- Ədəbiyyat, Manşet

İradə MUSAYEVA. Rəsul Rza poeziyasında YOXLUQ obrazı…

 

II məqalə

X.L.Borxes yapon şeirindən danışanda deyirdi ki, bu poeziyada  hər anın dəyərini anlamaq, anı saxlamaq cəhdi var, metafora isə sanki yoxdur.  Çünki yaponlar üçün, hər bir əşya və hadisə unikaldır, müqayisə etmək olmaz, amma, təzad yaratmaq istəyirsənsə – buyur! Sərbəst şeir təffəkkürü ilə yazan şairlərdə məhz ilk növbədə Borxesin də vurğuladığı təzad yaradaraq obyektə, hədəfə diqqət çəkmək ustalığı var.

R.Rzanın sərbəst şeirlərində ani hisslər, əşya, predmet, hadisə və məqama emosianal reaksiya analitik təfəkkür və məntiqə söykənərək inikas olunur. Bu an və məqamın təqdimi  çox zaman tərənnüm, riqqət və pafoslu ifadədən uzaq şəkildə əksini tapır. Və R.Rza bəlkə 1950-ci illər Azərbaycan şeirində ilk dəfə assosiativ poeziya nümunəsi yaradan, dünya ədəbiyyatında isə çoxdan mövcud olan “əşya və lövhələrin tale portreti” poetik qəlibini ədəbiyyatımıza gətirən usta şair olub. Təbii ki bu üslubun formalaşmasında onun dünyagörüşü, dünya ədəbiyyatına bələdlik təcrübəsi və sərbəst şeir tərcümələri də əsas rol oynayıb.

Onun şeirlərində yaddaşla yaşamaq əziyyəti çox  zaman talelərə köks ötürmək ağrısı ilə  müşayət olunur. “Tale” anlayışı  yalnız insanlara deyil, həm də əşya, təbiət lövhəsi, detallar və situasiya fraqmentlərinə də  aid edilir. Məsələn, bir uzaq kənd mağazasında minbir xırdavat dükanında bir küncə qalaqlanıb yığılmış kitabların taleyi  həmin mənzərədə təzadlı müqayisə metodu ilə diqqət mərkəzinə gətirilir.

Qəfəsədə yüzillik yubileyi ötmüş

çaxmaq daşı.

Kitablarda sevinc, həsrət, göz yaşı;

birində az, birində çox.

Nöyüt alırlar

çıraq yandırmağa.

Duz alırlar,

şit bişməsin xörək.

Sabun alanlar da var.

Kimi əl-üz sabunu soruşur, kimi paltar.

Növbə gözləyir kitablar:

çəlləyin dalında,

duz tayının dalında.

Yerləri dar, qaranlıq.

Biganəlik kölgəsində qalan bilik, işıq, sənət üçün narahat olan şair müqayisədə ən adi, ucuz məişət vasitələrini (duz, nöyüt və s.) təzad obyektinə çevirir. Öz kitabı da o “lazımsız bağlamada” yer alıb, lakin o Füzuli üçün kədərlənir, “Mən cəhənnəm, heç olmasa, çıxarın o rütubətdən, qaranlıqdan Füzulini!”- deyir:

Mən də varam orda, sən də.

Lənətə gəlsin belə satış üsulunu!

Mən cəhənnəm,

heç olmasa,

çıxarın o rütubətdən, qaranlıqdan

Füzulini! (1964)

Ritm,  intonasiya, alletarasiya və assonanslardan istifadə etməklə poetik sistem yaratmaq, Azərbaycan dilinin poetik imkanlarını mətnin forma estekikasını zədələmədən təcəssüm etdirmək və həm də  oxucuya yeni məna, məzmun, ideya mesajları ötürmək çətin məsələdir.  Daha çox təzad, qarşılaşdırma vasitəsilə məğzi qabartma üsulu isə çox zaman köməyə gəlir.  Quzunu qurd yeyir. Çoban, qurd və quzu üçbucağında ən çox canı yanan, təbii ki quzudur (“Bilirəm, yaman ağrıdı canın canavarın dişləri keçəndə ətinə”), lakin müəllif çobanın quzu itkisindəki ah-vayını ironik şəkildə daha böyük “faciə” kimi qələmə verir, quzuya müraciətlə deyir:

Bilsəydin,

ağrına ağrı deməzdin.

Bilsəydi, bəlkə canavar da

heç səni yeməzdi. (1962)

R.Rza sərbəst şeiri sadəcə yeni bir poetik forma kimi sübut etmədi, həm də bu şeir texnikasından istifadə edərək yeni obrazlı düşüncə  nümunələrini təqdim etdi. Yeni dillə şeir yazmaq, yeni ifadə tərzi, yeni sözlər, yeni təxəyyül modeli yaratmaq ustalığı göstərdi.

Gözlərimi qapadım.

Söndürdüm son ulduzu…

…..

Gözlərimi açdım.

Pəncərədə yandırdım günəşi…

Bu poeziyada  öyrəşdiyimiz məcazlar sistemi qəlibinin də dağıdıldığını görürük.  Bədii təyinlər, təşbeh, metafora standartlarından əsər-əlamət yoxdur. Hicran, vüsal, sevgi, həsrət, darıxmaq, tənhalaşmaq, ümidsizləşmək hallarının tam yeni və fərqli obrazlılığı düşündürücüdür. Sükutun içərisində sıxılan, səsi eşidilməyən, özü görünməyən adamın gərginliyini heç bu cür təsəvvür etmişdikmi?

Otağım doludur sükutla.

Otağım doludur sükutla.

Sükut içində mən,

qalınqabıq meyvə içində qalmış

tum kimi.

Nə qapı döyülür,

nə telefon zəngi var.

R.Rzanın anasının adı Məryəm olub. “İki Məryəmin oğlu” adlanan bu şeirdə müəllif çarmıxa çəkilmiş İsa peygəmbərlə özünü yox, kədərini müqayisə edir. Üz-üzə dayandığı adam isə daş güzgüdən ona baxan özüdür…  Məryəm oğlu İsaya aid ştrixlər (qanlı çarmıx, tikanlı çələng) də təsadüfi işlənmir. Əzab həmin əzabdır, sadəcə qanlı çarmıx görünmür… Yenə də təzad:

Divarda daş ayna.

Ordan baxır mənə

Məryəm oğlu,

Gözləri dolu.

Ancaq,

nə arxasında qanlı çarmıx,

nə başında tikanlı çələngi var. (1960)

1936-cı ildə yazdığı, anasına ithaf etdiyi  “Qanadlar” şeirində deyirdi ki, “Bəzən gözəl mələklər qanadlı at olurlar”…

Uşaqlıqdan uzaqlaşdıqca həqiqəti dərk edir, onun acısını dadırsan, uşaqlıq şirin yuxu kimi tərk edir səni. Artıq qanadlanmaq arzusu da əlçatmaz olur. Dünya dərk olunduqca uşaqlıqda uçmaq, xoşbəxt və azad olmaq üçün çiyinlərinə taxdığın arzu qanadları  get-gedə balacalaşır, kiçildikcə kiçilir…  Və ən böyük kədər o olur ki, bir gün o qanadların yox olması həqiqətini dərk edirsən və yaşamaq əzaba çevrilir.

Qanadlanmaq arzusu

içimdə bir ac qurddu.

Məni gizli gəmirdi,

yavaş-yavaş qurutdu.

Ömrüm vida etdikcə

uşaqlıq sahilinə,

Qanadlarım kiçildi,

Kiçildi ildən-ilə.

Yaşlı bir adamın qürrələndiyi dövr Gəncliyidir. Məhz həmin dövrdəki Özü ilə güclü hiss edir özünü…  Gəncliyini götürüb Ölümün üstünə Don Kixotsayağı hücuma da hazırdır:

Harda yaşayır ölüm?

Götürüm gəncliyimi,

axtarıb tapıb onu.

Öldürüm.

Bu poeziyada  sözlər hər şeirdə yeni çalar, yeni məzmun qazana bilir. Məsələn, “qanad” – ifadəsi başqa bir şeirdə tamam başqa bir assosasiya ilə poetikləşir.  Bayaqkı şeirdə ipək kimi kövrək uşaqlıq arzularını əks etdirən qanaddan əsər-əlamət qalmır. “Arzu” şeirində  Azərbaycan adlı məmləkət “dimdiyi göy sularda, qanadları göylərdə olan bir şahin” kimi obrazlaşır.

Xəritəyə baxdım.

Qanadlarını gərib,

dalğalı Xəzərə qonmaq istəyən,

nəhəng bir quş kimi görünür

Azərbaycan.

Bir şahindir

dimdiyi göy sularda.

Qanadları göylərdə.

Bu əzəmətli şəkli

yarada biləydim,

bir yeni əsərdə;

ahəngi dəniz dalğalı.

adı “Poeziya qartalı”.

1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində  ənənəvi şeir tərəfdarları, xüsusən tənqidçilər, ədəbiyyat nəzəriyyəçilərinin əksəriyyəti  poeziyada yeni üslubi istiqaməti,  şairlərin həyata baxış tendensiyasındakı fərqlilikləri qəbul etmək istəmirdilər. Halbuki  əsrin əvvəllərində dünya poeziyasında yaranıb formalaşan xeyli sayda yeni estetik cərəyan və məktəb nümayəndələri örnək olmalı idi.  Qərb şeirində klassik qəlib, standart düşüncə və ifadəetmə modeli ilə yazmağa  etirazlar XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlamışdır.

İtalyan şairi, dramaturqu və romançısı, 1908-ci ildə Futurizmin manifestini yazmış F.T.Marinetti vətəni İtaliyanı ənənə və keçmişə sadiqlik adı altında “muzeyə, ya da qəbiristanlığa çevriənlərə” üzünü tutub deyirdi ki,  yüz minlərlə turist gəlib yalnız abidələri görür. Ancaq biz canlı bir ölkəyik, canlı bir xalqıq, ölkəmizdə yeni şəhərlər inkişaf edir, ölkəmizdə sənaye və fabriklər inkişaf edir, maşınlar işləyir, təyyarələr uçur – və bunlar sənətdə əks olunmalıdır, sənət sabahın, gələcəyin  ixtiyarına keçməlidir”.

Azərbaycanda da sənəti sabahın, gələcəyin ixtiyarına vermək iddiasında olan sənətkarlar var idi. Q.Qarayev, T.Nərimanbəyov, T.Salahov, R.Rza və başqaları… 1960-cı illərdə yeni intonasiyalı, yeni forma və məzmunlu poeziyanın təəssübeşkləri isə tənqidlərə məruz qalmalarına baxmayaraq Rəsul Rzanın şeirimizə gətirdiyi  novator mahiyyətli  ədəbi-estetik  tezisləri dəstəkləyirdi.

 

Yazıram şeirin neçə dilində.

Yazıram bəzən,

qorxuram deməyə də

Rəsul Rza stilində.

(V.Səmədoğlu)

Şairin zamana münasibəti və müxtəlif zamanların  bir  düşüncə, şüur axını prosesində izlənməsi süjetini çox şeirdə görmək olur. Lakin bütün yenilərin köhnəyə keçməsi, sabahların dünən olması cərəyanını, dövrünü, məqamını prinsipial bir arzu ilə istəmək cəhdi hər şairdə olmur: “Bir ömür də yaşayaydım bundan belə. Görəydim “indilər”, necə “dünən” olur. Kim sözünə sadiq qalır, kim yel əsdi –  dönən olur”.

Zaman, ömür, həyat damçı-damcı, səs-səs, söz-söz, gilə-gilə, kəlmə-kəlmə əriyib yox olur. Bunun fərqində olanlar üçün yaşamaq əzaba çevrilir. Ölümünlə çiyin-çiyinə addımlayırmış kimi hiss edirsən özünü.  Bu hiss və düşüncə səni rahat buraxmır, çünki ömür sayğacını yaxana sancmış kimi yaşamalı olursan. Hətta saat çıqqıltısı, qatar təkərlərinin taqqıltısı belə ömründən səhifələr qoparır və sən bütün bu yox olma, əriyib tökülmə prosesini ruhunla, bədəninlə açıqca hiss edirsən:

Qulaq asıram qatar təkərlərinin

yeknəsəq səsinə.

Arxada qalır taqqıltılar.

Sanki,

ömür damcı-damcı düşür

qayıtmazlığa.

Günlər gedir

çoxluqdan azlığa.

R.Rza şeirində kəlmələr, hətta mücərrəd isimlər maddi, real, konkret ifadə çaları qazanırdı. Məsələn, “yoxluq” anlayışının leksik məna izahında əllə tutulacaq, gözlə görüləcək konkretlik yoxdur. Lakin R.Rza onun obrazını maddi, real, insana məxsus əlamətlər, xarakterik cizgilərlə çəkir. Və oxucu təxəyyülündə “Yoxluq” adlı bir portret şəkillənir. “Yoxluqla tanışlığım” şeirindəki bütün tanış detallara, əşyalara salam verib hədəfə doğru addımlayan adamın qəflətən anlaşılmaz bir boşluğa düşməsi gözlənilməzliyi yenə yaddaş ağrısına çevrilir. Və şeirdəki hərəkətlilik, dinamika, hekayə təhkiyəsi oxucunu müəllifə yol yoldaşı edir. “İki dəfə sağa, bir dəfə sola burulub getdim”- deyən şairlə yol gedirik:

Yol tanış.

Döngələr tanış,

Tanış doqqazın,

əyri ağacları tanış.

Dam üstündə

tanış dəmir xoruz.

Tanış nar topası;

Budaqlarından neçəsi quru.

Dünəninə qonaq gedirsən, hər şey yerindədir, lakin səslədiyin ev yiyəsi, qapısını açacağın ev səsinə səs vermir. Sükuta qərq olmuş YOXLUQ səni ürpədir.  Məlum olur ki, YOXLUQ bu yerlərə hakim kəsilib, hər tanış nəsnənin üstünə belə kölgəsini salıb. Və ən pisi – dünənə, xatirələrə, doğma evə və evin sahibinə ünvanlanan bütün cığırların yolunu kəsib…

Çağırdım bir ağız.

Çağırdım iki ağız.

Əvvəlcə yavaşdan çağırdım,

sonra ucadan:

– Ay ev yiyəsi!

Ev susdu.

Qapılar susdu.

Neçə yerdən sökülmüş

batdaq divar susdu.

Qanrılıb bir də baxdım.

Her şey tanışdı.

Həyətə gedən,

üstünü ot basmış,

cığırdan başqa.

06.06.2021

Ardı var