- Mədəniyyət

“Jazzery Voices” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı altında “Jazzery Voices” silsilə layihəsinin tədbirlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, “Jazzery Voices” silsilə layihəsi – əsasən BMA-nın caz ifaçılığı üzrə məzunlarının və gənc caz kollektivlərinin iştirakını rəhbər tutub, müasir Azərbaycan caz musiqisinin təbliği və inkişafı, gənc ifaçı qüvvələrin dəstəklənməsi və caz musiqisinin təlim-tədris əsaslarının qoyulması, professional bilik mübadiləsi məqsədini irəli sürür.

Beynəlxalq Muğam Mərkəzində “Jazzery Voices” layihəsinin ilk konserti olub. Konsertdə üç gənc caz heyəti çıxış edib. Gənc müğənni Nərmin Məmmədli özünün “Narinjazz” sərlövhəli proqramını təqdim edib, onu kvartet heyəti ilə müşayiət edən həmkarları caz standartlarını ifa edib. Digər heyət pianoçu Seymur Əliyevin triosu olub, partnyorları – kontrabasist, Əməkdar artist Ruslan Hüseynov, zərbçi Elvin Bəşirov və tenor saksofonçu Camal Bayramlının müşayiəti ilə müasir meynstrim cazı səsləndirilib. Son çıxış pianoçu Elbəy Məmmədzadənin triosu olub, silsilənin açılışını rəngarəng milli çalarlara xas etno-caz musiqisi ilə tamamlayıb.

Silsilənin ikinci konserti gənc ifaçıların təqdim etdiyi müasir etno-caz gecəsi kimi yadda qalıb. Pianoçu Nicat Aslanov həmkarları Ruslan Hüseynov, Həsən Bilalov, Camal Bayramlı ilə caz standartları və Azərbaycan bəstəkarlarının mövzularına kompozisiyalar ifa ediblər. Qrupun ifa etdiyi son kompozisiya konsertin sərlövhəsi kimi seçilmiş “Forward, Azerbaijan” bəstəsi olub.

Digər gənc pianoçu və elektron dilli alətlər ifaçısı Afşin Əlizadə bu istiqaməti saxlayıb, trampet ifaçısı Firudin Həmidov, zərbçi Həsən Bilalov, bas-gitaraçı Nicat Paşazadə ilə Azərbaycan xalq və bəstəkar mövzularına kompozisiyalar səsləndiriblər.