Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılacaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyanın tanınmış rəssamlarının bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq.
Sərgidə Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəri yer alacaq. Sərgidə, həmçinin North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo şəhəri), meksikalı rəssam Pedro Sezar Peraltanın, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi rəssam Aida Mahmudovanın, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhmədin, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslının, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov və Təranə Əliyevanın, eləcə də Bilgəh qəsəbəsi 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdlərinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırladıqları bir-birindən fərqli sənət nümunələri yer alacaq.
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də baş tutacaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər.
Noyabrın 30-dək davam edəcək sərgiyə biletləri itiket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.