İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandalıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.
İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.
Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.
Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.
Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb.
General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.