İtaliyada fəaliyyət göstərən həmvətənimiz, pianoçu Kəmalə Əlizadə I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithaf etdiyi “Yaddaş” adlı kompozisiyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, kompozisiya 27 sentyabr – Anım Gününə həsr edilib. Kompozisiya Xalq şairi Səməd Vurğunun sözlərinə bəstələnib, ifaçısı gənc müğənni Sevinc Ağasıyevadır.
Kəmalə Əlizadə Bakı Musiqi Akademiyasında böyük bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun sinfini bitirib. Daha sonra İtaliyada (İstituto Superiore di Studi Musicali) təhsilini davam etdirib.
Beynəlxalq müsabiqələr laureatı olan musiqiçi simfonik və kamera əsərlərinin müəllifidir. Əsərləri İtaliya, Niderland, ABŞ, Yaponiya kimi ölkələrdə səslənib. Kəmalə Əlizadə həyat yoldaşı italyan bəstəkar, musiqişünas Stefano Muskaritolo ilə birlikdə xaricdə Azərbaycana həsr edilən bir neçə layihənin də müəllifidir.