- Köşə

Nurəddin MUĞANLI. İtlər haqqında it ilinin yazısı

    … O vaxt hər gün səhər işə gələndə və axşamüstü də işdən çıxıb evə gedəndə QazaxstanınBelarus səfirliklərinin qarşısından ötüb keçərdim. Bu iki səfirliyin iqamətgahı ilə üzbəüz  “Salam Aleykum” adlanan restoran və yaxınlığdakı Müqəddəs Bakirə Məryəm kilsəsi diqqəti cəlb edirdi.

Səfirlikləri görəndə adam qeyri-ixtiyari siyasət, restoranı görəndə yeyib-içmək, kilsə-məbəd görəndə təbii ki,Tanrı barədə düşünür. Amma burada diqqəti cəlb edən və adamı düşündürən təkcə bu dörd yaraşıqlı, müasir memarlıq üslubunda tikilmiş binalar deyil, həm də zümrüd rəngli zeytun ağacları və bu MÜBARƏK ağacların arasında gəzib-dolaşan sahibsiz itlər idi…

Bir dəfə eləmədim tənbəllik, dayanıb bu ərazidəki yiyəsiz küçə itlərini saydım. İyirmidən çox olardı. İtlərin beş-altısı zeytun ağaclarının dibində uzanıb, başlarını biləklərinin üstünə qoyub mürgüləyirdi. Elə bil bütün gecəni oyaq qalıb “öz ərazilərinin” keşiyni çəkib yorulmuşdular. Yeddi-səkkiz it isə restoran tərəfdə   dəmir zibil qutularının ətrafında səssiz-səmirsiz gəzib – dolaşırdı. Sanki qida  tapmaq üçün kəşfiyyata çıxmışdılar. Bir neçə it də göyənəklikdə quyruğu üstə  şöngüyüb gözlərini yoldan ötən maşınlara, səkilərdə ora-bura gedən insanlara   zilləmişdi…

Bir azdan “kəşfiyyatçı” İtlərdən biri astadan hürdü. Sonra iki –üç it də ona qoşulub bərkən hürdü. Əvvəlcə mənə elə gəldi ki, onlar zeytun ağaclarının altında  uzanan  dördayaqlı dostlarını zibil qutularının ətrafından tapdığı sür-sümüyü yeməyə çağırırlar… Sən demə, bu hürüşmə məhəlləyə gələn zibildaşıyan maşına hücum  “işarəsi” imiş. İtlər bir araya gəlib  hürə-hürə zibildaşıyan maşını mühasirəyə aldılar. Zibil qutularını bir-bir maşına qaldıran fəhlə yerdən iri daş parçası götürüb  itlərə atmaq istədi. Sürücü ona acıqlanıb: – Atma, – dedi, –  bəyəm  bilmirsən, indi İtlərin də toxunulmazlıq hüququ var?!

-Zarafat edirsən?

-Zarafat etmirəm. Hətta itin qulağını, quyruğunu kəsmək, onları bir-biri ilə boğuşdurmaq  belə qadağan olunub…

Nəhayət zibildaşıyan maşın yola düşdü. İtlər maşını gözdən itənəcən izlədilər. Sanki hürə-hürə deyinir, “bizə  çatası sür-sümüyü hara  aparırsan” deyə etiraz edirdilər. Sahibsiz itlərin  “sür-sümük” uğrunda  belə əlbir mübarzəsi  heyrət doğururdu. Üstəlik onlar süləndikləri “əraziləri” özgə  məhəllələrdən gələn itlərdən qoruyurlar.

Sahibsiz itlərin ərazi uğrunda meydan savaşına səhərlər idman yürüşünə  çıxdığımız “Meşə Parkı”nda tez- tez rast gəlirik. Zığ şossesindən hündürlükdə yerləşən bu təbiət güşəsi uğrunda sahibsiz  itlər əsl nüfuz savaşı aparırlar. Bu itlər parkda sahibləri ilə gəzən cins itlərə çox qısqanclıqla yanaşırlar, bəzən də onlarla boğuşmaq istəyirlər.

Son illər itlərin qısırlaşdırılması və sterilizasiyası onların nəsil artırmaq    “hüququnu əllərindən” alsa da, hürmək və qapmaq hüquqları, aqressivlikləri özlərində qalıb.  Bir çox heyvan hüquqları müdafiəçiləri küçə itlərinin aqressivliyini elə onlara aqressivcəsinə yanaşan adamlarda görürlər.

Hərdən adama elə gəlir ki, sahibsiz itlər dəbdəbəli villlalarda bəslənən, geniş və rahat mənzillərdə yaşayan, bahalı maşınlarda gəzən itlərin paxıllığını çəkirlər… Amma Bakıda küçə itləri arasında sahibləri tərəfindən atılmış xeyli sayda cins itlərə də rast gəlmək olur.

Buruntaqla gəzdirilən itlərlə sahibləri çox vaxt rus dilində danışırlar. Bir dəfə  bahalı cip maşınla bu təbii  parkı  xatırladan guşəyə gəzməyə gətirdiyi cins itlə  azərbaycanlı kişinin ingiliscə “tapşırıqlar” verməsi məni çox təəccübləndirdi. Öyrəndim ki, itin əsl sahibi neft şirkətlərindən birinin ingilis əsilli prezidentidir. Azərbaycanlı kişiyə itinə qulluq etmək üçün mənim aylıq maaşımdan da çox pul verir. Hətta  Azərbaycan neftinin məcnunu olan həmin ingilis təbiət qoynunda gəzdirmək üçün itinə xüsusi manşın da ayırıb… Bir dəfə necə oldusa bir rus qadının  gəzdirdiyi  tulalarla  ingilisin iti üz-üzə gəlib bir-birinə bərkdən mırıldaşdılar. Elə bil onlar da ərazi uğrunda dalaşaraq: “bura mənimdi” deyirdilər. Nə isə bu müşahidələrimi sonralar “Mavi prezidentin iti” hekayəmdə ətraflı qələmə aldım.

Hərdən parkda gəzdirdikləri iti əzizləyən adamları görəndə düşünürəm:  “Bəxtəvərlər gör nə qədər  PUL  qazanırlar ki, hələ evlərində it-pişik də bəsləyirlər!..” Deyirəm bəlkə ingilisin, fransızın, almanın, rusun iti bizim yerli – milli itlərimizdən yəniçox ağıllıdır? Axı bizim milli itlər ağıllı olsaydılar, şəhərin müxtəlif  yerlərində,  yaşayış massivlərinin həyət-bacasında İT günündə yaşamazdılar!..

Elə bu fikrə paralel olaraq dünyada hər kəs üçün arzuolunan ölkə sayılan Amerikanı düşünürəm. Görəsən orda Nyu-Yorkun Çin məhəllələrində itlər Bakıdakı kimi belə asudə, sürü halında gəzb-dolaşa bilirlərmi? Axı çinlilərin it əti  yeməsi dünyaya məlumdur…

Dünya demişkən, itlər haqqında dünya kinematoqraflarının çəkdiyi bir-birindən  maralı filmlər yada düşür. “Qaraqulaq ağ Bim” (SSRİ-Rusiya), “Lessi” (Böyük  Britaniya) “Bethoven” (ABŞ), Haçiko, bir itin taleyi” (Sahibini gözləyən it) (ABŞ) və s.

Mərhum yazıçımız  İsmayıl Şıxlının son romanı  –  “Ölən dünyam”dakı  Alan adlı it  heç də həmin “adlı-sanlı”  itlərdən geri qalmır. Hətta  onlardan da üstün və bənzərsizdir.  Çünki  “qaçqın” Alanın  canavarla cütləşməndən  əmələ gələn törəməsi  belə öz  adını və yaddaş kodunu  itirmir, uzun illərdən sonra yurduna dönən  Həsən ağanı tanıyır…

Məgər çörəyini yediyi  ailəyə dönük çıxan Keçəl Xondulu kimi zalım hökümət  adamını boğan ALAN rusun, ya da ingilisin iti idi? Türkcə Alan sözünün bir mənası da  meydan  deməkdir. Məsələn, savaş alanı – hərb meydanı anlamındadır…

Nə  isə…  Görünür, ədəbiyyatda yaranan it obrazını kinoda olduğu  kimi  canlandırmaq bizdə çox qəliz məsələdir. Elə  Elçinin  “Dolça” povestinin əsasında   ekranlaşdırılmış “Bağ mövsümü” filmindəki Toplan da rejissorun milliləşdirmək istədiyi yad itdir. Belə təlim görmüş  itlər bir yana qalsın hətta “Babək” filmindəki  atların bir qismi də o zaman Moskvadakı At qarnizonundan gətirilmişdi…

Bu gün Bakının küçələrində it günündə gəzib-dolaşan sahibsiz itləri görəndə sərhəd zastavalarında,  gömrük xidmətində  və başqa sahələrdə  istifadə olunan itlər yada düşür. Yüksək  iyduyma qabiliyyəti olan  itlər narkotik vasitələri  tapır,  qaçaqmalçıların izinə düşür və s. və i… Müqayisə  yerinə düşməsə də  qeyd edim  ki, Qraf, Bobi,Çarli, Cessi, Bim və s.  populyar əcnəbi itlərin adından və cinsindən bəlli olur ki, bir çox  idmançılar –xüsusilə də futbol  klublarının  oyunçuları xaricdən baha qiymətə gətirildiyi  kimi,cins  itləri də  almağa  xeyli vəsait  xərclənir…

Bəs  hazırda çox az sayda qalan  Azərbaycanın milli it cinsi  olan  Qurdbacar və başqa itlərə qayğı  göstərmək, onları bu və ya digər sahələrdə çalışdırmaq belə çətindi? Qurdun iyini yüz metrlərlə məsafədən ala bilən bu itlər o qədər güclü və iri olurlar ki, arabanı at kimi darta bilirlər. Qurdbasar çoban olmadan belə sürünü tək başına qoruya bilir.

Hələ  ki, İt ömrü yaşaya-yaşaya küçələrdə, parklarda  sülənən sahibsiz  İtlər “it şousu”  göstərib,  öz aralarında meydan savaşı aparırlar. Bu itləri  görəndə  Çarli  Çaplinin  yüz il əvvəl çəkdiyi  “İt həyatı”  filmindəki  epizodlar yada düşür.

…Düzdü,  IDEA  Heyvanlara Qayğı Mərkəzi Bakıda sahibsiz itlərin kütləvi sterilizasiya edilməsi, peyvəndlənməsi və müalicəsi üzrə beynəlxalq norma və tələblərə uyğun aksiyalar keçirir. “Toplan ” Sahibsiz İtlərə Qayğı Mərkəzi də onlara baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə yanaşır.

Lakin bu gün Xətai rayonunun ən gözəl yerində, Xəzər dənizinə  panoraması  olan “Meşə Parkı”nda  (hazırda “Gənclik” parkı adlanır) qayğıya möhtac çoxlu syada sahibsiz itlər gəzib-dolaşırlar. Hətta səhərlər bura yürüşə gələnlərə hucum edib, bir neçə nəfəri qapıblar da… Yəqin  ki, adı çəkilən QAYĞI  mərkəzləri  parklarda  belə itlərin  “ərazi iddialarına ” tezliklə  xitam verəcəklər.

…Həmin gün sahibsiz itlərin son meydan savaşı – SONUNCU ŞOUSU kimi  tarixə düşəcək!