- Mədəniyyət

İncəsənət Muzeyində uşaqlar üçün bayram keçiriləcək

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün unudulmaz tədbir təşkil olunacaq. Muzey zəngin maarifləndirici-əyləncə proqramı təqdim edəcək.

Milli İncəsənət Muzeyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində gün ərzində aşağıdakı tədbirlər keçiriləcək:

10:00

Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri ilə birgə plener təşkil olunacaq. Tədbir muzeyin bağçasında keçiriləcək.

12:00

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” proqramı çərçivəsində azyaşlı qonaqlara mühazirələr, tematik ekskursiyalar və ustad dərsləri kimi maarifləndirici və yaradıcılıq tədbirləri təqdim olunacaq.

14:30

Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının təşəbbüsü ilə “Uşaqların nağıl dünyası” adlı əyləncəli və musiqili proqram keçiriləcək.

16:00

“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sabahın rəngləri” klassik musiqi proqramı təqdim olunacaq. Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

17:00

“Muzeydə kino” layihəsi çərçivəsində “Onun ürəyi” filmi nümayiş olunacaq. Bu musiqili nağıl filmi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub, maraqlı və dərin əsərdir.

Azərbaycan Milli İncəsənət Muzeyi bütün uşaqları iyunun 1-də bayram əhvali-ruhiyyəsinə qoşulmağa dəvət edir. Tədbirlər ödənişsizdir.