- Mədəniyyət

İspaniya dirijoru Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalında iştirak edib

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Cadenza Contemporary Orchestra” orkestrinin konserti olub. Orkestrə ispaniyalı maestro Mersedes Qarsia Diaz dirijorluq edib.

AZƏRTAC xəbər verir ki, ispan dirijoru Mersedes Qarsia Diazın rəhbərliyi ilə “Cadenza Contemporary Orchestra” Corc Kramb, Con Keyc, Pyer Bulez və Azər Dadaşov kimi məşhur bəstəkarların əsərlərini ifa edib. Corc Krambın “Gecə musiqisi II”, Con Keycin oyuncaq fortepiano üçün süitası, həmçinin Pyer Bulezin “Memorial”ı, Azər Dadaşovun violonçel və kamera orkestri üçün konserti tamaşaçılarda böyük maraq doğurub.

Konsertdə Fatimə Nəsirli (skripka), Humay Qasımzadə (fortepiano), Afaq Qarayeva (oyuncaq fortepiano), Kamran Talıblı (fleyta), Əyyub Əliyev (violonçel), konsertmeyster Samir Əsədov çıxış ediblər.

Mersedes Qarsia Diaz AZƏRTAC -ın müxbiri ilə söhbətində Bakıya səfəri və azərbaycanlı həmkarları ilə işbirliyi təəssüratlarından bəhs edib.

“Bu, Azərbaycana ilk səfərimdir. Məni çox yaxşı qarşıladılar. Burada olmaqdan çox şadam. Mən şəhəri görmək istərdim, çünki onun zəngin tarixə malik olduğunu bilirəm. Təəssüf ki, hələ belə bir imkanım olmayıb. Müasir İncəsənət Muzeyində oldum və oradan xoş təəssüratla ayrıldım. Burada insanlar necə də səmimi və xeyirxahdır! Bu gün birlikdə çıxış etdiyim musiqiçilərdən bəzilərini artıq tanıyıram. Bu, mənim azərbaycanlı musiqiçilərlə ilk iş təcrübəm deyil. Azər Dadaşovun yaradıcılığı ilə tanış oldum və çox təsirləndim! Mən həm də Azərbaycan xalq musiqisini daha yaxından tanımaq istərdim. Bilirəm ki, bura ənənəvi musiqinin – muğamın mərkəzidir. Mənə burada nümayiş etdirilən ənənəvi musiqi alətləri haqqında məlumat verdilər. Bundan əlavə, parkda səslənən ənənəvi musiqini dinamiklərdən eşitdim. Musiqinizi daha ətraflı öyrənmək üçün mütləq yenidən Azərbaycana qayıtmalıyam!”

Mersedes Qarsia Diazı “yüksələn ulduz” adlandırırlar. Dirijorun son çıxışları arasında Almaniyanın “Deutschlandfunk Kultur” kanalında yayımlanan Hamburqdakı Elbphilarmonie və Bremendəki Sendessaal kimi nüfuzlu məkanlarda konsertlər də var. Qarsia Diaz, həmçinin Missuri Simfonik Orkestri (ABŞ), Eliopolis Simfonik Orkestri (Braziliya), Vindzor Simfonik Orkestri (Kanada) və digər orkestrlərə dirijorluq edib, San-Pauluda (Braziliya) MIMO və Milli Musiqi Festivalı (ABŞ) kimi festivallara qatılıb. Bundan əlavə, o, Benf İncəsənət və Yaradıcılıq Mərkəzində (Kanada) qonaq artist olub.

“Cadenza Contemporary Orchestra” orkestri 2021-ci ildən Türkər Qasımzadənin bədii rəhbərliyi ilə fəaliyyət göstərir. Orkestr musiqi səhnəsində müntəzəm olaraq mühüm hadisələrə çevrilən maraqlı, mürəkkəb və orijinal proqramları ilə tanınır.