İranın hərbi-polis qüvvələri 57 gün ərzində etiraz aksiyalarında 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib.
“Report” GünAzTV-yə istinadən xəbər verir ki, məlumatı İran İnsan Haqları Təşkilatı yayıb.
Bildirilib ki, aksiyalarda 15 092 nəfər tutulub. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir.
Məlumata əsasən, İranın 57 gün ərzində 138 şəhərində aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.
Vurğulanıb ki, Beynəlxalq Əfv Təşkilatı etnik bəluç etirazçıların öldürülməsi ilə bağlı bəyanat yayıb: “Dünya Sistan və Bəlucistanda daha çox etirazçının öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.
Beynəlxalq Əfv Təşkilatının bəyanatında bildirilib ki, İranın hərbi-polis qüvvələri noyabrın 4-də Sistan və Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin zorakı üsulla yatırılması nəticəsində ikisi uşaq olmaqla azı 18 etirazçını öldürüb, onlarla insanı yaralayıb. Açıqlamada bəlucların daha çox zülmə və repressiyalara məruz qaldıqları da vurğulanıb.
Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hakimiyyət qüvvələrinin əyalətin mərkəzi Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluclara atəş açıması nəticəsində 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.