İstanbulda öz işinə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, üç gün davam edəcək tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İkinci Qarabağ müharibəsi zamanı sosial media vasitəsilə aparılan böyük mübarizə haqqında danışıb.
Bir il əvvəl Azərbaycan torpaqları hələ işğaldan tam azad edilməmiş, ermənilərin qadağan olunmuş silahlarla Azərbaycanın dinc əhalisini hədəfə aldığını xatırladan Fahreddin Altun tarixin bu dönüş nöqtəsində Azərbaycanın yanında olduqlarını xüsusi qeyd edib: “Müharibə dövrü ərzində biz də qardaşım, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə informasiya cəbhəsində birgə mübarizə apardıq. Nəticədə şanlı Zəfərin əldə olunmasına töhfə vermiş olduq və şükürlər olsun ki, qalib gəldik. Allahdan şəhidlərimizə rəhmət diləyir, bir daha “Qarabağ Azərbaycandır” deyirəm”.
Çıxışı zamanı Türk Şurasının təməlində qardaşlığımız, ortaq dəyərlərimiz, keçmişimiz və tariximizin dayandığını ifadə edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən forumun Türk Şurasına üzv ölkələrin bir çox sahədə olduğu kimi, media sahəsində də həmrəyliyinə verəcəyi böyük töhfəni xüsusi qeyd edib.
Qırx dörd günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin, eləcə də bir sıra türkdilli dövlətlərin daima Azərbaycanın yanında olduğunu vurğulayan Prezidentin köməkçisi ilk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini xüsusilə qeyd edib:
“Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər. Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar”
Qeyd edilib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra hazırda Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir.
Mediaforuma videomüraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartından da əziyyət çəkdiyini bildirib. Xüsusən Azərbaycanın 44 gün davam edən Qarabağ müharibəsi zamanı nümayiş etdirilən ikiüzlü münasibətin məsələnin ölkələrimiz üçün əhəmiyyətini ortaya qoyduğunu vurğulayan Türkiyə Prezidenti medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanlarında Ermənistan ordusu tərəfindən Azərbaycanın dinc əhalisini hədəf alan ballistik raket hücumlarının heç vaxt gündəmə gətirilmədiyini qeyd edib.
Bildirilib ki, Qarabağ müharibəsi dövründə beynəlxalq media qurumları Ermənistanın rəsmi xəbər agentliyi kimi çıxış edirdilər.
Forumun ilk günü “Ortaq mədəni gələcək: Türk dünyasında serial-film sektoru”, “Türk dünyasının 30-cu ildönümü xüsusi iclası: Köklü keçmiş, güclü gələcək” və “Keçmişdən gələcəyə türk dünyası birliyi” mövzularında panel iclasları keçirilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən tədbirdə ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur.
Foruma Türk Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.