- Manşet

“Jazzery Voices” layihəsi ilk həftəsini uğurla başa vurub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi ərəfəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı altında başlamış “Jazzery Voices” layihəsinin tədbirləri davam edir.

AZƏRTAC xəbər verir ki, layihə artıq ilk həftəsini uğurla başa vurub. Belə ki, Beynəlxalq Muğam Mərkəzinin səhnəsində əfsanəvi “Qaya” qrupunun yeni, müasir heyəti “Jazzery Voices” layihəsinin ilk konsert proqramını təqdim edib. “Jazzery Voices” silsiləsinin caz səciyyəsinə uyğun olaraq, “Qaya” məhz caz kompozisiyalarını –“Caravan”, “Tenderly”, “Dont Mean A Thing”,“Nights İn Tunisia” və digər məşhur caz standartlarını səsləndirib.

“Jazzery Voices” layihəsinin növbəti “Joyful, Joyful” konserti caz xoru və spiriçuel ənənəsinə həsr edilib. Üzeyir Hacıbəyli adına BMA-nın “Lumineux” xorunun (dirijor və bədii rəhbər – Xor dirijorluğu kafedrasının baş müəllimi Nala Barateliya) ifasında məşhur spiriçuelslər, Amerika xor mahnıları, xorun solistləri olan Aytən Orucəliyeva, Ləman Abbaszadə və Natəvan Quliyevanın ifalarında “Somewhere Over the Rainbow”, “At Last”, “İ Put a Spell on You”, “Here’s That Rainy Day” standartları səslənib. Xorun ifası ilə davam edən konsert L.Bethovenin məşhur “Sevincə doğru” himninin spiriçuel üslubunda işləməsi ilə tamamlanıb. Konsertin növbəti hissəsi H3 Collective heyətinin çıxışından ibarət idi. Trumpet ifaçısı Firudin Həmidovun rəhbərlik etdiyi bu qrup öz kompozisiyaları ilə birlikdə müxtəlif Azərbaycan xalq bəstəkar mövzularına işləmələrini, o sıradan Rafiq Babayevin “Bayatı-Kürd ladında” kompozisiyasının yeni müasir hip-hop üslubunda işləməsi ilə konserti sona yetiriblər.

Oktyabrın 30-da “Jazzery Voices” layihəsinin növbəti gecəsində “Bakuba Band” qrupu yenidən Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşaçıların görüşünə gəlib. Qrupun rəhbəri, respublikanın Əməkdar artisti Tofiq Cabbarov dinləyiciləri Azərbaycan bəstəkar mahnıları əsasında caz kompozisiyalarının xoş, məzəli, nurlu və latin-caz ab-havasına kökləyib. Konsert proqramını əvvəllər “Bəri bax” qrupunun solistləri olmuş və hazırda sərbəst fəaliyyət göstərən müğənnilər Diana Hacıyeva və Ülviyyə Rəhimova davam etdiriblər.