- Köşə

İmarət CƏLİLQIZI. Nəhəng sərgi salonu

İnsanlar doğulduqları andan son günlərinədək düsüncələrinin şəklini çəkməklə məşğul olurlar. Həyatının hələ tam düşünə bilmədiyi ilk aylarında  insan ağlamaqla hələ düşüncələrinin deyil,  istəklərinin şəklini çəkir.  Böyudükcə vasitələr çoxalıb paylanır:

biri sözlə çəkir düşüncələrinin səklini,

digəri fırça ilə,

başqa birisi musiqi səsləri ilə,

xalçaya toxuyur,

daşa, qayaya cızır,

dəmirə döyür,

suya hopdurur,

torpağa əkir,

libaslara tikir,

bəzək əşyalarina düzür,

evlərə, qalalara, saraylara hörür,

cürbəcür cihazların içinə yığır düşündüklərini.

Amma öz düşüncələrini daha çox sözlə cəkir insan.

Çəkilmiş düşüncə səkilləri də fərqli olur: bəziləri çox aydın, bəziləri çox tutqun, bəziləri qarmaqarışıq, bəziləri tam təfsilat, bəziləri fraqment…

İnsanın onun üçün ayrılmış zaman kəsiyi boyunca həyatı elə hey öz  düşüncələrinin ( təmiz və ya xəbis düşüncələrinin) səklini çəkib cürbəcür  üsillarla göstərməkdən və digərlərinin çəkib sərgilədiyi düşüncə səkillərinə tamaşa etməkdən ibarətdir.

Fərqli vasitələrlə fasiləsiz davam edən düşüncə mübadiləsidir həyat. Hətta bu dünyadakı ömür möhləti bitdikdən sonra da davam edir bu. Amma necə? Yalnız təktərəflimi, yoxsa qarşılıqlımı?..  Dərrakənin gücü yalnız sualın özünü  düşünə biləcək qədərdir. Cavabını tapmaq üçün hansısa sərhədi aşmalısan. O sərhədin isə nə yeri məlumdur, nə də o biri tərəfi.