(Rəsul Rzanın şeirləri haqqında)
Rəsul Rza ədəbiyyatımızın və ictimai-siyasi düşüncəmizin ən çox müzakirə olunan və sanki oxucu divanında “məhkəməsi bitməmiş” şairlərindən, ədbiblərindəndir. Tale ən ağır, məşəqqətli zamanın yaradıcı insanı olmaq qədərini çoxları kimi Rəsul Rzaya da yazdı…
Repressiya illərində, bəraətvermə dövründə, nisbi sakitlik zamanı hesab edilən 1970-ci illərdə yazılmış şeirlərindəki ovqatı, enerjini, zamanın isti, soyuq küləklərinin hansı tərəfdən hansı tərəfə doğru əsməsini müəllifin daxili təbəddülatlarının ifadəsində axtarmaq istədik. 1920-ci illərin əvvəllərində şeirə, ədəbiyyata od, qığılcım kimi düşən və istedadı başına bəla olan ədiblər sırasında R.Rza da vardı. O R.Rza ki 40 il sonra (1964) “Soruş” adlı şeirində deyəcək:
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
Kül kimi sönmüş soyuqluqda Od taleyinin kədərli aqibəti nağıl edilir, “dil başa bəladır” aforizmindən doğan ikinci sual isə “Baş nə çəkdi, dildən soruş!”misrasında səslənir. Şeir səbəb-nəticə məntiqi üzərində qurulub və antiteza, əks, anti -mövqeli ifadələrin kontrastı dramatik situasiya yaradır. “Od –kül”, “coşğun bir nəğmə həsrəti –qırılmış tel”, “zil-bəm” və s. Od kimi doğulub kül kimi heçə dönən talelərin, işə həsrət əllərin, qırıq simin, zülmət fəlsəfəsini anladan korun, daşa ləpir salan sızıltılı ayaqların, el dərdindən dağlanan ürəklərin, bir göz qırpımında yoxa çıxan dostların həsrətindən inləyən qəlbin hekayəsi bir-birinə qarışır. Soruş! – nidası sanki heçliyə ünvanlanır. Küldən onun Od başlanğıcını soruşmaq ağrılı deyilmi?
Nəğmələrin həsrətini
bir qırılmış teldən soruş!
Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
gün nə çəkdi,
ildən soruş!
Zülmətliyin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını
zildən soruş!
Mən kölgəsiz bağ görmədim,
El dərdi tək dağ görmədim.
Gözlərimi yumub açdım,
Neçə dostu sağ görmədim.
Nələr çəkdi çaylaq daşı,
seldən soruş!
Burada müəllifin bir əsas narahatlığı da ifadəsini tapır: Şeirlərinin taleyi necə olacaq? –sualını zamana və oxucuya etibar edir.
Mən yolçuyam,
Mən yoldayam.
Od nə çəkdi,
küldən soruş!
Hansı şerim,
hansı sözüm
yaşayacaq məndən sonra?
Mən bilmirəm,
eldən soruş!
R.Rza poeziyasında yaddaşın, ötən günlərin, uşaqlığın və ümumiyyətlə, keçmişin beyində həkk olunmuş obrazı daima əzab verir. Bu əzab hissi çox zaman ən kiçik şeir parçasından tutmuş ən böyük poemalarında eyni cür əks-səda verir. Bu yaddaş kitabı bəzən “qara qutu” assosasiyası yaradır. Açmaq da əzabdır, bağlı saxlamaq da… Bəzən də etiraf və təəssüf, katarsisdən keçmə, vicdanın əzabından qurtulma cəhdləri… “Qızılgül olmayaydı” poemasında olduğu kimi… Yaddaş Domokl qılıncıtək başı üzərində dayanıb, hara getsə, harda olsa, yanındadır yaddaşı. Bilmir ki, yaddaşın yapışqan sədaqətindən necə can qurtarsın, ondan necə xilas olsun. Yaddaş səyahətlərində düşüncəsi işıq sürətilə kainatı dolaşa bilir və tez-tez kövrəlib sükuta qərq olur. Bu yaddaşda hər şey – uşaq vaxtının bir kəpənəyi, qonşu qızın oyuncağı da var, Stalin repressiyalarının kəsdirdiyi qanlı başlardan baxan sual dolu gözlər də…
Bir gün,
bir saat,
bir an
ayrıla bilsəydim yaddaşımdan
dincələrdim;
yaddaşımın ayrılığını bayram edərdim. (1966-cı il)
Şair bəzən həmin yaddaş səyahətlərində özü ilə qarşılaşıb çaşır və “Yazıq sənə, yazıq, Rəsul Rza” – xitabı ilə özünə də ağlayır. Sadə məişət həqiqətlərinin məntiqi qarşısında kainat elminin insanı necə aciz durumda buraxmasına təəssüflənir. Kvant, nisbilik nəzəriyyəsi, atomların bölünmə elmi, dünya siyasəti ilə bağlı suallara bir an içərisində bir dəftərlik cavab yazar, lakin böyüdükcə kamilləşdikcə dəyişən xasiyyət və xarakterinin sirlərini, korşalan hisslərinin, qəddarlaşan qəlbinin gizlinlərini anlaya bilmir. Bu acizliyi müqabilində “Yazıq sənə, yazıq, Rəsul Rza” – təəssüfünü dilə gətirir. Uşaqkən nəyə ağladığını yadına salır. Acanda, susayanda, yuxusuz olanda, bir yeri ağrıyanda, nəsə istəyəndə, anasının qucağı üçün darıxanda, qonşu qızın oyuncağını arzulayanda, külək bərk əsəndə, bacısı ilə küsülü qalanda, əlini qarğı kəsəndə, əl uzatdığı kəpənək uçub gedəndə dayanmadan ağlayan uşaq, sən demə, xoşbəxt imiş. Kədərə, yoxlara, olmazlara ağlaya bilmək hissi insanolma fəlsəsəfəsini qoruyub saxlayırmış və yalnız illər sonra bu hisslərlə yaşamanın xoşbəxtlik olduğunu dərk edən şair sonradan qarşılaşdığı absurd bir vəziyyətin faciəsini belə dilə gətirir:
Dünya yuxusuzdur.
Ağlaya bilmirəm.
Ölüm ömrü pusur.
Ağlaya bilmirəm.
Raketlər xaraba qusur.
Ağlaya bilmirəm.
Kirəc damarlarımı bərkitdi.
Dostlardan çoxu getdi.
Ağlaya bilmirəm.
Sancırlar, ağlaya bilmirəm.
Nə atam var, nə anam.
Ağlaya bilmirəm.
Yaşlı yekə insanam.
Ağlaya bilmirəm.
Və hakəza!
Yazıq sənə, yazıq
Rəsul Rza!
Reaktiv təyyarələr, planetlərarası raketlər texnologiyası ilə tanışdır, okeanlar üzərindən dünyanı səyahətə çıxa bilir. Yuxarıdan baxanda bağrı dəlik-dəlik, qazıq-qazıq olmuş Yer planetinə acıma, ağrıma duyğularının get-gedə itməsi “ağzı daima volokordin dadan” bu adamı təəssüfləndirir, amma ağlada bilmir. Gecələrin birində bu itirilmiş, ölmüş hisslərin, ağlaya bilməmək qəddarlığının hekayəsini anlatmağa çalışır və özü ilə söhbətdə yorğun adam intonasiyası ilə deyir :
Belə-belə işlər,
Rəsul Rza!
…
Gecə yarıdan keçib.
Neçə yazılı vərəq var
masanın üstündə.
Axşamdan bəri xəyalımla
könül-könül gəzmişəm,
neçə insan aləmini bu gün də.
Şeirin kulminasiya nöqtəsində kəskin tragik ifadələrin mesajı imidsizlik və acı həqiqət reallığı ilə oxucunu baş-başa buraxır. İtirilmiş, ölmüş hisslərin keçmişdə gömülməsi gələcəyə ümidsiz baxma təssəvvürü yaradır. Məntiq divara dirənib və düşüncə acizdir bu gedişatı yozmaqda… Son misralardakı sadalama texniki problem kimi deyil, fəlsəfi izah kimi dərk edilir. Qələmin mürəkkəbi bitir, elektrik lampası sönür, qaranlıq qara xəbər kimi şairin üstünə çökür:
Birdən söndü elektrik lampam.
Bu günün son,
sabahın ilk sətirlərini
bitirə bilmədim.
Qaranlıq qara xəbər kimi
çökdü üstümə…
…Əlimdə mürəkkəbi qurumuş qələm.
Dirsəklərimin altında
masamın sığallı üzü.
Lampamın telləri külə dönüb.
Lampa bitirdi ömrünü,
son saniyəsinə qədər yana-yana!
Biz necə bitirəcəyik ömrümüzü?
Ayaq basmadan ən yaxın bir ulduza?
Yazıq sənə, yazıq
Rəsul Rza! (1962)
R.Rza poeziyasının üslub özünəməxsusluğunda diqqəti çəkən bir məqam da situasiya, xarakter və yaddaş detallarını qarşılaşdıraraq, müqayisəli şəkildə təhlil edərək fikrini çatdırma medodologiyasıdır. Məsələn, elə həmin nisgilli yaddaşda ötən günlərin başqa bir fraqmenti də canlanaraq dilə gəlir. Əngin səma altında nəhəng bir gəmidə göy suları yara-yara səfərə çxan, ağ ilan köpüklü suların ahəngindən sərxoş kimi xumarlanan adam qəflətən dayandığı dörd tərəfi mavi dəniz sonsuzluğuna uşaqlıq xatirəsini gətirir. Və əsas ustalıq müqayisə detallarının, bəlkə də müqayisə olunmaz dərəcədə fərqliliyindədir. Ömrün uzaq sahilində, çox-çox axşamlar arxasında dağ kimi qalaq-qalaq yığılmış illərin “yaxasında qalan günləri” xatırlayır. Anası tiyanda paltar durulayır. Beş yaşlı uşaq kağızdan həmin tiyandakı mavi suya gəmi düzəldib atır və nəfəsi ilə gəmini hərəkətə gətirir. Kağız gəmi yırğalandıqca uşağın sevinci, fərəhi, arzuları aşıb daşır. O balaca tiyanda bir vedrəlik suyun içərisində yırğalanan gəmini indi okean gəmisinin göyərtəsində sükutla anır. Ucsuz-bucaqsız okeana üz tutan adam qara saçlı anasının mavi sularda paltar yuyan əllərini, kağız gəminin yelkən fotosunu və balaca oğlanın qulaqlarında cingildəyən səsini də kədərli qəlbində özü ilə aparır. R.Rzanın bütün yaradıcılığı boyu içində daşıdığı o balaca oğlan obrazı bizə dünya ədəbiyyatı məşhurlarının (U.Uitmen, V.Nezval, U.Folkner, E.Hemenquey və b.) əsərlərindəki uşaqları –müəlliflərin uşaqlıq obrazlarını xatırlatdı. İki insan üz-üzədir, amma kim kimin yanına gəlib? Beş yaşlı uşaq tüstülü ocaq başında, qolları çirməkli, paltar yuyan anasının yanındanmı ayrılıb nəhəng okeanlara üz tutub, yoxsa oken sularında nəhəng gəmi ilə üzən yaşlı adammı gömgöy su ilə dolu tiyanın yanına dönüb?
Mən də bu tiyanın yanındayam.
Kağız gəmi salıram
bu göy suya.
Sonra ovurdlarımı şişirdir
gücüm gəldikcə üfürürəm.
Gəmi gedir yırğalana-yırğalana.
Əllərimi vurub bir-birinə
bağırıram:
– Ana! Ana!
Gəmimə baxsana!
Gör necə gedir
yırğalana-yırğalana…
Ayrılıram xəyaldan.
Üfüqlərə çöküb axşam.
Okean gəmisində,
göyərtədə durmuşam.
İllər köçüb gedib.
Nə tüstüsü gözümü göynədən
ocaq var,
nə qara saçlı anam.
Yolum ucsuz-bucaqsız okeana.
O günlərdən ancaq
xatirimdə
balaca kağız gəmimin
ağ yelkəni qalıb;
bir də
geri dönməyən, çocuqluq illərinin
yumşaq tikəni qalıb.
Keçmişə, uşaqlığa, gəncliyə yaddaşla dönüş “Mənim küçəm” (1960-cı il) şeirində də özünü göstərir. Bu şeiri vaxtilə yaşadığı Hüsü Hacıyev küçəsinə ithaf edib. Küçə ilə köhnə tanışı kimi danışır, ona nə var, nə yox? – deyib hal-əhval tutur.
Salam, köhnə tanış!
Asfalt örtüyünə,
yanı qranit köbəli ağaclarına,
geniş səkilərinə salam!
Salxım-salxım süd lampalı
dirəklərinə salam!
Nə var, nə yox?
Danış!
Sonra özünü küçənin yadına salır, keçmiş görkəmini, kasıb geyimini, davranışlarını, hansı arzularla yaşamasını xatırladır.
Yay günləri
qara zənci qul kimi
yanımdan ayrılmayan kölgəmi
çəkib aparırdım
belədən belə.
Fit çala-çala,
oxuya-oxuya,
gülə-gülə.
Kənarları əyyaş dişləri kimi tökülmüş
səkilərində
sən tez-tez
yalın ayaqlarımdan
insan hərarətini duyurdun.
Duyurdun dərdimi, sevincimi…
Yenə kontrastlı qarşılaşma. Anlaşılmaz sükut və saysız suallar:
Hanı indi o görkəmin,
hanı o halın?
Yoxsa mən azmışam
yollarında xəyalın?
Hanı irili-xırdalı
tısbağa sürüsü kimi
sinənə düzülmüş
kələ-kötür daş-qənbər?
Hanı qış günündə belə
kölgəsi yol ortasına çatmayan
evlər?
Hanı dəngil-düngül tərə ağacların
Məcnun saçlı budaqları?
Hanı
cındırından cin ürkən
tiyanaltı uşaqların?
Sinən hamardır,
kölgədə suyu
qara ayna kimi parıldayan çaydır sanasan.
Hər iki yanın
daş evlərdir,
hərəsi bir saraydır sanasan.
Dik baxırsan papaq düşür,
yorularsan pəncərələrini sanasan.
İndi sən
Küçələr içində adlı-sanlı küçəsən.
Neçə qapı açmısan
neçə yeni köçə sən.
İndi ünvanına
yüzlərlə jurnal gəlir, qəzet gəlir
ölkənin hər yanından.
Minlərlə məktub gəlir
üstü çeşid-çeşid markalı.
Bəzən nişanı olur markalarda
Antarktidanın da, –
Sakit okeanın da…
Köhnə küçəyə qayıdış dramının mahiyyətində əslində gəncliyə dönüş həsrəti var. Dəyişdirilmiş, sökülüb yenidən tikilmiş küçədə, evlərin tinində, dalanlarda yoxa çıxmış gənclik xatirələrini dirçəldə bilmir, “Mən ömrümün neçə ilini saat-saat, gün-gün, ay-ay daşlarının üstündə qoyub getmişəm. Mənim köhnə dostum, əziz küçəm”- xatırlatması ilə küçənin yaddaşını oyatmaq istəyir. “Kitabi-Dədə Qorqud” dastanındakı yağmalanmış evini qarşısına çıxan hər kəsdən, hər canlıdan soruşan Qazan xanın suallarının intonasiyası qulağımızda əks-səda verir.
Xatirələr qarışır sevincimə
ürəyimə bir söz gəlib,
qoy soruşum, gəl incimə:
O başda bir ağac vardı
mən hər səhər
qulpusınıq fincanımla
ona su tökərdim.
O da hər yaz
dörd-beş yerdən yarpaqlardı.
Mən, deyəsən, gəncliyimi
o ağacın kölgəsində
qoyub getdim.
Söylə, küçəm, söylə,
Onu görmədin ki?
Gəl bu sirri mənə aç:
Hanı ağac?
Hanı ağac?
Küçə sükutu, yad qarşılanma onun ürəyini ağrıdır. İtirilmiş gəncliyinin son nişanələrini isə bu yeni küçənin tikililərinin daş-kəsəyi altında qoyub getmək istəmir, israrla o keçmişdən, o gənclikdən nəsə tapmalı olduğunu anlayır və:
Birdən baxdım, qabaqdan
bir oğlan, iki qız gəlir,
dodaqlarında
gəncliyimin təbəssümü…
Ardı var