- Dil, Manşet, Müsahibə

İsveçdə yaşayan soydaşımız Sevinc Nəzərli: “Adını, soyadını dəyişən, uşağına xarici ad verənlərimiz az deyil”

 

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin xaricdə yaşayan soydaşlarımızın dil problemini araşdırması çərçivəsində başladığı layihənin bu dəfəki qonağı İsveçin paytaxtı Stokholm şəhərində yaşayan soydaşımız Sevinc xanım Nəzərlidir. Sevinc xanım Bakıda anadan olub, Azərbaycan  Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2003-cü ildən İsveçə mühacirət edib. Oğlu Məhəmməd-Əlinin İsveçdə doğulub böyüdüyünə baxmayaraq, ana dilimizi təmiz bilir, hətta anasının Azərbaycan dilində səhnəyə qoyduğu kiçik tamaşalarda iştirak da edir. Bu və digər məsələlər barədə Sevinc Nəzərli kamilinfo.net-ə müsahibəsində danışıb.

 – Sizin haqqınızda bir qədər məlumatımız var, Stokholmdakı fəaliyyətinizdən də xəbərdarıq. Amma istərdik ki, oxucularımız da tanısınlar, gördüyünüz işlər barədə özünüzdən eşitsinlər.

– Soydaşlarımızla danışmaq, ünsiyyətdə olmaq həmişə xoşdur. Bildiyiniz kimi, 20 ilə yaxındır, İsveç Krallığının paytaxtı Stokholm şəhərində yaşayıram. 15 yaşlı bir oğlum var. 2018-ci ildə ilk dəfə Avropada Azərbaycan Dram Teatrını yaratmışam. Teatrı yaratmaq təklifini Stokholmda fəaliyyət ğöstərən Türk Teatrının bədii rejissoru Burcu Ada Soysop verdi, ilk dəfə səhnəyə də onların dəstəyi ilə çıxmışıq. Teatrın bütün maliyyə xərclərini öz şəxsi büdcəmdən ödəyirəm. Məşqlər üçün İsveç dövləti bizə şəhərin mərkəzində, Teatrda yer verib.

“Tamaşaçıların hamısı türklər idi, bizimkilərdən cəmi 20 nəfər gəlmişdi”

– Stokholmda Azərbaycan-İsveç Dram Teatrı yaratmağınız, ana dilində tamaşalar qoymağınız çox təqdirəlayiq haldır. Buna necə müvəffəq oldunuz? Tamaşaçı kontingentiniz ancaq azərbaycanlılardan ibarətdir, yoxsa başqa dilli insanları da cəlb edə bilirsiniz?

– Dediyim kimi, təklif türk rejissoru Burcu Ada Soysopdan gəldi.  Burcu xanım mənim bir qədər tərəddüd etdiyimi gördükdə dedi ki, Siz yaradın, biz iki “Kardeş Teatro” olaraq eyni səhnəni paylaşaq. Elə də oldu. İlk olaraq səhnəyə “Kardeş Teatro” kimi birlikdə çıxdıq. Tamaşaçıların hamısı türklər idi, bizimkilərdən isə cəmi 20 nəfər gəlmişdi.

Əlbəttə,  utancverici idi. Etiraf edək ki, bizim həmrəy olma problemimiz var. Bu səbəbdən Azərbaycan yazıçılarının əsərlərini, nağılları İsveç, İngilis dillərinə tərcümə etdik ki, başqa xalqlardan tamaşaçı kontingenti toplayaq və Azərbaycan mədəniyyətini yerli insanlara tanıdaq.

– Sevinc xanım, həqiqətən də, çox gözəl təşəbbüs və örnək addımdır. Türk xalqı ilə qardaşlığımızın, həm də yad bir ölkədə həmrəyliyimizin danılmaz təsdiqidir. Bəs öz soydaşlarımızla təşklatlana, Vətənimiz üçün önəmli zamanlarda birləşib həmrəylik göstərə bilirsinizmi?

–  Çox üzücüdür,  bəlli olmayan səbəblərdən,  bəlkə də əxlaqdan, bilmirəm nə ad verim, dünyanın hər yerində olduğu kimi, İsveçdə də həmrəylik və təşkilatlanma problemimiz var. Birlikdə bütün xalqlar kimi milli bayramları qeyd edirik, adət-ənənəyə uyğun konsert, anım günləri təşkil edirik. Bu isə Azərbaycanı tanıtmaq üçün yetərsizdir. Yaşadığın ölkənin dilini, ana dilin qədər mükəmməl bilməlisən, inteqrasiya olmalısan, yaşadığın ölkənin milli maraqlarını qorumalısan, siyasi proseslərdə iştirak etməlisən və s. Eyni zamanda, öz Vətəninin də problemlərinə biganə qalmamalısan. Mühacirət edən Azərbaycanlılar arasında belələri çox azdır. Çoxları qayğısız həyata alışıb assimilyasiya olurlar, bəziləri isə yalnız pul qazanmaqla, ev-eşik almaqla məşğuldurlar. Vətənpərvərlərimiz isə haqsızlıqla üzləşdiklərindən küsüb, kənara çəkilirlər. Böyük təhlükə ilə qarşı-qarşıyayıq. Assimilyasiya artıq başlayıb. Soyadını dəyişən, adını dəyişən, uşağına xarici ad verərək yerli xalqa qarışanlarımız az deyil. Təbii ki, seçim öz  haqlarıdır, amma bir həqiqət var ki, adları xarici olsa da, görkəmlərinə, saçlarının, üzlərinin rənginə görə şərqli olduqları açıq-aşkar bilinir. Harada oxuduğum yadıma gəlmir, məşhur bir deyim var. Bir yapon ingilis dilində yapon dialekti ilə danışanda o,  yapondur, sadəcə, dialekti vardır, amma o, ingilis olmağa çalışanda, ingilis qabağında əyilmiş yapon olur.

“Qəribə idi, Təbrizdə Azərbaycan dilində danışırdılar, Bakıda isə rus dilində”

 – Bakıya gələndə hansı hissləri keçirirsiniz? Şəhər Sizə doğma ana kimi qucaq açırmı, yoxsa soyuq, biganə bir ev sahibi kimi qarşılayır? Qoyub getdiyiniz o istiliyi, doğmalığı tapa bilirsinizmi?

– Uzun müddət, təqribən 8 il Bakıda olmamışdım. Oğlum ilk dəfə Bakıda olanda 3 yaşında idi, 11 yaşında ikinci dəfə Azərbaycana gəldik. Böyük maraqla Azərbaycanı görmək istəyirdi. Azərbaycanın şimalından cənubuna qədər gəzdirdim. Bakıda neft buruqlarını, Atəşgahı, Fəxri xiyabanı, Şəhidlər xiyabanını  ziyarət etdik, Azəbaycanın cənubunda Səttar xanın ev muzeyini, Şah İsmayıl Xətainin muzeyini, məzarını, Şəhriyarın məzarını, ev muzeyini ziyarət etdik. Tariximizlə oğlumu canlı tanış etdim. Azərbaycanın keçmişindən bu günə qədər hər şeyi öz ğözləri ilə gördü. Hiss edirdim ki, qürurlanır, amma üzüldüyü anlar da olurdu. Şəhidlər xiyabanındakı 5 yaşlı  naməlum körpənin məzarını ziyarət edəndə çox kədərlənmişdi. Amma ən çox Azərbaycanın iki yerə ayrılmasına üzülürdü. Ona hər şey yeni və maraqlı gəlirdi, sualları bitmirdi. Hər gün verdiyi sual: “Ana, niyə Azərbaycanda hamı rusca danışır?” Mən isə cavab tapa bilmirdim. Qəribə idi, Təbrizdə Azərbaycan dilində danışırdılar, Bakıda isə rus dilində. Biz əsasən Bakının mərkəzində gəzirdik. Demək olar ki, Azərbaycan dilində danışan insana rast gəlmirdik. Mən üzülürdüm, əsəbləşirdim, o isə çaş-baş qalmışdı. Bilirsiniz niyə, axı İsveç Krallığında hamı isveç dilində, dövlət dilində danışır. O baxımdan bəzən özümü turist kimi, yad hiss edirdim. Axı biz Rusiyaya deyil, Vətənə gəlmişdik, qulaqlarımız Ana dilini özləmişdi. Bu günə qədər cavabını tapmadığım suallar məni narahat edir. Şah İsmayıl Xətainin, Hüseyn Cavidin, Məmməd Arazın, Şəhriyarın dilinə kimlərdir qənim kəsilənlər?

Mən: “Dünya hamıya Vətəndir”, –  deyə düşünürəm. Amma hisslərim, ürəyim, ruhum düşüncələrimə ziddir. Düşüncələrim Avropasayağı olsa da, mental olaraq azərbaycanlıyam. Bunu mən demirəm, içimdəki səs deyir.

İsveç, Avropa ölkələri arasında tək ölkədir ki, dövlət tərəfindən orta məktəblərdə həftədə bir dəfə bir saat olmaqla şagirdlərə ana dilini öyrədilir. Bunun üçün müəllimlərə əmək haqqı ödənir. Qəribədir, deyilmi?

“İsveç uşaq haqlarının ən ali şəkildə qorunduğu ölkələrdən biridir”

– Doğrudan da, çox maraqlıdır. Bir tərəfdə öz ölkəsində yad dildə danışan soydaşlarımız, o biri tərəfdə yad ölkədə doğma ana dilini qoruyub saxlamağa çalışan mühacir azərbaycanlılar və bunun üçün onlara dəstək olan İsveç dövləti…

– Sual vermək fürsətim olsa idi, öz dövlətinin, anasının dilini bəyənməyənlərdən, öyrənmək istəməyənlərdən, danışmaq istəməyənlərdən soruşardım: “Hansı səbəbdən İsveç öz büdcəsindən  başqa xalqların dilini, mədəniyyətini qoruyub saxlamaq və yaxud öyrənmək üçün pul ayırır?” Yəqin ki, sizin üçün də səbəbi maraqlıdır. Bilirsinizmi niyə? İsveçdə dünyaya gələn başqa xalqların uşaqları, evdə, ailədə istər-istəməz iki dil  eşidirlər, dövlət dilini və ana dilini. Öz xalqlarının musiqisini eşidirlər. Doğulan gündən, hətta deyərdim, ana bətnində olandan. Ana uşağını öz dilində əzizləyir, öz dilində sevir, öz dilində oxşayır. Adına əbəs yerə “Ana dili” deməyiblər. Bu sevgi, əzizləmə, oxşama uşağın qulaqlarına, yaddaşına, ən nəhayət, ruhuna hopur. O özünün başqa millətdən olduğunun fərqinə varır. Özünün kimliyini, soyunu axtarmağa, aramağa, öyrənməyə başlayır. Özünü kəşf etmək üçün bu çox vacibdir. “Mən kiməm?” sualının cavabını tapmasında məktəb yardımçı olur. İsveçin bütün məktəblərində ilk inşa yazısı bu mövzuda olur:  “Əslən haralısansa, ora haqqında yaz”. İsveç uşaq haqlarının ən ali şəkildə qorunduğu ölkələrdən biridir.

“Bakı qədim, bənzərsiz  şəhər olduğu üçün, qədimliyini qorumalı, özündə müasirliyi əks etdirməlidir”

 – Bakının doğmalığı haqda sualı verməkdə bir məqsədim də şəhərin dil görkəmi barədə təəssüratınızı öyrənmək idi. Şəhərimizin küçələrindəki reklam başlıqları, müəssisə adları haqqında fikirləriniz maraqlıdır. Sizcə, Bakının Avropa şəhərlərindən, demək olar ki, seçilməməsi yaxşı haldır, yoxsa…?

– Bir misal çəkim. Avropanın hər tərəfinə işçi kimi, pul qazanmaq məqsədi ilə üz tutan asiyalılar, öz “taxta çöplərini” dəmir çəngəllə əvəz etmədilər, tam tərsinə, avropalılara taxta çöplə yemək mədəniyyətini öyrətdilər. İlk növbədə sənin olana sahib çıxmalısan, yoxsa kimsə başqası sahib çıxacaq. Tarixi qədim, mədəniyyəti zəngin olan Azərbaycan, nədən, hansı səbəblərdən özünü başqasına bənzətməlidir? Müasirlik öz varlığını, kimliyini, köklərini itirmək deyil, onu özündə əks etdirməkdir. Mən turist gözü ilə baxanda Azərbaycan tarixi adları, mənaları ilə daha maraqlı və gözəl görünür. Bunu mən bir azərbaycanlı deyil, turist baxışı ilə əminliklə deyirəm. (Sevinc adının gözəl mənası var, niyə mən onu yad bir Avropa adı ilə əvəz edim?) Əsl türk adlarının hamısının mənası var. Axı niyə doğma adlarımızı  bizim üçün heç bir məna ifadə etməyən özgə adlara dəyişməliyik ki, bunu heç cürə anlaya bilmirəm. Sadə misal deyim. “Çay evi” yazıldığı zaman, qeyri-ixtiyari  armudu stəkanda pürrəngi çay təsəvvür edirsən, “Tee house” yazıldığı zaman ağlına piyalədə paket çayı gəlir. Sizcə, hansı xoşdur, hansı dadlıdır?  Eynən belədir. . . Hamam elə hamamdır, onu sauna ilə heç cür əvəzləmək olmaz.

Bakı qədim, bənzərsiz  şəhər olduğu üçün, qədimliyini qorumalı, özündə müasirliyi əks etdirməlidir (yəni binanı təmir etmək, gözəlləşdirmək olar, amma adına, ornamentinə toxunmamaq, orijinallığını qorumaq şərti ilə). Azərbaycan zəngin və qədim tarixə malikdir. Şərqdən gələn mədəniyyət Azərbaycanda təşəkkül tapıb, daha da inkişaf edib. Bunu özündə mütləq qoruyub saxlamalıdır.

– FADMM-in fəaliyyəti barədə məlumatınız var?

– Bəli, keçən il FADMM ictimai qurumu sosial şəbəkələrdə paytaxtdakı xarici-qondarma adlara qarşı etiraz olaraq səs-petisiya təşkil edirdi,  mən də sevə-sevə qoşuldum. Bu bizim yaralı yerimizdir, böyük dərdimizdir. Sizə, bütün FADMM ailəsinə dərin minnətdarlığımı bildirirəm. Dilimizin qorunması yolunda yorulmadan çalışan FADMM-in fəaliyyəti ilə tanış oldum. İnanırsınız, inana bilmirdim ki, belə fədakar insanlar hələ də var, qalıb. Möhtəşəm təşəbbüsdür, böyük fədakarlıqdır. Bu arada, bir az kobud və sərt səslənsə də, düşündüyümü Sizinlə paylaşmaq istəyirəm, dərdləşmək istəyirəm. “Sovet elitası” adlandırardım o yazarlarımızı, bəstəkarlarımızı, mədəniyyət, incəsənət xadimlərimizi, hansılar  ki, hələ də Azərbaycan dilini  öyrənmək niyyətində olmayıb, ana dilimizdə danışa bilmirlər, danışmaq istəmirlər.

Səhv etmirəmsə, FADMM ailəsinin zəhməti və fədakarlığı sayəsində Azərbaycan Prezidenti sərəncam da imzaladı. Məncə,  heç nə dəyişmədi.

Bu arada,  fürsətdən istifadə edib ən vacib bir məsələyə, hətta problemə toxunmaq istəyirəm. Rus məktəblərinə olan tələbata. Bu dəhşətdir, gələcəyimiz üçün böyük təhlükədir. Valideynlər Azərbaycan dilində təhsilin, tədrisin zəifliyini bəhanə gətirərək, çıxış yolunu uşaqlarını rus məktəblərində oxutdurmaqda tapırlar. Bu, çıxış yolu deyil, Təhsil Nazirliyi və Dilçilik İnstitutu da məsuliyyət hiss etməli, onlara verilən tapşırıqları yerinə yetirməlidirlər… Axı Azərbaycan Respublikasının Prezidenti  bunu dəfələrlə vurğulayıb.

“Avropada ilk olaraq “Tumurcuq” adlı Azərbaycan-İsveç Dram Teatrını yaratdım”

– Bütün bunlar müstəqillik dövründə yaşadığımız problemlərdir. Çoxları ana dilimizin dövlət dili olduğunu unudur, doğma dilimizi yad dillərə dəyişir, hətta ailədə də ana dilini qoruyub saxlamaq istəmirlər. Belə bir halda xaricdə ana dilimizi qorumağa, orda böyüyən, başqa dillərdə təhsil alan övladlarımıza sevdirməyə necə müvəffəq olursunuz?

–  İsveçdə ilk  dəfə 90-cı illərdə Sevinc Neymətova təmənnasız, könüllü olaraq Azərbaycan dilindən dərs deməyə başlayıb. O zaman onun ilk tələbələri böyük yaşda olan cənublu soydaşlarımız idi. Sonralar, 2000-ci ildə Sevinc xanım bələdiyyədən yer alaraq “Azərbaycan dili kursu” açdı. Sevinc Neymətova hazırda İsveçin Stokholm bələdiyyəsinin müxtəlif məktəblərində gündə bir saat Azərbaycan dilindən dərs deyir. Bunun üçün Sevinc müəlliməyə böyük alqış düşür. Əvvəllər uşaq bağçalarında da həftədə iki saat ana dili öyrədilirdi, son illərdə bu ənənə yığışdırılıb.

Stokhomda Azərbaycan Teatrını yaratmaqda bir məqsədim də uşaqlarımızın ana dilində teatrda iştirak etmələri, bu yolla həm dilimizi yaxşı mənimsəmələri, həm də folklorumuzla yaxından tanış olmaları idi. Əvvəldə dediyim kimi, Avropada ilk olaraq “Tumurcuq” adlı Azərbaycan-İsveç Dram Teatrını yaratdım. İlk dəfə 2019-cu ildə Türk Teatrının dəstəyi ilə Azərbaycan Xalq Cumhurriyətinin 101 illik yubileyi ilə əlaqədar  olaraq “101 uşağın nəvələri” adlı tamaşanı səhnəyə çıxarmışıq. Teatrımızın adını “Tumurcuq” qoymağım təsadüfi deyildir, İsveçdə doğulan uşaqlar bizim yeni tumurcuqlardır. İnanıram ki, onlar bir gün öz bəhrələrini verəcəklər.  Mənim üçün oğlumun da bu uşaqlar arasında olması, teatrda iştirak etməsi, eyni zamanda, Azərbaycan şairlərinin şeirləri ilə maraqlanması çox  qürurvericidir, böyük önəm daşıyır.

Yad ölkədə belə savadlı, geniş dünyagörüşlü, eyni zamanda, əslinə, kökünə bağlı gəncliyin yetişməsi çox yaxşı haldır. İstərdik ki, onlar həmişə, hər yerdə Azərbaycanı ləyaqətlə təmsil etsinlər.

– Xaricdə vaxtilə ailələri mühacirət etmiş gənclərlə yanaşı, ali təhsil almaq üçün min bir əziyyətə qatlaşaraq dünyanın ən yüksək reytinqli universitetlərinə üz tutan, ən yaxşı  nəticələrə nail olaraq başımızı uca edən gənclərimiz də çoxdur. Bu, çox sevindirici və qürurvericidir. Böyük əminliklə deyə bilərəm ki, yaxın 20 ildə xarici ölkələrdə yüksək vəzifələrdə çalışan azərbaycanlıların adlarına rast gələcəksiniz. Arzularımdan biri də Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, beynəlxalq səviyyəyə çatmasıdır. Çünki müasir, mədəni dünyada, beynəlxalq aləmdə xalqın, millətin aliliyi onun təhsilli, intellekti ilə ölçülür.

 – Sevinc xanım, son olaraq Azərbaycanda yaşayan soydaşlarınıza sözünüz?

⁃ Dilimizi sevək və qoruyaq. Dilimiz var olduqca biz də var olacağıq. Bu dil əcdadlarımızın bizə əmanəti, ulu Türkün dilidir.

Bahar AĞAYEVA