- Köşə

İmarət CƏLİLQIZI. Qaragözlər və göygözlər

Bir gün A. ilə B. bağçada oturub ara-sıra söhbət edərək dincəlirldiər. Bir azdan onlara C. D. Ə. K. və T. də qoşuldu. Hamısı başladı söhbət etməyə. B. söhbətə az qoşulur, daha çox dinləyirdi. Söhbət hamının az-çox yoldaşlıq etdiyi, A.-nın isə buradakılara nisbətən daha yaxın ünsiyyətdə oldugu N.-dən düsdü.

C üzünü A.-ya tutub dedi:

– Doğrusu, mənim bu N.-dən heç gözüm su içmir, yaman qəliz adama oxşayır.

A.çiyinlərini çəkib sakitcə dedi:

– Ola bilər.

D. söhbətə qoşuldu:

– Məncə, haqsız danışırsan, C., N. heç də qəliz birisi deyil, əksinə, çox yaxşı, ziyansız bir adamdır. Düz demirəmmi, A.?

A. yenə də çiyinlərini çəkib:

– Yəqin ki, düz deyirsən,- dedi.

Ə. də söhbətə qoşuldu:

-Düzunə qalsa, N. heç yoldaşlığa yarayası biri deyil, vallah. Yəqin, A. da sözümü haçansa təsdiqləyər, hə? – üzünü A.-ya tutub soruşdu,- elə deyil?

A əvvəlki tövrünü dəyişmədən cavab verdi:

– Nə deyim?..  Bəlkə də, elədir.

K da müzakirədən kənarda qalmaq istəməyib N. haqqında fikrini soylədi:

– Nə deyirsiz, deyin, mən N. haqqında yaxşı fikirdəyəm, ondan indiyə kimi xoşuma gəlməyən bir söz eşitməmişəm, bir hərəkət görməmişəm. Məncə, N. pis adam deyil, yox, ay A.?

A gülümsəyib dedi:

-Görunur, belədir ki, belə düşünürsən.

T isə N. haqqında fikrini qəti və konkret bəyan etdi:

– Siz özunuz bilərsiz, amma mənim bu N.-dən nəsə heç xosum gəlmir. Belə birtəhər adamdı ey!.. A. da gərək məndən inciməsin buna görə, etiraz eləyib dostunu müdafiə edə bilər, amma mən öz fikrimdə qalıram.

A əllərini yana açıb gülümsər halda dedi:

– Nəyə görə inciməliyəm ki? Qətiyyən incimirəm, heç bir etirazim da yoxdur.

Təkcə B. sohbətə qoşulmadı.

Gələnlər bir xeyli də ordan- burdan söhbət eyləyib getdilər. Bağçada yenə A. ilə B. qaldı. Elə ki hamı getdi, B. üzünü A.-ya tutub soruşdu:

– Bura bax, A., mənə bir söylə görüm, sən N. haqqında nə fikirldəsən?

A qətiyyətli bir tövrlə dedi:

– Çox yaxsi fikirdəyəm. Nolub ki? Niyə soruşursan, bəyəm sən bunu bilmirsən ki?

– Bilirəm. Elə bildiyimə görə də bayaq əməlli təəccübləndim.

-Nəyə təəccübləndin?

– Sənin münasibətinə.

-Necə ki?

-Sən N. haqqında elə hamının fikrini təsdiqlədin – yaxşı danışanın da, bəd danışanın da. Basa düşmədim sənin bu mövqeyini. Niyə yanlıs danışanın sözünə etiraz eləmədin ki?

-Kim idi ki yanlış danışan? Yanlış danışan bir adam yox idi ki. Kimə etiraz eləməliydim?

B təəccübləndi:

-Necə yəni yox idi?!.. Bəyəm hamı düzünü dedi bayaq? Eşitmədinmi T. necə kəskin danışdı? N. onun düşündüyü kimi xoşagəlməz birisi deyil axı.

A yüngülcə gülümsədi, gözlərini qıyıb bir neçə an düşündü. Sonra dedi:

-Gəl sənə bir əhvalat danışım. Bunu mənə vaxtilə keçmiş tələbə yoldaşım danışıb. Deyir, onların kəndində gözləri gömgöy – göy rəngin əcaib bir çalarında olan bir kişi varmış. Kim bu kişini ilk dəfə görürmüşsə, gözlərinin bu qəribə rəngi dərhal diqqətini cəlb edirmiş. Bir dəfə də kəndin kişiləri bazar qabağında oturub söhbət etdikləri vaxt oturanlardan biri bu göygöz kişidən soruşur:

-Dayı, deyirlər göygözlər qaragözlərdən iti görürlər, düzdür?

Kişi qaşqabağını töküb sual verənə əyri-əyri baxaraq sərt cavab verir:

– Mən hardan bilim?  Heç vaxt qara gözüm olmayıb.

A söhbətinə davam etdi:

-O vaxt bu əhvalatı eşidəndə kişinin bu cavabı mənə ləzzət eləmişdi.

B xəbər aldı:

-Başa düşmədim, bu əhvalatın bizim söhbətimizə nə aidiyyəti var?

A dedi:

Belə baxanda adi bir əhvalatdır, amma əslində xeyli dərin mənası var. Bax sən bir az əvvəl mənə irad tuturdun ki, niyə bayaqkı həmsöhbətlərin bəzi fikirlərinə etiraz eləmədim. Necə etiraz edə bilərəm?! Mənim, o göygöz kişi demişkən, heç vaxt onların gözləri kimi gözlərim olmayıb ki, rast gəldiyim hər şeyə onların gözü ilə də baxa bilim: mənim öz gözlərim var, onların da öz gözləri. Mən onlar kimi baxa bilmərəm, onların da hər biri mənim kimi. Mən onları mənim gördüyümü görməyə məcbur edə bilmərəm, onlar da məni. Hər kəs gördüyü hər şeyi öz ağlına, düşüncəsinə, zəkasına, dərrakəsinə uyğun dəyərləndirir. Bu dəyərləndirmənin nəticəsini digərləri qəbul etməyə bilər, amma heç kəsin haqqı da yoxdur ki, başqasının fikrinə müdaxilə edib onu öz maraqlarına uyğun məzmunda dəyişdirməyə cəhd eləsin.

Bayaq N. haqqında hərə bir fikir söylədi. Bu fikirlərin heç biri mənfi və ya müsbət məzmunundan asılı olmadan mənim N. haqqında fikrimə təsir edə bilməzbu fikir birdən-birə yaranmayıb ki, hər hansı bir kənar təsirlə birdən-birə də dəyişsin. Hər hansı bir insan, obyekt, situasiya haqqında gəldiyimiz nəticələr məhz öz gözlərimizlə gördüyümüz, öz qulağımızla eşitdiyimiz, öz fəhmimizlə duyduğumuz, öz dərrakəmizlə anladığımız hər şeyin qaynayıb-qarışmasından tədricən yaranır. Bu nəticələr bir-birindən ona görə fərqli olur ki, göz, qulaq, fəhm, dərrakə, necə deyərlər, hərədə bir cür işləyir. Ona görə də mən N. haqqında bayaq söylənmiş fikirlərin heç birini qarşı-qarşıya qoymadım, buna heç haqqım da yox idi. Bəlkə, mən yanlış düşünürəm, tutaq ki, T. doğru hardan bilim? Və ya kim sübut edə bilər ki, T. yanlış düşünür, K. doğru?

O göygöz kişi demişkən, bir adam dünyanı ya qaragöz kimi görür, ya da göygöz kimi. Həm qaragöz, həm göygöz kimi və ya gah qaragöz, gah göygöz kimi görmür ki, fərqləndirə bilsin, görək hansı daha iti görür.

A sözünü bitirib bayaqdan bir kəlmə danışmadan onu dinləyən B.-yə baxıb qımışdı, soruşdu:

– Hə, nədi? Göygöz kişi məsələsinin bizim bayaqkı söhbətimizə bir aidiyyəti var, yoxsa yox, səncə?

B heç nə demədi. Fikrə getmişdi.