Belə bir anlayış var: normal – normal şərait, normal temperatur, normal vəziyyət, normal münasibət, normal səviyyə… Nə deməkdir normallıq? Əslində çox nisbi olan bir şey. “Normal” sözü hər hansı bir situasiyada ucdantutma hamının olmasa da, əksəriyyətin qəbul etdiyi bir göstəricidir:
- bəzi adamlar bu göstərici ilə tamamilə qane olur,
- bəziləri zahirən özlərini qane olurmuş kimi göstərir,
- bəziləri qane olmasa da, bunu biruzə verməməyi lazım bilir, amma saxtakarlıq edə bilmədiklərinə görə qane olmadıqları onların hər halından hiss olunur,
- bəziləri də qane olmur və qane olmadıqlarını da heç gizlətmir.
Tutaq ki, çay nə çox tünd, nə də çox açıqdırsa, bu, normal sayılır, buna görə də adətən məclisdə hamıya çayı bu cür verirlər, əksəriyyət də, xüsusən 1-ci qrupa aid olanlar çayı bu cür qəbul edib içir. Fərz edək ki, onların içində bir neçəsi çayı çox tünd içməyi xoşlayır, həmin adamlardan:
2-ci qrupa aid olan tövründə heç bir etiraz əlaməti yaratmadan sakitcə çayını içəcəkdir;
3-cü qrupa aid olan üzündə nazik bir narazılıq pərdəsi nəzakətlə çaydan yalnız iki-üç qurtum alacaqdır;
4-cü qrupa aid olan isə heç bir sıxıntı çəkmədən uca səslə çay paylayanı haylayıb deyəcəkdir ki, “a bala, mən bu cür çay içmirəm, apar mənim çayımı tünd elə”.
Deməli, hər bir normalın içində mütləq istisnalar var və həmin istisnaların ürəyinə yatan, könlüncə olan göstəricilər onların özləri üçün normaldır. Bəs digərləri üçün?!.. Bu sual bütün zamanların ən çətin suallarından biridir (bu anda adamın yadına nədənsə çirkin ördək balası düşür…). Hər kəs öz normalı ilə yaşamaq istəyində haqlıdırmı, haqsızdırmı? Bu sualın cavabı məlum deyil. Yalnız bir həqiqət danılmazdır: insan seçim etməkdə sərbəstdir, hansı normalarla yaşayır, yaşasın, amma bir kimsəyə ziyan verməsin – nə özünə, nə də başqalarına!..