- Mədəniyyət

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub

Festivallar şəhəri kimi tanınan qədim Şəki daha bir beynəlxalq festivala ev sahibliyi edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 1-də Şəki Dövlət Dram Teatrında IV Şəki Beynəlxalq Teatr Festivalına start verilib.

Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər. Ölkəmiz bu festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Gəncə Dövlət Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı ilə təmsil olunur.

Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.

Mərasimdən əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar.

Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəki teatrının fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin siyahısına, 2019-cu ildə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına və İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Eyni zamanda, Şəki Dünya Tarixi Şəhərlər Liqasının da üzvüdür.

Əməkdar incəsənət xadimi, professor, “Şəki teatrı” kitabının müəllifi İlham Rəhimli çıxışında 145 illik tarixi olan Şəki teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.

Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara görkəmli ingilis dramaturqu Vilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Premyerası olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə, Pərviz İsmayılov, Çingiz Novruzəliyev və digərləri ifa ediblər.

Tamaşada Orta əsrlərdə İtaliyada zadəgan ailələr, əyanlar və onların başına gələn romantik hadisələrdən bəhs edilib. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir.

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə xatirə hədiyyələri təqdim olunub.