Bir gün dərs zamanı mətndə “təkzib” sözünə rast gəldik və mən uşaqlardan bu sözün mənasını xəbər aldım. Onlar sözü cümlədə işlədib mənasını izah etdilər: “Müdafiə Nazirliyi xəbəri təkzib etdi”, yəni düzgün olmadığını söylədi.
Mən xəbər aldım: “Təkzib sözünün mənasını bilirsinizmi bəs?” Bilən olmadı. Daha doğrusu, şagirdlərim əvvəlki illərdə öyrətdiyim qaydaya əsasən dilimizə ərəb dilindən keçmiş sözlərin kök samitlərini – k, z, b – tapsalar da, kökün özünü müəyyənləşdirə bilmədilər. Mən izah etdim ki, bu “kizb” sözüdür və “yalan” deməkdir. Onu da əlavə etdim ki, “Tükəzban” adı da bu kökdəndir və “yalan söyləyən”, daha doğrusu, “yalan hesab edən” deməkdir. Bunu söyləyəndə sinifdən bir təəccüb uğultusu keçdi. Uşaqları əməlli-başlı maraq bürüdü və soruşdular ki, bəs niyə qızlara bu adı qoyublar? Vaxt az olduğundan mən lap qısa şəkildə izah etdim.
Məsələnin nisbətən ətraflı izahı isə belədir:
Kökü kizb (yalan) olan tukəzziban sözünün Tükəzban qız adına çevrilməsi Quranın 55-ci surəsi olan Rəhman (əslində Ər-Rahmən) surəsi ilə bağlıdır. İslam dininin qaydalarına görə mollalar cənazə üstündə bu surəni oxuyurlar. 78 ayədən ibarət olan bu surənin 31 ayəsində “Fəbiəyyi alai rəbbikuma tukəzziban” ( belə isə Rəbbinizin nemətlərindən hansı birini təkzib və inkar edə bilərsiniz – yalan saya bilərsiniz?) cümləsi təkrar olunur. Mollanın ətrafında olan digər adamlar onunla birgə bu cümləni təkrarlayırlar. Ayənin içindəki zaman-zaman təkrarlanan tükəzziban sözü yaddaşlara hopur və sonra bu söz səslənməsinə görə Şəhrəbanu, Ümmülbanu, Xurşudbanu kimi adlara oxşaması səbəbindən və ərəb dilini bilməyən valideynlərin “təqsiri” ucbatından qız adına çevrilir. Necə deyərlər, banu – xanım, xatun sözünün xoş mənası tükəzziban sözünün heç də xoş olmayan mənasına təsir edib onu qız adına çevirir.