İngiltərə Premyer Liqasının XXI turunda favoritlər xal itiriblər.
“Report” xəbər verir ki, yanvarın 14-də “Brentford” “Mançester Siti”ni, “Çelsi” Bornmut”u, “Vest Hem” “Fulhem”i, “Nottinqem Forest” isə “Liverpul”u qəbul edib.
“Brentford” – “Mançester Siti” qarşılaşması ev sahiblərinin geridönüşü ilə yadda qalıb. “Şəhərlilər”in 66 və 78-ci dəqiqələrdə Fil Foden sayəsində vurduğu qollara “arılar” konqolu Yoan Vissanın 82-ci və danimarkalı kapitan Kristian Nörqorun 2-ci uzatma dəqiqəsində vurduğu dəqiq zərbələrlə cavab verib – 2:2.
“Çelsi” – “Bornmut” matçında da eyni hesab qeydə alınıb. 13-cü dəqiqədə Kol Palmerin erkən qolu il’ hesabda irəli çıxan “zadəganlar” üstünlüklərini qoruya bilməyiblər. Belə ki, 50-ci dəqiqədə Castin Klyuvert penaltini dəqiq yerinə yetirib. 18 dəqiqə sonra “albalılar”ın qanalı hücumçusu Antuan Semenyo qonaqların növbəti qoluna imza atıb. Bununla belə, London təmsilçisinin kapitanı Ris Ceyms 5-ci uzatma dəqiqəsində “status-kvo”nu bərpa edərək oyunda son nöqtəni qoyub – 2:2.
“Vest Hem”in Londonda eyni şəhəri təmsil edən “Fulhem”i qonaq etdiyi matçda beş qol qeydə alınıb. “Çəkicdöyənlər”in Karlos Soler (31), Tomaş Souçek (33) və Lukas Paketa (67) sayəsində vurduğu qollarına “Fulhem” nigeriyalı Aleks İvobinin dublu ilə qarşılıq verib – 3:2.
Turun mərkəzi qarşılaşmalarından biri isə Nottinqemşirdə keçirilib. Mövsümün gözlənilməz favoriti “Nottinqem Forest” “Enfild”də yendiyi “Liverpul”la üzləşib. “Meşəçilər”in “qırmızılar”ın qapısına yol tapması çox çəkməyib. 8-ci dəqiqədə Kris Vud qapıçı Alisson Bekeri məyus edib. Qoldan sonra təzyiqi artıran Arne Slotun yetirmələri istəklərinə 66-cı dəqiqədə nail olublar. Meydana yeni çıxmış Dioqu Jota və Konstantinos Tsimikas ilk toxunuşdaca müvafiq olaraq qol və assistə imza atıblar. “Qırmızılar”ın çoxsaylı hücumları baxmayaraq, oyunda başqa qol vurulmayıb – 1:1.
Qeyd edək ki, XXI turun birinci gününün nəticələrinə görə “Liverpul” 47 xalla liderdir. Mersisayd təmsilçisinin ehtiyatında bir oyun da var. “Meşəçilər” (41 xal) isə qazanılmış bir xalla yanvarın 15-də “Tottenhem”i sınağa çəkəcək “Arsenal”ı qabaqlayaraq ikinci pilləyə yüksəlib. “Çelsi” 37 xalla dördüncü pillədəki yerini bərkidib. “Mançester Siti” də 35 xalla 6-cı pillədə qalıb. “Fulhem” 30 xalla 9-cu, “Vest Hem” 26 xalla 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, yanvarın 13-də çempionatın XV turundan təxirə salınmış “Everton” – “Liverpul” oyunu fevralın 12-də keçiriləcəyi açıqlanmışdı.