- Mədəniyyət

İordaniya mətbuatı azərbaycanlı incəsənət ustalarının konsertini günün mədəniyyət hadisəsi adlandırıb

Azərbaycan Dövlət Rəqs Ansamblının İordaniyanın qədim Ceraş şəhərində 35-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında konserti bu ölkənin mətbuat orqanlarının əsas mədəniyyət xəbəri olub. Kollektivin bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadənin başçılıq etdiyi ansambl “Qarabağ”, “Ağ çiçək”, “Qaytağı”, “Sarı gəlin” və s. rəqsləri təqdim edib.

AZƏRTAC xəbər verir ki, İordaniya mətbuatı Ceraş şəhərinin mərkəzi meydanında milli rəqslərimizi təqdim edən ansamblın ifasının festivalın ən gözəl incəsənət nümunəsi olduğunu yazıb. “Orobanews” nəşrində dərc edilmiş “Azərbaycan ansamblı Ceraş səmasına işıq saçdı” sərlövhəli məqalədə qeyd olunub ki, azərbaycanlı incəsənət ustaları mahir ifaları ilə iordaniyalıları və festivalda iştirak edən ərəb ölkələrinin təmsilçilərini heyran qoyublar. Tamaşaçılar ansamblın iştirakını təmin etdiyinə görə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov və festivalın təşkilat komitəsinin sədri Məzin Kəvara təşəkkür ediblər.

“Əl Ray” qəzetinin məqaləsində isə Azərbaycan Dövlət Rəqs Ansamblının konserti yüksək incəsənət nümunəsi və günün əsas mədəniyyət hadisəsi kimi təqdim edilib. Ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimovun bu nəşrə müsahibəsində qeyd olunan “Ceraş festivalı qədim sivilizasiyanın yaşadılması örnəyidir” sözlərini vurğulayan müəllif yazıb ki, azərbaycanlı diplomat iki dost ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənəcəyini, incəsənət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil ediləcəyini deyib.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert İordaniya və Azərbaycan xalqları arasında mədəni əlaqələrə daha bir töhfə olub.