Kim isə, nə isə
hər gecə
oğurlayıb aparır
yuxumu
xəlvətcə.
Gizlədirəm
yastığımın altında,
yenə tapır,
Döşəyimin
lap alt qatında,
yenə tapır.
Gözlərimin içində olur
səhərdən gün batanacan,
Kirpiyimin ucunda olur
gecə gəlib yatanacan.
Elə ki yatmaq istəyirəm,
yuxum çıxır yoxa,
Qalıram yuxusuz gözlərimlə
baxa-baxa.
O nədirsə, yuxumu
hər gecə qaçırır,
heç xəbərim də olmur ki,
necə qaçırır.
Bir də qaytarıb gətirir
səhərə yaxın,
Sərsəri yatıb oyanıram
yorğun-arğın.
Yuxuma haram qatır
bu oğru hər gecə,
yuxumu aparıb
mənim yuxum ilə
özümü yatır
bu oğru hər gecə?
Axı mən də istəyirəm
yatım doyunca,
Dan yeri ağaranda yox,
elə başımı
yastığa qoyunca…
Daha ayrı çarə
yoxdur, doğrusu,
İş ki belə olub,
deyəsən, mən də olacağam
yuxu oğrusu.