İran İslam Respublikası ilə sərhəd yaxınlığında saxta sionist rejimin mövcudluğuna və onun təxribatçı hərəkətlərinə, bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik. İRNA xəbər verir ki, bunu şənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan bəyan edib.
“Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi… İsrail bu fürsətdən maksimum istifadə etməyə çalışdı və İran sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdlərdən sonra Azərbaycanın bir sıra bölgələrində yerləşdi”, – deyə iranlı nazir dövlət televiziyasında canlı yayımda bildirib. O əlavə edib ki, İran o vaxtdan sionist rejimin sərhədi yaxınlığında olmasından narahatlığını ifadə edir. “Biz bunu diplomatik kanallarımız vasitəsi ilə Azərbaycan hakimiyyətinə də bildirdik”, – deyə Əmir Abdollahian bildirib.
İranın xarici işlər naziri İranın enerji resurslarının Ermənistana və Qarabağa tədarükü ilə bağlı son vaxtlar yaşanan problemlərə işarə edərək, iki iranlı sürücünün Azərbaycanda həbs olunmasını qəbuledilməz adlandırıb.
“Biz Azərbaycandakı vəziyyəti başa düşürük və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Bunun gələcəkdə Bakı üçün problemə çevriləcəyindən narahatıq”, – deyə o vurğulayıb. “Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirməklə bölgədəki sionistlərə və terrorçulara bir siqnal göndərdik” deyən nazir əlavə edib ki, xarici oyunçuların Tehranla Bakı arasındakı uzun müddətdir davam edən münasibətlərə təsir etməsinə imkan vermək olmaz.
haqqin.az