GÜNLƏRDƏN CAVİD GÜNÜ:
(2020-ci ilin bir payız gününün təəssüratı)
Hava xoşdur. Gəzinirəm. Masmavi səmaya, istilik və nur saçan günəşə, sarı, narıncı, qızılı, qırmızı, qəhvəyi rəngin minbir çalarına bürünmüş bağçalara, meşələrə, budaqlardan asılmış qırmızı narlara, alyanaq almalara, sarı heyvalara, şirəli armudlara, parlaq xurmalara, dolu üzüm salxımlarına, tikanlı paltarını yarıb düşərək xəzəlin altindan qonur gözləri ilə oğrun-oğrun baxan şabalıdlara, çopursifət qozlara, rəngbərəng xəzan çiçəklərinə baxıram, baxıram, baxıram…. və inanmaq istəmirəm ki, bütün bu gözəlliklərin iki addımlığında müharibə gedir, insanlar məhv olur, qan tökülür. Bu boyda da təzad olarmı?! Bu gözəlliklərin altında, bu gözəlliklərin qoynunda var olan, həm fiziki, həm də mənəvi qidasını çox rahatlıqla, artıqlaması ilə ala biləcək insanlar niyə bir-birinin canına qəsd edirlər?
Yer üzünün sərvətləri hamıya artıqlamasilə catar, hələ artıq da qalar. Bəs onda bu dava nədən ötrüdür? Belə heyranedici gözəlliklərlə dəhşətli müharibənin eyni məkan və zamanın içərisində bir-birinə qarışmasının təqsirkarı kimdir, nədir? Bu sualın cavabını özüm özümə izah edə bilsəm də, könlüm aram olmur, dünyanın min illərdən bəri davam edən, səklini dəyişsə də, məzmununu dəyişməyən, müdrikləri, dahiləri, şairləri “iblis” adlı qol-budaqlı bir cavabın ətrafına cəm edən bu acı həqiqətini həzm etmək olmur.
“…Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!..”
Elə bir zaman gələcəkmi ki, onlar deyə nişan verilən o fitnəkar qüvvələrə kainatın hec bir bucağında sığınacaq tapılmasın?