…Çoxdur axan qanı, təri bu torpağa qarışanlar,
Daşıdığı ad özünə, özü ada yaraşanlar.
Qələm yazır, ad tükənmir, bir-birinə ha calanır,
Düşündükcə fikir, xəyal neçə yerə haçalanır.
O kəslərdən söz açıram, çoxlarına yaxşı tanış,
Qələm məni qınayır ki, durma, hələ yenə danış.
Qulağıma səslər gəlir həm yaxından, həm uzaqdan,
Incik-incik sözlər gəlir: “Axı bizdən yazmamısan!”
Dinləyirəm bu səsləri gözlərimi qapayaraq,
Ulu tarix çözələnir xəyalımda varaq-varaq.
Hər varaqda neçə ad var, neçə insan taleyi var,
Neçəsinin ruhu şaddır, neçəsinin gileyi var.
Adlarına uyğun ömür sürənlərin yoxdur sanı,
Hamısından söz deməyə arzu sonsuz, qüdrət hanı?!.
Dünya böyük, yer üzündə neçə xalq var, neçə insan,
Istəyirsən yaxşılardan söhbət açıb, söz yazasan.
Hər bir xalqın tarix boyu sevinci də, dərdi də var,
Satqını da, dönməzi də, namərdi də, mərdi də var.
Onlarda da gözəllərin işvəsi var, qəmzəsi var,
Həm qəhrəman Koroğlusu, həm də keçəl Həmzəsi var…
Yaxşıları düşündükcə ürəyimə qürur dolur,
Bu dünyanın yaxşıları mənə munis, məhrəm olur. –
Səbr eyləyib gözləyəndə atlaz olur tut yarpağı,
Hər səbr edib dözdüyümüz tut yarpağı deyil axı!
Sabir olub səbr eylədi, ya səbr edib Sabir oldu?
Onda ordu gücü vardı, heyif ki, çox erkən soldu.
Mirzə, Əli, Əkbər, Sabir–hər birinin öz sanbalı,
Bu ad ilə bəlli olan adından da uca, ali.
Ömür boyu öz xalqının dərd-sərindən yazan şair,
Dövranının neçə ağır sınağına dözən şair.
Zəkasını, vücudunu el yolunda qoyan insan,
Uca, qoca bir dağ kimi dünya varkən duracaqsan!..