İsrailin Baş naziri Binyamin Netanyahu son günlərdə israillilərə qarşı başlanan terror aktlarının yeni dalğasının təşkilinin arxasında İranın dayandığına əmindir.
“Report” xəbər verir ki, bu barədə o öz eks hesabında yayımlanan çıxışında deyib.
Hökumət başçısı İordan çayının qərb sahilindəki Hebron bölgəsində bir israilli qadının öldürüldüyü və bir nəfərin də ağır yaralandığı yeri ziyarət edib.
“Biz İran və onun marionetləri tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən terror aktının episentrindəyik”, – o deyib.
Netanyahu vurğulayıb ki, günahkarların tapılıb cəzalandırılması üçün hər şey edilir: “Biz qatilləri tutmaq üçün gecə-gündüz işləyirik”.
Xatırladaq ki, avqustun 21-də səhər saatlarında İordan çayının qərb sahilindəki Hebron bölgəsində israillilərin olduğu avtomobil atəşə tutulub, iki mülki şəxs yaralanıb, daha sonra isə yaralılardan biri ölüb. Ordunun mətbuat xidməti hərbçilərin şübhəli şəxsləri təqib etdiyini bildirib. Avqustun 19-da naməlum şəxs İordan çayının qərb sahilindəki Huvara kəndində silahlı hücum həyata keçirərək iki israillini öldürüb, şübhəli şəxs hadisə yerindən qaçıb.