- Mədəniyyət

İnanc turizmi üzrə onlayn görüş keçirilib

Oktyabrın 19-20-də Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və COMCEC-in dəstəyi ilə “Mövlananın Səyahət Marşrutunu Yeniləmək” layihəsi üzrə virtual görüş keçirilib.

Azərbaycan, Türkiyə və İrandan olan nümayəndələrin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Məhsul İnkişafı sektorunun rəhbəri Şərifə Həsənova və Gəncə Destinasiya Təşkilatının direktoru Zaur Bayramov Şamaxıda və qərb regionunda olan dini inanc turizmi resusları, onların sufizmlə bağlılıqları və onların turizm potensialı üzrə gələcək planlarla bağlı məlumat veriblər.

Görüşdə iştirak edən tarixçi və ekspert Mahmud Mahmudzadə Mövlanadan öncəki və sonrakı dini irs, bu mövzuda əsərlər yazan şair, yazıçı və filosoflar haqqında danışıb.

Görüş çərçivəsində layihə koordinatoru Leyla Şışık tərəfindən layihənin ümumi baxışı, məqsəd və əhatə dairəsi haqqında məlumat verilib, Selçuk universitetinin fəxri professoru Abdullah Öztürk tərəfindən “Mövlana izi və Mövlana fəlsəfəsinin araşdırılması” mövzusunda təqdimat iştirakçıların diqqətinə çatdırılıb.

Ümumilikdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri arasında çoxtəyinatlı turizm dəhlizlərinin inkişafı və turizm hərəkətliliyinin artırılması, dini inanc turizmi, ölkələrarası dini koridorun nə qədər müvəffəqiyyətli bir şəkildə təyin edilə biləcəyi, tanıdılacağı və turizm məhsuluna çevrilə biləcəyi mövzusunda məlumatlar müzakirə olunub.