- Mədəniyyət

İtaliyada mübahisələrə səbəb olan ikinci “Mona Liza” nümayiş etdirilib

İtaliyanın Turin şəhərindəki “Promotrice delle Belle Arti” qalereyasında təşkil olunan “Birinci Mona Liza” sərgisi çərçivəsində Leonardo da Vinçinin çəkdiyi “Mona Liza”nın daha əvvəlki versiyası kimi təqdim edilən “Mona Liza Aylvorta” əsəri nümayişə çıxarılıb.

Əsərin müəllifinin məhz Leonardo da Vinçi olduğunu iddia edən İsveçrədəki “Mona Liza” Fondunun baş katibi Coel Feldman bu əsəri onun şəxsi sahiblərinin adından sərgiyə gələnlərə tanıdır.

“Biz heç bir şübhə yeri qalmadan, Leonardonun əslində iki “Mona Liza” əsəri yaratdığını və bu tablonun məhz həmin ikinci əsər olduğunu sübuta yetirdik”, – deyə C.Feldman Londonun “Time” nəşrinə açıqlamasında bildirib. – “Bu sərgi bizə əsərin müəllifliyinin həqiqətən Leonardo da Vinçiyə aid olduğunu sübuta yetirmək üçün son illər ərzində əldə etdiyimiz əhəmiyyətli nailiyyətləri nümayiş etdirmək imkanı yaradır”.

Lakin bu “nailiyyətlər” heç də hər kəsi qane etməyib. İtaliyanın mədəniyyət nazirinin müavini Vittorio Zqarbi əsərdə Leonardonun “ruhunun” duyulmadığını və kimlərinsə onun həqiqiliyinə inanmasını heç cür başa düşə bilmədiyini deyib.

“Aylvorta” diler-studiyasının şərəfinə adlandırılan və geniş auditoriyaya təqdim olunan əsər Luvr muzeyini bəzəyən şedevrin tam oxşarı deyil. Tabloların hər ikisində iki sütunla çərçivələnən və tamamlanmamış pastoral peyzajın fonunda eyni pozada əyləşən qadın təsvir olunub. Lakin Aylvortanın versiyasındakı qadın daha gəncdir. Fond iddia edir ki, Leonardo bu əsəri təxminən 1503-cü ildə çəkib, dünyada məşhur olan hazırkı “Mona Liza”nı isə on il sonra yaradıb.

İsveçrə fondunun istinad etdiyi hesabata əsasən, əsərin qəhrəmanı olan Liza Gerardininin əri, florentiyalı tacir Françeska del Cokondo 1503-cü ildə onun portretini sifariş verib. “BBC Culture” nəşrinin 2022-ci ildə yazdığına əsasən, Leonardonun himayədarı olan Culiano Mediçi florentiyalı qadının tablosunun çəkilməsini bir neçə il sonra xahiş edib. “Mona Liza” fondu Florentiya dövlət xadiminin Leonardonun o vaxt Liza del Cokondonun portreti üzərində işlədiyini yazdığı və 1503-cü ilə aid edilən məktubunu sübut kimi təqdim edib.

Digərləri isə əksinə, iddia edirlər ki, bu məktubda bəhs edilən “Mona Liza” hazırda Luvr muzeyini bəzəyən əsərdir. “Mona Liza” fondunun irəli sürdüyü arqumentdə bu mənbəyə aid mühüm amil buraxılıb” – “The Guardian” nəşri yazır. – “Xüsusilə o da qeyd olunur ki, bu, müəllifliyin Leonardoya aid olması ilə bağlı mübahisənin hələ başa çatmadığını sübuta yetirir, çox yaxın vaxtlarda da başa çatacağı güman edilmir”. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, Aylvortadan olan qadının portreti kətan üzərində çəkilib, “ümumi bilinən qayda” isə ondan ibarətdir ki, rəssamın yağlı boya ilə çəkdiyi daha yetkin əsərlər, o cümlədən Luvrdakı “Mona Liza” ağac üzərində təsvir olunub” – “BBC Culture” bildirib.

“Fond öz arqumentlərində Leonardonun xidmətçisi tərəfindən 1525-ci ildə tərtib edilmiş əmlak inventarına da istinad edir ki, bu da “Mona Liza”nın rəssamın kolleksiyasından olduğunu göstərir, halbuki, orijinal əsərin səkkiz il əvvəl Fransa Kral İncəsənət kolleksiyasına daxil olduğu məlumdur” – “Times” qeyd edib.

Mütəxəssislərin mübahisəsinin digər mövzusu isə əsərin üslubudur. Leonardo öz “sfumato” tərzi – rənglər və tonlar arasında hamar keçidlər yaratmaq üçün təbəqələşmədən istifadə edilən texnikası ilə tanınır. Oksford Universitetinin sənətşünası və Leonardonun əsərlərinin tədqiqatçısı Martin Kemp “The London Times”a belə deyib: “Leonardonun çoxsaylı şəffaf rəsm təbəqələri sayəsində əldə edə bilməyəcəyi sehirli təsvir yoxdur”. – “Leonardo gözün obyektin elmi təsvirini vermədiyinə inanırdı; göz heç nəyin sərhədlərini tanımır. Leonardonu yamsılayan rəssamlar bu kəskinliyi aradan qaldırmaq istəsələr də, buna nail ola bilmirlər. Kənar hədlər onları ələ verir və üslubun Leonardaya aid olmadığı dərhal bilinir”.