- Mədəniyyət

“IV Bakı Piano Festivalı” başlayıb

“Rotunda Roof Garden”də IV Bakı Piano Festivalının açılışı uğurla keçib. Festival “Mina Aqossi quartet”in (Mina Aqossi – vokal, Ceremi Brüger – fortepiano, Erik Cakot – bas, Cos Aydama – nağara) iştirakı ilə konsertlə açılıb.

AZƏRTAC xəbər verir ki, tədbir çox böyük tamaşaçı kütləsini bir araya gətirib. Qonaqlar arasında mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, mətbuat nümayəndələri də olub.

Tədbirin əvvəlində tamaşaçıları festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti, tanınmış caz pianoçusu və bəstəkarı Şahin Növrəsli salamlayıb. O, “Bakı Piano Festivalı”nın yaranma tarixçəsindən danışıb və bütün bu illər ərzində təşkilatçılara göstərdikləri dəstəyə və köməyə görə dostlara və sponsorlara təşəkkür edib.

Kvartetin solisti Mina Aqossi çıxışına Bakı şəhərinə həsr etdiyi improvizə kompozisiya ilə başladı.

Mina Aqossi 1972-ci ildə Fransanın Bezanson şəhərində anadan olub. Fransa, Mərakeş və Nigeriyada təhsil aldıqdan sonra o, ABŞ-da işləyib, İspaniyada yaşayıb, tamamilə peşəkar caza yönəlməzdən əvvəl özünü əksər musiqi üslublarında sınamışdır. Minanın musiqisini xarakterizə etmək demək olar mümkün deyil. Onun üslubu daha çox müğənninin dərin emosional daxili aləminə vurğudur, iddialı, lakin həssas musiqisi bahalı şərab kimi zərif, eyni zamanda güclüdür. Mina musiqini peşəkarcasına idarə edir, bu, klassik, hamılıqla qəbul edilmiş deyil, yalnız ona xas olan unikal məzmunla dolmuş onun özünü ifadə dilidir.

“IV Bakı Piano Festivalı” iyunun 28-dək davam edəcək. İki həftə ərzində paytaxt sakinləri və qonaqları müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru – gənc istedadların “We Are the Future” konsertidir.