(1-Cİ YAZI )
Xalq yazıçısı İsa Muğannanın nəsrində qloballıq və milli-tarixi erudisiyanın miqyası get-gedə inkişaf etdi. Çoxları elə düşünürdü ki, onun əsərləri mistik, fantastik, romantik təxəyyül sərhədsizliyindən yaranır. Hətta müəllifin özünün imtina etdiyi birinci dövr yaradıcılığı (1949-1984) ədəbi tənqid və oxucu auditoriyası üçün qəbul edilən, ikinci dövr yaradıcılığı isə “anlaşılmaz” kimi izah olundu. Halbuki birinci dövr, “İdeal” romanına qədərki yaradıcılığı da zamanında kəskin tənqidlərə, hücumlara məruz qalmışdı. Maraqlıdır ki, onun qəhrəmanlarını hələ 1950-ci illərin sonundan etibarən “yad planetdən gələn adam” – deyə tənqid edirdilər.
İ.Muğanna isə başqa dünya ilə və daha böyük tarix, daha böyük zaman və məkan haqqında düşünür, həmin Yer mühitinə sığmayan dünyanın romanlarını yazmağa hazırlaşırdı. Bu böyüklük və bəşərilik yalnız mövzu-məzmun, fikir-ideya fundamentallığı ilə deyil, həm də üslub, estetik baxış və nəsr sənətkarlığında yenilik istəyi ilə ölçülürdü.
Həqiqətən də yeni Azərbaycan nəsrinin konturları ilk növbədə İ.Muğannanın bədii təfəkküründə cızıldı. O, şablonlardan imtina edərək yeni təfəkkür, yeni baxış bucağı aramağa başladı. İ.Muğannanın yaradıcılığının ümumi xarakteristikasına toxunmadan onun “İdeal” romanına diqqəti cəlb etmək istərdik. Romanın 2005-ci ildə çap olunan son variantı müəllifin uzun illərdəki redaktələri əsasında hasilə gəlmişdir. Lakin ilk dəfə 1980-ci illər nəsrində gözlənilməz ədəbi hadisə kimi əks-səda verən əsərin inqilabi, intibahi tezisləri əsas verir, deyək ki, bu əsərdə bir müəllifin, bir xalqın ədəbi təfəkkürünün deyil, ümumiyyətlə, böyük miqyaslı ədəbiyyatın intonasiyasını dəyişə biləcək fərqli səs eşidildi.
Stalinizm nəzəriyyəsi ilə idarə olunan ölkədə müharibədən sonra da repressiya və çuğulçuluq bitmirdi. Sürgün həyatı insanları doğmalarından ayırır, yadlaşma faciəsi, aclıq baş alıb gedirdi. İnsanlar qorxu və səfillik içərisində ölürdü. Müəllif Cəbrayıl obrazını Stalinin prototipi kimi yaratmışdı.
İ.Muğanna İ.Stalinin var gücü ilə Azərbaycanı parçalamaq istəyini, Cənubi Azərbaycanın farsın, Şimali Azərbaycanın isə rusun əlində qalması siyasətini aydınca görürdü. Borçalı və Başkeçidin gürcülərin, İrəvan çökəyi, Zəngəzur, Göyçə, Dilican dərəsinin isə ermənilərin adına yazılması ideyası da İ.Stalin təşəbbüsünün məhsulu hesab edilirdi. “İdeal” romanının mətnində zaman, məkan, hərəkət dialektikası qeyri-adi miqyaslılığı ilə seçilir. Burada həm konkret zaman var, həm də tarixi bəlli olmayan mifoloji zaman. XX əsrin əvvəlləri, Cənubi Azərbaycan və Şimali Azərbaycanda baş verən ictimai-siyasi, sosial hadisələr, XX əsrin 40-cı, 50-ci illərində Stalin repressiyalarının davamı real faktlarla təsvir edilir. Bir də var mistik, qeyri-müəyyən zaman ilğımı. OdƏrlərin keçmişi. Süleyman, Nuh, İbrahim, İsa peyğəmbər tarixindən də qədim zamanın “dli” ilə nəql edilən “tarix”. Məkan məsələsi də romanda illüstirativ təsvirlər və həm də tam dəqiq coğrafi eskizlər (Qonaqlı, Tahirli, Qurbanlı kəndləri və s.) əsasında ifadəsini tapır.
Yazıçı romanında dil, tarix və ədəbiyyat kateqoriyalarının ortaq və yeni ifadə üslubunu yaradır. “İdeal” dili” – anlayışı ilə düşünmək, eşitmək zərurəti yaranır. Məsələn, bu parçada bədii təfəkkürün dil və tarix faktlarını öz məxrəcinə gətirib yeni roman dili yaratması ustalığını görürük. Bu cür misallar romanda saysız-hesabsızdır: “OdƏr dilində üç sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət İşığı deməkdi. Kainatda ilk və ən böyük planetin adıdı bu, həm də Kainatın sahibi, yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr Babamızın adıdı” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, s.64).
Bütün əsər boyu qorunacaq, hifz olunacaq bir sərvətin, xəzinənin, mirasın davası gedir. Az qala bütün dünya bu miras, sərvət üstündə mücadiləyə qalxır. Hətta sirr yuvası olan Vatikan da. OdƏrlərin kütləvi şəkildə məhv edilməsi siyasətinin sirri, səbəbi də “Süleyman padşahın xəzinəsi” – elmi ilə bağlıdır. Bağdayda Bağ nəslinin, OdƏr xalqının, Kainatın OdƏr bəşəriyyətinin sirr kimi saxlanılmasını istəyən böyük güclər onu məhv etmək niyyətindədir. “Süleyman padşahın xəzinəsi” adlanan külliyyatı Məhəmməd Əmirli və onun oğulları Şeyx Ağ Əmir, Şeyx Boz Əmir və başqa fədailər yazır. Qonaqlıda “Dam direktor” deyilən Ələsgər müəllim öz ikimərtəbəli evinin çardağında uşaqlara bu Xəzinədən dərs keçir. O xəzinə ki həm də “Vərəsə” adlanırdı, onun üstündə ilan yatdığını da deyirdilər. O “Vərəsə”nin qoruyucuları (Məhərrəm Məhərrəmov, Saşa Babayev, Qılınc Qurban, Lüt Cəfər, Təftiş Abbas, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı) daima əlbəyaxadadır. Və bu tayda o varidatın ən sadiq qoruyucusu, o yolda özünü göz görəsi şəhid kimi qurban verəni Mədəd Əmirli olur. Dostları, eləcə də qardaşı Sultan Əmirli təklif edəndə ki, “Bəlkə təhvil verək?” Mədəd deyib: “Vərəsə qardaşlarımızın zindanda kəsilən başlarıdı. Nəyi təhvil verək? Qardaşlarımızın başlarını, ya özümüzü?” Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, s. 536 s. s.192). Xəzinə elmimiz, tariximizdir. Lakin onun açılmasına, yayılmasına imkan vermirlər. Məsələn, Mir Cəfər Bağırov Nərimanovun “Lenin və Şərq” kitabını yığışdırıb gizlədir. İ.Stalinin əmri ilə saxta tarixçilər tutub yalançı tarix yazdırır. Haqqın sahibsizliyi ağrıdıcı fraqmentlərlə göstərilir. Yer planeti haqqa sahib çıxa bilmir, onu qorumağı bacarmır. SafAğdan az-çox başı çıxanların hamısının sağ gicgahına iti uclu çəkic çaxırlar. Mədədin bu barədə qətiyyətli fikri (“Vərəsə nəsilbənəsil “Muğ” yetirmək üçün deyilmi, dadaş?! Əsrlərnən qırıla-qırıla dağılışan Türk hələ də dünyanın ən böyük xalqı deyilmi?! Mən bilirəm, bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların umudu nədi, dadaş?! “Vərəsə”ni versən, Türk kar-kor qalıb tamam savadsızlaşmazmı?! OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.193) bizi roman boyu “vərəsə” haqqında ciddi düşünməyə vadar edir. Bu “vərəsə”nin sirrini həm də “İdeal” dili” lüğətinin sözləri vasitəsi ilə tapmaq olur. Təkcə fonetik baxımdan deyil, həm də leksik-semantik baxımdan maraq doğuran bu sözlərin lüğəti tərtib olunsa, xüsusi leksikoqrafiya araşdırması obyekti ola bilər. “Allah” – ƏlAğ, “OdƏr” – Həqiqət işığı, “BağHəmOd” – Məhəmməd, “EySar” – İsa – İis+us, “Kalaktika” – QalAğ, “ƏsƏlim” – Yaradan Əlim və s. bu kimi yüzlərlə yeni ifadələr işlədilir.
“Ümumiyyətlə, Odər dili ideyasının (və ya bu ideyanı formalaşdıran etimoloji materialın) linqivistik baxımdan nə dərəcədə əsaslı (elmi) olub-olmaması barədə mübahisə etmək mümkündür, lakin məsələ burasındadır ki, həmin ideya ədəbi-bədii fakt (obraz) kimi tamamilə mübahisəsiz, hətta o qədər mükəmməldir ki, ondan imtina olunsa (bir vaxtlar belə fikirlər də səslənirdi), yazıçının ədəbi-fəlsəfi mövqeyinə ciddi xələl gələr.
Bu yerdə və bu məsələ ilə bağlı olaraq böyük tənqidçi ədəbiyyatşünas Yaşar Qarayevin bir fikri yada düşür. O deyirdi ki, elm Darvinin şəxsində insanın meymun, ədəbiyyat, poeziya isə Nəsiminin şəxsində Allah mənşəyini kəşf etdi…” (Cəfərov N.
İsa Muğannanın həqiqəti, yaxud həqiqətin İsa Muğannası. “525-ci qəzet”, 2014, 01 sentyabr).
“İdeal” romanında müəllifin oxucuları qorxudan ultimatum xarakterli narahatlığı isə hələ də sual olaraq qalmaqdadır. İ.Hüseynov mistika, yuxu, qeybdən gələn səs əsasında tarix yazırdımı? Bu tarixin həqiqiliyinə inanmağa səbəb vardırmı? Axı müəllif bütün bunları ancaq bədii mətndə, roman məzmunu kontekstində deyil, romana yazdığı “ön söz”də və müsahibələrində, çıxışlarında da deyirdi: “Mən sözün əsl mənasında ürək ağrısı ilə, faciə içində bildirirəm ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları əsasında (“öz əlimizlə”) gah açıq, gah da gizlin məhv edilən “Muğ” – Bağ nəslinin təhrif adı (“Muğanna” – “Bizim Muğlar”) altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti – SafAğ Elmi hələ də təhrif “izm”lərin müqavimət səddi arxasındadır. Yeni Zaman – 2000-ci il ərəfəsində sədd dağılmalıdır, təhrif insan məhz SafAğ Elmi sayəsində maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə – əbədi həyat planetlərinə qovuşmalı, yəni “Yer” – EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət baş verəcək” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s.5) İ.Hüseynovun fikrincə, Odərlər sonradan sufiyə çevriliblər. Ərəblər Saf Ağ elmini təhrif edib.
Romanda qoyulan sual və problem əsərin əvvəlində təbii olaraq şübhə doğurur. On min illərin arxasından inanılmaz tarix faktları göstərmək istəyən müəllif nəyə istinad edəcək? Hansı elmi-tarixi mənbəni əsas göstərəcək? Təkcə yuxu, qeybdən gələn səs mülahizəsi inandırıcı ola bilərmi? Müəllif inamla bildirir ki, onun əsərlərinin yazılma səbəbi Ey Sarın işıq gəmisi ilə səmadan gələrək onun qulağına pıçıldadığı fikirlərlə bağlıdır. “Qurani-Kərim”də soruşulması qadağan edilən “ruh” haqqında qeybdən eşitdiklərini qələmə alır. Bildirir ki, insan ruhunun ölməzliyi və bədəni tərk edəndən sonra İşıq Gəmisi ilə paralel dünyalara gedib orada məskunlaşması əbədi həyat deməkdir.
Romanın sonuncu cümləsi qiyamət xəbəri assosasiyası doğursa da (“İşıq gəmilərinin “Yer”ə enməyinə lap az qalıb”), yazıçı insanın bu dünyadakı sonunu müjdə ilə qarşılayır. İşıq gəmiləri xilasedici funksiyasındadır.
“1985-ci ildə ün eşitdim. Onda mən “Yanar ürək” əsərini yeddinci dəfə işləyirdim. Dünyada İisus adı ilə tanınan Ey Sar (ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi) mənimlə danışmağa başladı. O, məni danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən elə hesab edirsən ki, Azərbaycanın faciəsi partiyanın siyasəti ilə bağlıdır. Amma səhv edirsən. O vaxt qonşularınız olan yunanlar, dil, təfəkkür baxımından vəhşi xalqları sizin dilinizi, göylərlə bağlı təfəkkürünüzü əlinizdən alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki, “Yanar ürək” əsəri üzərində işləməkdən əl çək, mən sənə müasir dövrə aid roman verəcəyəm. Hadisələr danışacağam və sən onun əsasında roman yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən “İdeal”ı yazmağa başladım. Bundan sonra mənim şüurum, təfəkkürüm, yaradıcılığım tamamilə dəyişdi. Dostlarımdan, yazıçı kollektivindən aralandım” (Muğanna İ. Düşmənlərim üçün darıxıram https://news.milli.az/culture/257340.html).
“İdeal” romanında “göylərlə bağlı təfəkkür” işarəti yeni suallar yaradır. Qədim və möhtəşəm dil, mədəniyyət qalıqlarının xarabalıqları üzərində dayanıb faciəmizin tarixini öyrənməyə çalışırıq. İ.Hüseynov bu romanı ilə bizim bir xalq kimi özümüzü özümüzə tanıtmağa cəhd edir. “Malenkaya respublika” – həqarətinə kitablarla, cildlərlə romanlar yazıb cavab verir. “Ölməz xalq – ölməz ruh” – teoremi üzərində yaddaşımızı təzələyir. Bu sufiyanə təfəkkürlə müəllif “Məşhər” romanını da yazır. Lakin onu da qeyd edir ki, sufilik SafAğ elminin mahiyyətini daşıyır. Ərəblər SafAğ elminin adını təhrif edib “Sufilik” kimi tarixdə yaşadıblar. Dünyanın, kainatın insanlarla Yer adlı məkandakı bağını müəyyənləşdirmək məqsədi əsas ideyaya çevrilir. “Biz tarixdə varıq və ya, tarix bizdən başlanır” – iddiası roman boyunca SafAğ elmi nəzəriyyəsinin tezisləri ilə düşüncəyə yeridilir. Özü də “Qabusnamə” əsərindəki “Ey oğul!” – nidası ilə. Romanda hər kəs Səmədə – Sim Oda (Azərbaycana) “Ey oğul, özünü, əslini, kökünü, dostunu, düşmənini tanı!” – mesajını tövsiyə kimi deyil, tale məsələsi kimi təlqin edir. Ölümlər çoxdur əsərdə. Boz Əmir, Ağ Əmir, Mədəd Əmirli. Sultan Əmirli, Heydər Nəcəfoğlu Hüseynov, Saşa Babayev və onlarla fədai. Eləcə də tarix, yaddaş kitabları məhv edilir, lakin ölmürlər. Səməndər quşu kimi küldən oda, oddan külə dönürlər, fəqət yox olmurlar, başqa qalaktikalarda, kiminsə şüurunda, mənəviyyatında, əxlaqında, dilində, dinində yaşayır, əbədi ölməzlik qazanırlar.
İ.Muğannanın “İdeal” əsərindəki “ölümsüzlük” fəlsəfəsi sadəcə mistik, intiutiv diktələrlə izah edilmir. Yazıçı elmi müddəalarını bədii dillə də olsa, açıqlamağa çalışır. O yazır ki, insan öləndə, bədəni tamam soyuyana qədər və bir az da bədəni soyuyandan sonra beynindən “ruh” – ƏrAğ (SafAğ İşıq) çıxır. İnsanın ölmüş bədənində diri və əbədi yaşamaq gücündə olan hüceyrələrlə dolu işıq var. Meyitin təxminən üç-dörd metrliyində, lap yaxında uzunsov şar şəklində toplanır, ağappaq olsa da, açıq havada qaraya çalır. Adi insan, yəni təhrif insan o şarı görmür. SafAğ Elmini mənimsəyən, beyni, gözləri SafAğ İşıqla zəngin olan insan isə o ölən adamın silueti olan şarı görür. Diri qalan “şüur” insanları görür, onlara münasibətini də ifadə edə bilir. Nifrət və ya rəğbətli yanaşmasını hiss etdirir. Ölən adamın bütün varlığının proqramı həmin şarda gizlənib. Daş-divarı dələ biləcək həmin “şar” ölümsüzlüyün və əbədiyyətin gücü kimi simvollaşır. Və həmin “şar” maneəsiz olaraq uçub, planetimizin atmosferindən sürətlə çıxıb gedə bilir.
Bütün əsər boyu ölümsüzlük istər insan, istər xalq, istərsə də dil və zaman üçün məqbul hesab edilir. İ.Muğanna inamla sübut etməyə çalışır ki, ölüm Yer planeti üçün qanundur, lakin kainatda yox olma, itmə, məhv edilmə mümkün deyil. Bədənin ölümü ilə həyat sonlana bilməz. İnsan öz zehni, şüuru ilə var olur. Şüur isə yaşamağa davam edir.
Maraqlıdır ki, müasir dünya elmində də ölümsüzlük və ölümdən sonrakı həyat haqqında maraqlı nəzəriyyələr və kəşflər yaranmaqdadır. Robert Lanza “Biomərkəzdən o tərəfə” adlı əsərində ölümdən sonrakı varolmanın səciyyəsini bu şəkildə izah edir. 2011-ci ildən insan geninin kök hüceyrəsi testinə başlayan Robert Lanza Kvant fizikasının nəzəriyyəsini əsas götürərək sübut etməyə çalışdı ki, ölüm əslində mövcud deyil. Bu – ölüm sadəcə insan beynində bir düşüncə modelidir. Zaman və məkan olmayan yerdə ölümdən söhbət gedə bilməz. O bu nəzəriyyəsi ilə əslində A.Eynşteyn tezislərini təsdiq etmiş oldu. R.Lanza ölümsüzlüyün zamana bağlı olmadığını iddia etdi. Yəni ölümsüzlük məntiqlə zamansızlıq deməkdir. R.Lanzanın qənaətinə görə ölüm və ya ölümsüzlük sırf insan beyni ilə bağlı məsələdir. Fiziki yoxolma hələ ölüm demək deyil.
Dini kitablarda, eləcə də Quranda ölümdən sonrakı həyatın mövcudluğu haqqında yazılır. İkinci həyat, ölüb, yenidən dirilmə və əbədi həyat məsələsi bəzən xurafat kimi qəbul edilib. Elm, xüsusən də materialistlərin təsəvvürü bu iddianı çox zaman ciddi qəbul etməyib. Lanza ölümü bir həyatdan başqasına keçid kimi qəbul edir. Göstərir ki, insan enerji kimi mövcuddursa, bu enerji şəklini dəyişirsə, bunu ölüm adlandırmaq olmaz. Dahi fizikin fikrincə, insan beynində aşkar olunan enerji mənbəyi bədənin ölümü ilə birlikdə yox olmur. Heç zaman ölməyən enerji qaynağı insanın mövcudluğunun, daimi, əbədi mövcudluğunun şərtidir. Bədənin ölümündən sonra da var olan bu beyin enerjisi əslində insanın ölməzliyi faktıdır. Bizim düşüncəmizdə sərhədlədiyimiz zaman içərisində hansısa insanın fiziki yoxluğu onun ölməsi, bitməsi demək deyil. Beyin enerjisinin köçməsi, hansısa planetə ötürülməsi həyatın davamı deməkdir. Robert Lanza “Biomərkəzdən o tərəfə” adlı əsərində ölümdən sonrakı həyatı elmi dəlillərlə izah etməyə çalışıb. Bədənin ölməsindən sonra şüurun, beyin enerjisinin başqa planetə köçməsi ölüm yox. Sadəcə bir keçiddir.
“Yeni nəzəriyyə sonsuz sayda dünyaların mövcudluğunu düşünür. Gələcəkdə baş verə biləcək hər şey mütləq onlardan birində baş verir və heç bir ssenaridə heç bir real ölüm yoxdur. Bütün kainat eyni vaxtda mövcuddur və hər birində nə baş verdiyindən asılı olmayaraq ölüm yoxdur. “Mən kiməm?” (Həyat mənbəyi) – sualının cavabı belədir: yaşama gücü beyində hərəkət edən 20 vatt enerji mənbəyidir və bu enerji ölməz. Elm aksiomlarından biri də enerjinin nə yaradılıb, nə də məhv edilə bilməsi məsələsi ilə bağlıdır. Biosentrizm isə deyir: ölənin şüuru paralel bir kainatda oyanır. Yeni nəzəriyyə daha çox alimlər, xüsusilə bioloqlar tərəfindən tanınır” (Lanüa R. – uçenıy, otkrıvşiy bessmertie ili Kto je mı na samom dele. https://terratunguska.livejournal.com/61314.html). Daha sonra yazıçı, yuxarıda da deyildiyi kimi, ölümün insan varlığının sonu kimi yox, sadəcə olaraq insanın fərqinə vara biləcəyi bir keçid olduğunu əsaslandırmaq üçün İ.Nəsimi ilə bağlı rəvayətlərə, salnamələrə üz tutur. Sübut etməyə çalışır ki, bu keçiddən sonra insan ruhu başqa bir qalaktikada məskunlaşır. Bizim gizlin elm mərkəzlərimizdən biri olan Hələb şəhərində baş verən möcüzəvi hadisəni xatırladır:
“İdeal”da İslam dinində, “Qurani-Kərim”də təsvir edilən əbədi məkan – cənnət və cəhənnəm kateqoriyalılığına, əzablardan keçib təmizləndikdən sonra işıqlı məkanda qərar tutma prosesinə işarə edilir. Məlum olur ki, biz təhrif olunmuş, yanlış dünyada yaşayırıq. Ruhlarımızın buraları tərk edib üz tutduğu başqa bir qalaktika var. O qalaktika bizdən xəbərsiz deyil. Aramızda bağ, ün, əlaqəsi var.
“İşgəncələrdən keçib əbədiyyət qazananlarımıza, yəni təhrif həyatı dərindən dərk edənlərimizə icazə verilir ki, “Yer”ə, öz vətənlərinə Ün göndərsinlər. Belələri, lazım gələndə, “İşıq gəmiləri” dediyimiz planetlərarası gəmilərdə “Yer”ə gəlib, gizlin guşələrdə gizlin yaşayırlar, Ey-Sarın tapşırığı ilə iş görürlər” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.64).
Kamil İnsan problemi İ.Muğanna nəsrinin daimi mövzusudur. Hər addımda haqqı tapdalayan cahil insanlarla mübarizəsini qələmi ilə icra edən yazıçı İ.Nəsimi sufizmini, öz yaratdığı “Allah” – ƏlAğ-SafAğ İnsan Əli olan OdƏr düşüncəsindən keçirir. SafAğ Elmini dəryaya bənzədir. Yalnız SafAğ Elmini öyrənənlərə məlumdur ki, “Firdovsi” niyə deyir: “Rüstəm Zal Simurğun yuvasında böyüyüb”. Naşı oxucu çiynini çəkir: “Bu nə əfsanədi belə?! Necə yəni Simurğun yuvasında böyüyüb?!” Rəmzlərə bələd oxucu isə əvvəlcədən bilir ki, “Simurğ” – SimƏrAğ gəmisinin yuvası Kainatdı!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s. 524).
Romanda hadisələrin zamanı və məkanı böyük miqyasda əhatə olunur. Şimali və Cənubi Azərbaycan tarixini parçalanmış bir ailənin – Əmirlilər soyunun timsalında göstərir. Səməd təkcə faciə qəhrəmanı deyil, gənc hesab edilən, əslində isə min illərlə yaşı olan bir məmləkətin – Azərbaycanın özüdür. Varisdir!
1904-cü ildən 1922-ci ilə qədər Cənubi Azərbaycanda Nərimanovun fəaliyyətini İ.Stalin alt-üst edib. Məlum olur ki, 1922-ci və 1930-cu illərin kütləvi tutquları olmasaydı, Cənubda Milli hökumət elə o zaman qurulardı. S.C.Pişəvəri “Zindan xatirələri” əsərində də təsdiqləyibmiş ki, 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrına qədər Milli hökumət yüz ilin işini görübmüş. “Yüz ilin işini” də İ.Stalin məhv edib.
1950-1960-cı illərdə də İ.Muğanna rəsmi ideologiya ilə daban-dabana zidd olan ideyalarını ədəbiyyata gətirməklə məşğul idi. Onun qəhrəmanlarının bir qismi stalinizmi, yaşamaqda olan Stalin nəzəriyyələrini canında, əməlində, ruhunda gəzdirən kabuslar kimi təsvir edilirdi. 1960-cı illərdə də İ.Muğanna rəsmi ideologiyanın tənqid hədəfi olaraq qalmaqda idi. Həmin illərdə Xasay Vəzirov çıxışının böyük bir hissəsini İsa Hüseynovun “Azərbaycan” jurnalının 1963-cü il 3-cü nömrəsində çap olunmuş “Kabus” povestinin kəskin tənqidinə həsr etmişdir.
İ.Muğanna yaradıcılığının sonrakı mərhələsi göstərdi ki, müəllif artıq Yer qanunları, real zaman və məkan aurası orbitindən çıxır. O daha nə Mərkəzi Komitə, nə Azərbaycan Yazıçılar İttifaqı, nə də ədəbi tənqidçiləri eşidirdi. Təbii ki, Xasay Vəzirovun da “tövsiyələri” eşidilməz oldu. Çünki artıq 1980-ci illərdə yazıçı qeybdən səs – ün eşitməyə başladı. Həmin fövqəl Ün sahibini tənqid etmək isə asan məsələ deyildi. Lakin o da kədərli idi ki, “İdeal” romanının sonunda yazıçı öz anlaşılmaz durumunu etiraf edəcəkdi. Yer adlı planetdə anlaşılmamaq faciəsi yaşayan yazıçı gecədən səhərə qədər EySarın səsini dinləyə-dinləyə yazdığı əsərin taleyindən narahatlığını bildirəcək, insanları bu əsəri oxumağa səsləyəcəkdi. “EySar (İsa) ilə Muğanna (İ.Hüseynov) arasında əlaqə yaranıbdır, ey insan, ayıl, oxu!” – nidası yalvarışa bənzər səsə çevriləcəkdir. Sübut etmək istəyəcəkdir ki, əbədiyyət əfsanə deyil, insan əbədi yaşaya bilər, yaradan İşığı, Odu dərk etmək, saflaşmaq, elmlənmək, təhrif beyin, çürük bədənlə vidalaşmaq lazımdır.
İ.Muğanna ağıl kəsən nə vardırsa, hamısının cövhərinə, rüşeyminə qədər enirdi. Hətta sözləri hərf-hərf, səs-səs analiz edir, öz böyük həqiqətini burada da kəşf edirdi.
Səməd – SimOd (Uca həqiqət) tarixin, əslində süjetin və dramatizmin mərkəzinə çəkilir. Ona qarşı olan haqsızlıqlar və ədavət istər doğmaları, istərsə də yadlar tərəfindən baş verir. Və bu məqamdan Səmədi Azərbaycanın simvolu, rəmzi, işarəsi kimi xəyalımızda canlandırırıq. Azərbaycan uca həqiqət məqamında olan qədimlik, ilkinlikdir. Hər bəla onun başı üzərində dövr edir və yazıçı bütün bu xronikanı əsrlərin, minilliklərin sərhəddində analiz edir.
Roman boyu bütün vəsiyyətlər ancaq Səmədə edilir, sirlər də ona açılır. Atası Mədəd Əmirli, əmisi Sultan Əmirli, Çax-çux Xalıq, Seyid, Xızr Abı – hamısı Səmədi hədəf kimi qəbul edir. Səməd bu sirləri eşidən gündən “dəli-dolu” cavanlığı ilə vidalaşır və nəinki sirr, həm də dərd dağarcığı olur. Əmisi Sultan Əmirli ona Süleyman peyğəmbərin xəzinəsinin də onlarda olduğunu deyir. Yenə də Səmədi bir şəxs, fərdtək deyil, məmləkət simvolu kimi gözlərimiz önündə canlandırırıq. Sərvət (Neft, qızıl yataqlarımı, yoxsa elm, sirr, hikmət kitabları?) üstündə yatan, sərvəti ucbatından başı bəlalar çəkən Azərbaycan!