Noyabrın 3-də Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində sərgi keçirilib.
Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı Sərəncama əsasən, 2021-ci ilin yanvarından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər muzeyinin fondlarının kompleksləşdirilməsi məqsədilə şəhid ailələri ilə görüş keçirilir və şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə diqqət və qayğı daim Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin nəzərindədir.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Cəmil Həşimlinin, kapitan Ramil Babayevin, əsgər Pərviz Novruzovun, çavuş Ruzi İbrahimovun və Xalid Mecdunovun, baş leytenant Məmmədhəsən Sadıqlının və Fərrux Hüseynovun əziz xatirələri anılıb.
Sonra sərgidə muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunub.
Tədbirdə şəhid ailələri, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursantları, “İrəli” İctimai Birliyinin könüllüləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabrın 10-na qədər davam edəcək.