir, səbatını qoruyur, miskinlik və xırdaçılıqların fövqündə dayana bilməsinə kömək edir. Onda bu duyğular, eybi yoxdur,  “bir az sadəlövh” olsun, ancaq qoy çoxunun könlündə həmişə var olub heç vaxt tükənməsin!..

Niyə gülümsünürsən? Necə?!.. Hətta sadəlövh də yox, fantastik?!…

…Sən  sübut edə bilərsənmi ki, gözlərini bu işarələrin üstündə gəzdirərək onları söz kimi dərk etməyinin özü fantastik bir şey deyil?)