Bir gün radioda salamlaşmadan, müxtəlif xalqların salamlaşma qaydalarından danışırdılar. Mövzu mənə neçə il qabaq baş vermiş bir əhvalatı xatırlatdı.
Bir yay günü hamılıqla meşəyə gəzintiyə getmişdik. Bibim qızı ilə çayın kənarında oturub söhbətləşirdik. Bizdən başqa da gəzintiyə, meşənin içindəki istirahət mərkəzlərinə gələnlər vardı. Gələn maşınların bəziləri oturduğumuz yerin yaxınlığındakı yolla daha da irəliyə gedir, bəziləri isə elə çayın kənarındaca dayanırdı. Bir maşın da bizdən bir xeyli aralıda dayandı. Qapılar açıldı və geyim-kecimlərindən şəhərlilərə oxşayan adamlar düşüb bizim oturduğumuz səmtə doğru gəlməyə başladılar. Aralarında iki qadın da vardı. Qadınlardan biri xeyli dolubədənli idi. Mən nəzərimi onlardan çəkib söhbətə davam etmək üçün bibim qızına tərəf çevriləndə onun bizə doğru gələn qadınları qaş-qabaqlı, hətta deyərdim, bir az da qəzəbli baxışlarla süzdüyünü gördüm: deyəsən, qadınların bir az açıq-saçıq geyimi onun xoşuna gəlməmişdi. Mən bibim qızının bir balaca qəliz xasiyyətli olduğunu bilirdim və üzündəki bu tanış ifadəyə yalnız gülümsəyərək heç nə demədən qadınların gəlib keçməsini gözlədim. Qadınlar bizə lap yaxınlaşdılar və ədəblə “Salaməleyküm!” dedilər. Elə bil günəşin üstünü örtmüş qara buludlar bir andaca dağıldı – bibim qızının çöhrəsinə təbəssüm yayıldı və o, qadınların salamına ürəkdən və səmimiyyətlə “Əleyküməsalam!” deyə cavab verdi. Qadınlar ötüb keçdikdən sonra biz yarıda qalmış söhbətimizə davam etdik.
Mən söhbət edə-edə həm də düşünürdüm. Düşünürdüm ki, gör ürəkdən söylənmiş bircə kəlmə “salam” sözünün insanın narazı ovqatını bir anda müsbətə kökləyə bilən necə böyük təsir gücü varmış. Bəlkə də, qadınlar yanımızdan heç bir söz söyləmədən elə-belə ötsəydilər, bibim qızı onların qarasınca deyinəcək, geyimlərini tənqid atəşinə tutacaqdı. Amma tək bircə kəlmə “salam” kəlməsi ikimizi də xoşagəlməz, cılız, faydasız qeybət mövzusundan xilas etmişdi…
Şükür olsun Allahın salamına və salama bənzər hər xoş kəlməsinə!..
Şükür olsun Allahın bizə bəxş etdiyi bənzərsiz nemət olan SÖZə!..