- Müsahibə

“İstedadlılar kənarda, reklam olunanlarsa ədəbiyyatda qalacaqlar”

“Zərif kölgələr” saytının “Müsahibə həftəsi” rubrikasının budəfəki qonağı yazıçı-publisist, AMEA Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi Pərvanə Bayramqızıdır.

-Pərvanə xanım, çoxdan planlaşdırılan müsahibəmiz vaxt məhdudiyyəti səbəbindən xeyli yubandı. Axır ki bu istəyi reallaşdıra bildik. Bildiyim qədərilə hazırda məzuniyyətə çıxmısınız, sualı da elə buna uyğun vermək istəyirəm: bu müddəti istirahətə ayıracaqsınız, yoxsa yaradıcılığa?

-Məndən asılı olsaydı bütün günləri yazı masasında keçirərdim, təəssüf ki, fövqəladə hadisələr baş verir, heç nə nəzərdə tutulan kimi alınmır. Görüləsi bəzi işləri qaydasına salıb yarımçıq yazıları bitirmək istəyirəm.

-Rubrikamızın ənənəvi sualı var, qonağımız olan ədəbiyyat adamlarının bu mövzuda fikirlərini öyrənmək məqsədilə soruşuruq: ədəbiyyat sizə görə nədir – bir dəyər, bir sığınacaq, yoxsa bir mübarizə forması? Yazarkən daha çox nəyə xidmət etdiyinizi düşünürsünüz?

 –Sualı o qədər konkret qoymusunuz ki, fikrimdəki uzun cümlələri yazmağa ehtiyac duymadım, qısaca bildirim: hər üçü. İnsanlığa xidmət etməyə çalışıram.

-Sizi yazmağa sövq edən əsas səbəb daxili ehtiyacdır, yoxsa ictimai məsuliyyət?

– İctimai məsuliyyət hissindən başqa cür də fəaliyyət göstərmək olur, məni yazmağa daxili ehtiyac sövq edir. Yazmağa ədəbi-əbədi ehtiyac deyirəm, bu adda mətnim də var.

-“Yaza bilməyən yazıçı” kitabınızda publisistikanın dili ilə ədəbiyyatın dili arasında hansı sərhədləri qorumağa çalışmısınız?

– Bu kitabı çap etdirəndə 2019-cu ilədək harda nə qeydlərim vardısa – dəftərlərdə, “salfetkalarda” toplayıb hamısını vörd proqramına köçürdüm. Düşündüm ki, uşaqlıq illərindən üzü bəri nə yazmışamsa bir yerə yığım və bundan sonra yazmayım. (Yazmamaq səbəbi də ayrıca mövzudur) Ona görə də burada tam hazır olmayan mətnlərə rast gəlmək mümkündür. İndi oxuyanda çapına tələsdiyimi hesab etdiyim hekayələr də var. Demək istəyirəm ki, “Yaza bilməyən yazıçı” kitabında üslub qorumağa çalışmamışam, illər uzunu yazdığım mətnləri bir yerə yığmışam. Bu kitab hər mövzuda yazılmış, müxtəlif janrda olan ədəbi nümunələrin toplusudur. Suala dəqiq cavabı nəzəriyyəyə əsaslanan ədəbiyyatşünaslar verə bilərlər. Hər halda yazmağın, üslubiyyatın məsuliyyətini qorumağa çalışmışam.

-İlk kitabınız “Qəlbimin istəkləri” əsasən hansı yazılardan ibarətdir və həmin dövr sizi necə xarakterizə edir?

– Şeirlərdən ibarətdir. Yeniyetməlik illərimdə şeir yazmaq kimi bir səhvim olub. Yaxşı ki, səhvimi tez dərk etdim. O şeirlərin necə yaranması haqqında ara-sıra yazıram. Güclü empati hissim vardı, onun sayəsində hamının yaşadıqlarını duyub şeirə çevirə bilirdim. Empati hissi insanlarda olmalı olan vacib hisslərdəndir, onu daima qoruyuram.

-Kitabxana sahəsindəki fəaliyyətiniz yaradıcılığınıza necə təsir edir?

– Yaralı yerə toxundunuz… bədii yaradıcılıqla iş fəaliyyəti bir yerdə adamın bütün enerjisini məhv edir. Nəzərə alanda ki, səhər saat səkkizə işləmiş evdən çıxıb, axşam səkkizdə qayıtmaq var, üstəlik evin işi, işin işi, bir də tıxac yolların əsəbi adam öz-özünə təəccüblənir: yazdıqlarımı nə vaxt yazmışam? Hansı ziyalı ilə qarşılaşsam, deyir, əhsən sənə, məhsuldarsan, tez-tez yeni yazıların dərc edilir, iş fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da məşğul olmağa vaxt tapırsan. Ağlamsına-ağlamsına cavab verirəm: – Müəllim, – deyirəm – siz yalnız ərsəyə gələnləri görürsünüz, mənsə yaza bilmədiyim, məhv olan mətnlərə heyifsilənirəm.

-Həmkarlarınızdan, oxuculardan aldığınız ən yaddaqalan tənqid, yaxud tərif nə olub?

–  Sualının cavabını olduğu kimi versəm, özündən müştəbeh təsiri bağışlayacam. Çesterfild deyib, öz məziyyətlərindən danışan gülüncdür. O, eyni zamanda öz məziyyətini bilməyənləri də sadəlöhv adlandırıb. Sadəlöhv deyiləm, amma nə müştəbeh, də gülünc olmaq istəyirəm. (Guya suala cavab vermədim)

-Sizcə, sosial media ədəbiyyatı kölgədə qoyur, yoxsa yeni imkanlar yaradır?

– Sosial media məsuliyyətli adamlar üçün əlverişli şərait yaradır. Profillər sahiblərinin daxili dünyasından xəbər verir. Həqiqi ədəbiyyatçılar buradan faydalı məqsədlər üçün istifadə edirlər. Ədəbiyyata əhəmiyyət verməyib sosial şəbəkələrdə boşuna veyillənənlər buralar olmasaydı da başqa mənasız məşğuliyyət tapacaqdılar. Guya feysbuk, instaqram olmasa, hamı gedib kitab oxuyacaqdı? Sosial şəbəkə adamların səviyyəsini üzə çıxardı. Cəmiyyətimizin nöqsanlarını onların sayəsində gördük. Ədəbiyyat yenə öz yerindədir.

-İranda kitab nəşri sizin üçün nəyi ifadə edir? Bu, beynəlxalq ədəbi prosesə inteqrasiyanın bir hissəsidirm?

– Səmimiyyətimə inanın, xaricdə çap olunmağa qətiyyən maraqlı deyiləm. Öz ölkəmizin insanlarını oxuda bilsək, böyük şeydir. Dünya ədəbiyyatını nə ilə təəccübləndirə bilərik? Baxaq Avropa ədəbiyyatına. Nələr yazılmayıb?

İranda kitabımın çap olunması öz təşəbbüsüm deyildi, amma deyilənə görə orda pis qarşılanmayıb.

-Xaricdə ədəbiyyatımızı təbliğ etmək üçün nə etmək olar?

– Bu mövzuda yazıçılar, naşirlər az qala hər gün müxtəlif ideyalar səsləndirirlər. Nəşriyyatlarla iş birliyi qurmaq, yaxşı tərcüməçilər tapmaq əsas da yazılmamışları  yazmaq müsbət nəticə verə bilər.

-Sizi “publisist-yazıçı” kimi xarakterizə edirlər. Özünüzü hansı sahəyə daha yaxın hiss edirsiniz?

– Düz edirlər. Mən də o fikirdəyəm.

-Gələcəkdə yazmaq istədiyiniz, lakin hələ toxunmadığınız bir mövzu varmı?

– Min mövzu var…

-Ədəbiyyatda ən çox “canfəşanlıq”edənlər irəli gedirlər. Sizcə, nə vaxtsa əsil söz adamları layiq olduqları dəyəri görəcəklərmi?

– Beş-on nəfər tərəfindən hə…

-Ədəbiyyatda da adamın adamı olsun gərək?

 – Bu ədalətsiz qayda bizdə hər sahədə var.

-Müasir poeziyada “sadə olmaq” sizcə gücdür ya zəiflik?

– Poeziyada sadə olmaq deyə nəyi nəzərdə tutursunuz, sadə yazmağı, yoxsa şairin keyfiyyətcə sadəliyini? Sadə yazmaq daha çox oxucu qazanmağa səbəb olur, bu cür yazanları hər təbəqədən olan oxucu anlayır. Məziyyətə gəlincə, sadəlik gözəllikdir, güc deyil.

-Sizcə, ədəbiyyatda kimlər qalacaq; iki kəlmə yazıb səsləri möhkəm çıxanlar, ya başını aşağı salıb sakitçə bir küncdə yazıb-yaradanlar?

 Ədəbiyyatda kimi saxlasalar, o qalacaq. Təəccübləndiniz? Dərsliklərə baxaq, ədəbiyyat nəzəriyyələrinə, ədəbi orqanların təbliğatına diqqət yetirək. Sualımın cavabı aydın olacaq. Biz məktəbdə oxuyan vaxtlar ədəbiyyat kitablarında olan yazıçı və şairləri necə sevir, necə oxuyurduq. İndi onların bəzilərini istedadsız adlandırırlar. Mətnlərini, şeirlərini bəsit sayırlar. Eyni zamanda bunu dilə gətirənləri az qala məhkəməyə verəcək şəkildə narazı qalanlar da var. “Filankəslər bizim ədəbiyyatın aparıcısı simasıdır” deyirlər, çünki vaxtında ədəbi zövqümüzü onların yazdıqları ilə formalaşdırıblar, onlara adət etmişik. Elə bilirik öyrəşdiyimiz əsərlər şedevrdir. Bəyəm dərsliyə salınan həmin adamlarla eyni dövrdə yaşayan başqa istedadlılar olmamışdı? Əlbəttə, olmuşdu, sadəcə, onları ədəbi jurnallara, qəzetlərə yaxın buraxmamışdılar, dərsliyə salmamışdılar. Nə qədər gözəl şeirlər, hekayələr ustasını ruhdan salıb yaradıcılıqdan uzaqlaşdırıblar. Kimi tanıdıblarsa, onu əsl ədəbiyyat adamı sanmışıq. Həmin proses yenə davam edir. İndi də hara baxırsan, vəzifəsi olan yazıçı-şairlərin təbliğatı aparılır, onların haqqında yazılır. Dərsliklərə onlar salınır, ədəbiyyatşünaslar onların əsərlərindən resenziyalar yazırlar. Bəzilərinin yazdığını oxuyub nəsə anlamaq olmur, amma bu anlaşılmaz, məzmunsuzluğa qalaq-qalaq təhlillər yazılır, çünki vəzifəli şəxsdir. Beləcə də gedəcək. İstedadlılar kənarda, reklam olunanlarsa ədəbiyyatda qalacaqlar. Yazdıqları zəif olsa da, qalacaqlar. Tənqid edilsələr də, ədəbiyyat dərslikləri onlarındı. Gələcəkdə də kimsə onların istedadsız olduğunu deyəndə kimlərsə də acıqlanacaq ki, onlar bizim ədəbiyyatın sütunlarıdır, onlarla işiniz olmasın. Görmüsünüz istedadlıya şərait yaradıb irəli çəksinlər? Əksinə tapşırılanlar, qohumu, vəzifəzi olanlar hər yerdə hər şeydə birinci yerə layiq görülürlər. Verilişlərə onlar çağırılır, jurnallar, qəzetlər onları dərc edir, ədəbi görüşlər onlar üçün nəzərdə tutulur. İyirmi-otuz nəfər var, ədəbiyyatla bağlı hansı tədbir, hansı layihə olsa, onları dəvət edirlər. İstedaddan başqa heç nəyi olmayanları saymırlar. Söhbət ədəbi təşkilatlar və onların bəzi rəhbərlərindən gedir.

Deyəsən, çox pessimistəm…

-Əslində, reallıqları sadaladınız, təəssüf ki, belədir, amma yenə də ümidimizi itirməyək, bəlkə, cəmiyyətimiz dəyişdi…

-Təki dəyişsin… təki yanılım…

-Pərvanə xanım, səmimi, maraqlı, hətta cəsarətli cavablarınıza görə təşəkkür edirik.

-Təşəbbüsünüz üçün mən də sizə təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Nəsirzadə