- Köşə, Xəbərlər

İnsan var yağış kimi…

Könül BÜNYADZADƏ

Su dörd ünsürdən biridir. Hər varlıq üçün həyat qədər əhəmiyyətlidir. Cansız hesab etdiyimiz minerallar, möhtəşəm planetimiz və bunların arasında olan hər şey üçün. Maraqlıdır, hər nə qədər insanın yaranışında su olsa da, su onun məkanı deyil. Suyun öz sakinləri var. Su öz sakinlərinə həyatı bir cür verir: içindən, “ürəyindən”. Ondan kənardakılara isə bir ayrı cür verir: zahiri ilə. İnsanın da varlığında su var, deməli, suyun bəzi keyfiyyətlərini özündə daşıyır. Mən də sudan danışmaq istəyirəm.

İnsan var ki, bir stəkan, hətta bir qaşıq su qədərdir. O, mütləq nəyə isə əlavə olunmalıdır, hansı isə əhəmiyyətli bir prosesin kiçik bir detalıdır. İlk baxışda vacib görünə bilər. Susuzluqdan yanan biri üçün bir damla suyun da qiyməti böyük olduğu kimi. Amma əslində o, heç nə həll etmir, o sadəcə bir əlavədir. Böyük bir tikinti şirkətində bir fəhlə, orduda bir əsgər kimi.

İnsan var ki, gölməçədir, müxtəlif yollarla – yağan yağışdan, hansısa arxdan sızan suyun toplantısı. Ətrafında müəyyən dəyişikliklərə səbəb ola biləcək qədər yeri var. Bu gölməçədə yeni canlılar yaranır, yeni bitkilər bitir… Maraqlıdır ki, belə yerlərdə ney hazırlanan qamış da bitə bilər, ətrafa üfunət də yayıla bilər. Burada yaşıl baş ördəklər də yuva qura bilər, çömçəquyruqlar da. Əsas olan burda suyun durğun, çöküntünün çox olmasıdır və … ov üçün çox əlverişli yer olmasıdır.

İnsan var ki, göldür. Hansı çaydan, hətta çaylardan, yeraltı sulardan bollu su alıb öz mühitini yaradan göl. Daha zəngin florası və faunası, ekzotik görkəmi olan göllər çox vaxt axar sularla qidalandığından suyu çox vaxt şirin olur və bu səbəbdən ətraf yerlər üçün içməyə, suvarmaya yarayır. Belə üstünlüklərinə görə gölləri olduqları məkanın incisi, gözəli də adlandırırlar. Amma bu göllər həmin çaylardan asılıdır, güclü istilərdə suvarma üçün kanalların sayı çoxalanda quruya bilir və mütləq əlavə bir kənar müdaxilə lazım gəlir ki, öz gözəlliyini, zənginliyini saxlasın.

Hə, bir də süni göllər, su anbarları, kanallara bənzər insanlar var ki, kimlərsə onları öz xeyirləri üçün yaradırlar. Bu yeni və süni “varlıqlar” onu yaradan kəslərə xeyir verməklə yanaşı, ətrafa mütləq zərər də vururlar. Kiminsə əkin yeri qalır suyun altında, hansısa arx, çay qurudulur, məcburən ona yönəldilir, hansısa bitkilər, canlılar yeni mühitə alışa bilməyib məhv olur, əvəzində başqaları yaranır və münasibətlərdə ziddiyyətlər törəyir. Amma bu “ərköyün suları” verdikləri xeyirlərinə,  və “ərköyün” olduqlarına görə qəbul etmək məcburiyyətindəyik.

İnsan var yağış kimi – birdən birə göydən yağıb can verir.
İnsan var ki, şəlalədir. Gözəldir, səsi-küyü uzaqlardan eşidilir… amma varlığı elə bu qayadan tökülməyində, səs-küyündədir. Ondan başqa bir şey gözləmək də gülüncdü.

İnsan var ki, buzdu, aysberqdi, içində damlaları dondurub saxlayır, hətta həyat da onun içində dondurulub, özü isə sularda üzür, qarşısına çıxana bədbəxtlik gətirir. Amma içindəki həyatın donunu açanda, bir möcüzə kimi, duzlu dəniz suyunun ən şirin tərəfini özündə saxladığı məlum olur. O, hardan hara duzlu suyun üzü ilə süzə-süzə gəlib əriyir və …susuzlara həyat verir.

İnsan var ki, çaydı. Azad, məkandan məkana gəzən, dolanan, gah coşan, gah sakitləşən, dağlardan üzü aşağı tələsə-tələsə özünü göllərə, dənizlərə yetirən və … könüllü şəkildə şirin, dadlı bir halda olsa da, duzlu, açı bir mühitlə qarışmağa razıdır. Çayların bəlli bir yatağı var, yalnız bir istiqamətdə axır və axınına qarşı kimi isə “qəbul etmirlər”. Amma maraqlıdır, çaylar həm də dənizlərdə, dənizlərdə öz gələcəyini tapa bilməyən balıqlar üçün sığınacaqdılar.

İnsan var ki, dənizdir. Okeanları bir-birilə əlaqələndirən, ölkələrin sərhədlərini çızan, çayların qovuşduğu məkan. Böyükdü, zəngindir, dərindir, amma məhduddur. Əlbəttə, bunu yalnız okeanla müqayisədə demək olar. Deməli insan var ki, okeandı. Bütün yer kürəsinin iqlimini təyin edən və ən əsası, onun mövcudluğunun zəmanəti olan okean. Sonsuzluğun mücəssiməsi, həm möhtəşəmlik, həm vahimə aşılayan. Ümman canlıdı və ona həyat verən içindəki canlılar deyil. Onun özü nəfəs alır, nəfəs verir. Ümman nəyə isə sığınmır, sığmır, nədənsə, kimdənsə asılı deyil, çünki o, özü istinaddır, o, özü sığınacaqdı.

İnsan var ki, bulaqdı. Tər-təmiz, yerin düz bağrından süzülə-süzülə gələn, böyük çaylara həyat verən, dərinliklərdə okeanlarla, dənizlərlə vəhdətdə olan kiçik bulaqlar. Onların kiçikliyi imkan verir ki, onu görməsinlər, ondan xəbərsiz olsunlar. Amma maraqlıdır ki, nə dənizlər onları inkar etmir, nə gur çaylar. Onları inkar edən gölməçələr, kanallar, su anbarlarıdır. Kökündən bixəbərlər. Axı Allah da insanı yaradanda ona qatdığı suyu məhz bulaqdan – Kövsərdən götürüb, susuzluqdan yanan İsmayıl Peyğəmbərə, Məryəmə də bulaq bəxş edib, Musa Peyğəmbərin möcüzəsini təsbitləmək üçün də yerdən bulaq qaynadıb. Bulaq – möcüzədi, bulaq təbiətli insanlar da möcüzədir.