- Mədəniyyət

İndoneziyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar poçt markası buraxılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü çərçivəsində səfirliyimizin təşəbbüsü ilə İndoneziya Dövlət Poçt Şirkəti (İDPŞ) tərəfindən poçt markası nəşr edilib.

Poçt markasının üzərində İndoneziya dilində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 ili” yazılıb, Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin, Dövlət bayrağının və gerbimizin görüntüləri yer alıb.

Bu münasibətlə İDPŞ-nin baş direktoru Faizal R.Djoemadin və səfir Cəlal Mirzəyevin görüşü keçirilib. Görüşdə ikitərəfli əlaqələrin poçt sektorunda da inkişafına dair fikir mübadiləsi aparılmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə hazırlanmış markanın ilk nüsxəsi səfirə təqdim edilib.

F.R.Djoemadin keçən ilin sentyabrından İDPŞ-ə baş direktor təyin edildiyini, Azərbaycan üçün əhəmiyyətli olan 18 oktyabr tarixi ilə bağlı rəhbərlik etdiyi şirkətin çap etdiyi poçt markasını səfirə şəxsən təqdim etmək istədiyini bildirib.

C.Mirzəyev, öz növbəsində, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunması, habelə 44 günlük II Qarabağ müharibəsi və işğaldan azad edilmiş torpaqlarımızda aparılan quruculuq işləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın haqlı mübarizəsi zamanı İndoneziyanın dəstəyinə görə minnətdarlığını bildirib.

Görüşün sonunda, eyni zamanda, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı azad edilən Şuşa şəhərinin simvollarını əks etdirən markanın bir nüsxəsi də C.Mirzəyevə təqdim edilib. Nümunədə “Şuşa – evimizə qayıdırıq” yazısı ilə yanaşı, Şuşanın müxtəlif fəsillərə aid şəkilləri yer alıb.

C.Mirzəyev Şuşa şəhərinin dövlətimizin başçısı tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini və buranın azad olunması zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun şücaətinə diqqət çəkərək, bütün Azərbaycan xalqı üçün Şuşanın – Qarabağın – xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan üçün xüsusi əhəmiyyətli olan bu dəyərli təbrik – hədiyyə üçün F.R.Djoemadinə dərin təşəkkürünü bildirib.

F.R.Djoemadin torpaqlarının azad olunmasının bir ölkə və onun xalqı üçün nə dərəcədə əhəmiyyətli olduğunu anladığını və məhz buna görə bu hədiyyəni səfirə təqdim etdiyi üçün məmnunluğunu qeyd edib.

İndoneziya Dövlət Poçt Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ildönümü münasibətilə çap olunmuş marka oktyabr ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılacaq.

İDPŞ tərəfindən səfirliyə verilən məlumata görə, poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb. (azertag)