Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında U.Luisin “İstədiyim kimi yaşamışam” monotamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Xalq artisti, mərhum rejissor Ağakişi Kazımovun quruluşunda baxılacaq səhnə əsəri bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir.
Ömrün yaşanan illərinə xatirə pəncərəsindən hər an boylanan Zelda, gah xoşbəxtdir, gah bədbəxt. O, gah gülür, gah göz yaşlarında boğulur . Məhz bu anlarda aktrisa özünəməxsus ştrixlərlə obrazının daxili əzablarını tamaşaçıya sərrastcasına çatdıra bilir.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti isə Sona Mustafayevadır.