- Köşə, Manşet

İtlər mənimlə göz yağı yemişdi

 

Bir dəfəmi olub, iki dəfəmi? Hansını deyim? İtlərin məni dişləməyini deyirəm.
Kənd yeri, hərənin həyət-bacasında boyun-boğazından zəncirli, adla deyilən Qafqaz cinsi it bağlanıb. Belə itlərə çoban iti və ya qoyun iti də deyirdilər. Eləsi var idi zəncir çeynəyirdi, göydə quş alırdı. Zəncirdən açılanda hirsini-hikkəsini kimdənsə çıxmasa, kimisə çeynəyib buraxmasa dincəlmək bilməyən bu itlərin açılması bir azar idi, bağlanması da bir. Çoxunun qulağı-quyruğu kəsik. Bəs nə kiminsə itiylə boğuşanda quyruqsuz-qulaqsız qalıb, yiyəsini elin içində gülüncmü etməliydi? Bunun hələ canavarla da davası-şavası olurdu. Qulağı canavar ağızına keçən itin halı necə olardı?
Boz itlərə Bozdar adı verilirdi. Bənək, Qaraş, Bərəs kimi it adları yayğın idi. Dedim axı kişinin iti adıyla tanınırdı. İtin yiyəsi itindən danışanda elə bil əziz bir adamından söhbət açırdı. Məsələn, “bizim quyruğukəsik Bənək” deyəndə biri də ağızından düşürdü. Belə itlərin yanından oğul istəyirdi ki, əli dəyənəksiz keçəydi. O itlər bağdan açılanda yiyələri dinclik tapmır, ayaq üstə qalır, peşmanlıq olmasın deyə əli ağaclı gələni-gedəni yola salırdılar. İtdən ötürmək, itdən saldırmaq kimi deyimlər belə məqamlar üçün işlədilirdi. Bir də görürdün kimsə haraylayırdı: “Ay filankəs, itiniz açıqdımı? Gəl bir məni anarı ötür”. Kimin ağzı idi başqa cür keçmək. İtləri adla çağrılan evlərin yanından keçməyə ürək istəyirdi. O itləri zəncirdə görmək belə oğul-uşağın bağrını yarmağa yetirdi.
Elə itlər var idi ki, zəncirdə durmur, tez-tez açılır, kiməsə ziyanlığı dəyirdi. Belə itlərin qarnının altından belinə də bir zəncir vururdular ki, onun bağdan açılması mümkün olmasın.
İti gecələr bağdan açmamaq üçün uzun qarqara düzəldirdilər. İtin zənciri qarqaraya keçirilir, it də gecə səhərə qədər zənciri cingildəyə-cingildəyə o başa-bu başa gedir, hər qaraltıya səsi batana qədər hürür, sayıqlığını bir an da əldən qoymurdu. Bəs nə, sahibi ona ümid olub rahat yatırdı, o da sahibinin verdiyi yeməyə – yala xəyanət ha edəsi deyildi, üz ağartmaq lazım idi. Həm də yiyəsi onu yüz it küçüyünün içindən seçib qaldırmış, onun boyunu sevə-sevə yiyəlik etməmişdimi? Onun tayları ya gözü açılmamış quyulanmış, ya suya verilmiş, bir az şanslıları da böyüyüb sümsük itlərin cərgəsinə qarışmışdı. İndi o, şadlığına şitlikmi etməli idi? Yiyəlik edib yal bişirəni var, qabağına sürdən-sümükdən atanı var. Daha allahdan ölüm ha gəzəsi deyil. Yəqin ki, it də olsa öz vəziyyətini qiymətləndirə bilir, itliyi ilə çörəyinin qulpunu tapmağı bacarırdı. Hər dızılandıqca bir az da zalımlaşır, bir az da zəhmli olur, itliyinin üstünə bir az da itlik qoyur, hər gün öz dünənkı rekordunu təzələyirdi.
Bax, mən artıq nəsli kəsilmiş və ya başqa cinslərlə qarışmış, cılızlaşmış, itlikləri əllərindən çıxmış, quruca adları qalmış o itlərdən danışıram. Həndəvərindən keçməyə ürək istəyən itlərdən.
Kənd uşaqları, mənim də o uşaqların arasında olduğumu bilirsiniz, bu, gözlərindən qan daman, qızışanda gözləri ayaqlarının altını seçməyən əzazil itlərin arasında böyüyürdülər. O itlərin peyvənd olunduğu, onlara quduzluq iynəsi vurulduğu da yox idi. Böyüklərin qorxudan tük saldığı o itlər hər deyən uşaqlara dəyib, toxunmurdu. Bəlkə uşaq nəsə edəydi, məsələn, daş ataydı, bir çubuq götürüb onu dızılayaydı, onda it də daha uşağın bu hərəkətinə dözməyəydi və dişini işə salaydı. Yoxsa it də itliyiylə qarşısındakının uşaq olduğunu anlayırdı. Bilirdi ki, uşaqdı bir az şitəngilik edib gedəcək.
Amma bəzən istisnalar da olurdu. Səmtsiz hərlənən bir uşaq da itin qəfil hücumuna məruz qalır, qolunu-qıçını dişlətməli olurdu. İlin hər fəslində taytıya-taytıya gəzən uşaqlara rast gəlmək mümkün idi. O uşaq da soruşana ya ağacdan yıxılıb qol-qıçını əzdiyini, xürd-xəşil etdiyini, ya da harasınasa itin diş batırdığını söyləyərdi. Kənd uşağı sənə ayrı nə söyləyəsi idi ki? Qırıq-çıxığı sınıqçının sarıdığı, yara-xoraya şirin xəmir, tüprük xəmiri qoyulduğu, əzik yerə, dolamaya quyruq astarı, it dişləyən yerə səni dişləyən itin öz tükündən, uzağı türkəçarə məlhəm sürtüldüyü vaxtlar idi. Kim idi it dişləyib deyə uşağının dərdindən ölüb doktora-həkimə aparan?
Heç kim – uşaqlı-böyüklü – it tutmasından sığorta olunmamışdı. Hamını it dişləyə bilərdi. İtin hansı çəpərdən, hansı deşikdən üstünə atılacağını, səni yerə aşıracağını və orandan-burandan qapacağını bilsəydin ehtiyatını görər, ən azı heç oradan keçməzdin, yolunu dəyişərdin. Durub itlə itlik edəsi deyildin ki?
Mən də uşaqlıqdan nə qədər ehtiyatlı, əlləm-qəlləm işlərdən uzaq olsam da, – dovşan ilində doğulan birindən bundan artığı da gözlənilməməlidir, – bir neçə dəfə itlərin dişindən keçməli olmuşam. Durub kimdənsə misal gətirməkdənsə, özümdən danışmağım daha doğru deyilmi? Başına gələn başmaqçı olar demirlərmi? Baş ağrısı olmasın, ayrı-ayrı vaxtlarda mən neçə yol itlərin dişinə keçdiyimin az qala sayını da unutmuşam. Elə bil itlər mənimlə göz yağı yemişdilər. Kəndin harasında bir qoca, sefka-sümsük it var idi, gərək məni tapaydı, ətimin-qanımın dadına baxıb, özünün itliyini sübut edəydi. Sanki “qoca da olsam, sefka da olsam, mən bir itəm” kimi bir mesaj verib, özünü təsdiqləmək üçün kənddə məndən başqa adam başlarına qəhət idi. Bəlkə də ətimin-qanımın şirinliyindən idi, burasını da demədən keçməyim.
Başıma gələn o hadisələrdən birini qısaca nəql edim, siz də qulaq verin.
Nənəmin nadir hallarda oynamağa icazə verdiyi günlərdən biri idi. Mən qapıbir qonşumuzun uşaqları ilə oynayırdım. Beş-altı yaşlı uşağın boyu-buxunu nə idi ki, oyunu da nə ola? Oynamaq deyəndə də, o tərəfə, bu tərəfə qaçışırdıq. Qonşunun bir zamanlar zəncirdə oyur-oyur oynayan, bağdan açılanda dişi qana batmasa dincəlməyən, hələ də adı bir əfsanə kimi dillərdə dolaşan boz iti qocalığını, bəlkə də ömrünün sonlarını yaşayırdı. Heç səsi-səmiri çıxmır, zəncirləndiyi ərik ağacının kölgəsində mürgü döyürdü. Biz də itin yanından, heç yoxmuş kimi, bir çəngə yununmu, bir söküntü yumağınınmı yanından keçirmiş kimi, heç onun varlığını nəzərə almadan yüyürür, çığırır-bağırırdıq. Adamın allahı var, heç it bizim hay-küyümüzə fikir vermir, öz aləminə qapılıb, arada bir sayıqlayırdı. Yay idi, bürkü idi, üstəlik də qoca, yaylağa da getməmişdi. Sayıqlamaqdan başqa yay itinin əlindən nə gəlirdi.
Və olanlar cəmi bir anda baş verdi. Necə oldusa mənim ayağım ilişdi. Tam da itin qarşısında, onun zəncirinin çatacağı məsafədə. Nə bir addım anrı, nə bir addım bəri. Bəlkə də heç yıxılmağa da macal tapmadım. Qoca köpək göydə quş tuturmuş kimi, havadaca məni yaxaladı. Ağızındakı sonuncu iki cüt, bir tək dişlərini buduma keçirə bildi. İt məni kimi əfəl bir ovu bərədə yaxalamaqla bəlkə də özünün əzəmətli günlərini xatırladı və mənim budumu qana bələməklə “nə qədər qoca olsam da, mənə sayğı duymalısınız” – demək istəyirdi.
Amma mən qoca köpəyin dişlərini batırdığı sonuncu adam olduğumu yaxşı xatırlayıram. Nədən ki, bu hadisədən sonra qonşumuz iti Arxaşana azıtmağamı, yoxsa ordakı binələrində saxlamağamı apardı, orasını dəqiq bilmirəm və bu gediş qonşunun boz itinin sonuncu gedişi oldu. Öldüsünü, qaldısını bilmədim. Onu bir daha görmədim. Həm də nə görəsiydim ki, bir tərəfimi cırımlayıb, mənə edəcəyini etmişdi.

Afiq MUXTAROĞLU

Niderland

03 yanvar 2021