Məşhurların məhəbbəti silsiləsindən
Heç kəsin ağlına da gəlməzdi ki, Jorj Sandla Frederik Şopen bir-birinə aşiq ola bilər. Axı onlar tamamilə fərqli – bir-birinə zidd şəxsiyyətlər idilər. Cəngavər davranışı ilə fərqlənən sısqa, xəstəhal gənc oğlanla damağında siqar, kişi paltarları geyinən qətiyyətli qadın necə bir-birinə uyğun gələ bilərdi ki?! Özü də bu sevgi hekayəsi nə az, nə çox, düz on il davam edib və hər ikisini dünyada şöhrətə çatdıran əsərlər yazmağa ruhlandırıb. Şopen qəlbləri riqqətə gətirən musiqilər bəstələyir, Jorj isə oxucuları həyəcanlandıran kitablar yazırdı…
Bu necə də ikrahdoğuran qadındır…
Şopenlə tanış olana qədər Jorj xeyli həyat təcrübəsi yığmışdı. Yaşı azca 30-u keçmiş Amandina Avrora Lüsil Düpen bu müddət ərzində qadın monastırında yaşamış, ərə getməyə macal tapmış, bir oğlu və bir qızı olmuş, daha sonra ərini ataraq sevdiyi kişinin dalınca Parisə getmiş və “Jorj Sand” kişi təxəllüsü ilə bir neçə roman yazmağa müvəffəq olmuşdu.
Frederikin isə heç 30 yaşı yox idi… Çox gənc və sadəlövh idi, romantik ruhu vardı. Dahi bəstəkar və virtuoz kimi tanınırdı, bir çox ölkələrdə konsertlər vermişdi. Amma ürəyi sınıq idi; nişanlısı onu atıb getmişdi.
İlk dəfə kübar dairədən olan ortaq tanışlarının evində görüşmüşdülər. Şopen fortepianoda çalırdı. Ev sahibi onları müşərrəf edən bu iki yaradıcı şəxsiyyəti bir-biri ilə tanış etmək qərarına gəlib. Lakin həmin vaxt bəstəkar bu tanışlığa elə də böyük əhəmiyyət verməmişdi. Amma sonra tanışlardan soruşub: “Bu ikrahdoğuran qadın kimdir belə? Jorj Sand deyirlər adını? Başa düşmürəm, bu qadındırmı?”
O vaxt gənc, yaraşıqlı və nəcib davranışı ilə seçilən Şopen yazıçının yüngül, açıq-saçıq hərəkətlərindən, qəribə zahiri görünüşündən və geyimindən dəhşətə gəlmişdi. Jorj kişi kostyumu geyinməklə kifayətlənmir, üstəlik kişi uzunboğaz çəkmələrinə və kişi şlyapasına da üstlünlük verirdi. Hələ damağından əskik olmayan siqarı deməyək…
Heç də bal ayı olmadı…
Sand və Şopen yüksək cəmiyyətə mənsub ziyafətlərdə tez-tez rastlaşırdılar. Jorjla yaxından təmas qurduqca Frederikin onun haqqında fikirlərində yumşalma əmələ gəlmişdi. Bir müddət sonra isə onlar görüşməyə başladılar. Əlbəttə ki, hələ gözlərdən uzaq yerlərdə. Bir neçə ay da keçdi və cütlük açıq şəkildə, heç kimdən çəkinmədən birlikdə yaşamağa başladılar. 1838-ci ilin sonunda isə qışı keçirtmək üçün Jorjun uşaqları ilə birlikdə bir ailə kimi Mayorkaya getdilər. Bu həmin ərəfələr idi ki, Şopenin uşaqlıdan bəri əziyyət çəkdiyi vərəm xəstəliyi yenidən şiddətlənmişdi. Öskürək aman vermirdi. Cütlük düşünmüşdü ki, adanın mülayim iqlimi onun səhhətinə müsbət təsir göstərəcək.
Lakin onların gözlədiyi kimi olmadı. İspaniyada Frederikin halı lap pisləşdi. Jorj gecə-gündüz onun qulluğunda dururdu. Tərslikdən kirayə qaldıqları evin yiyəsi kirayənişinin mərəzi haqqında öyrəndi. Həmin dövrün qanunlarına görə belə mərəzi olan adamın toxunduğu hər şey yandırılmalı idi. Əlbəttə, mənzilin əşyalarını mebel qarışıq yandırmaq o demək idi ki, bütün bunların xərci ev yiyəsinə ödənilməli olacaqdı. Jorjla Frederikin küllü miqdarda pul öləyib evdən çıxmaqdan başqa əlacları qalmadı. Vərəm xəstəliyinə görə daha heç kəs onlara kirayə ev vermədiyinə görə onlar naçar vəziyyətdə idilər. Bircə monastır onlara qapını açdı.
Amma hadisələr bununla bitmədi. Sevgililər Parisə qayıtmalı idilər. Di gəl ki, heç bir gəmi göyərtəsinə belə vərəmli xəstəni buraxmaq istəmirdi… Uzun çək-çevirdən, yalvarışlardan sonra gəmilərdən birinin kapitanı onları gəmiyə götürməyə razı oldu. Tanınmış bəstəkarla məşhur yazıçıya ən pis – donuzlar aparılan küzün böyründəki kayut verildi. Sonralar bu barədə Şopen yazırdı ki, hətta donuzların şəraiti belə onlara verilən kayutdakından üstün idi. Sand isə heç vaxt şikayət etmirdi. Əsas məsələ sevdiyinin yanında olmaq idi.
Uşaqlar razı deyillər…
Fransaya qayıdandan sonra Jorjun malikanəsində yaşamağa başladılar. Lakin orada da tale üzlərinə gülmədi. Şopenin halı tez-tez xarab olur, oğlu da anasını evlərində məskunlaşmış bu yad kişiyə qısqanırdı. Yazıçının həddi-buluğa çatmış qızı isə əksinə, qeyri-rəsmi “atalığ”ını anasına qarşı doldururdu. Bütün bunlar münasibətlərə təsirsiz ötüşməyə bilməzdi. Nəhayət, bezmiş Frederik 1847-ci ildə daha dözə bilməyib, əşyalarını da yığışdıraraq evdən çıxdı. Jorj da onu saxlamaq üçün əl-ayağa düşmədi.
Şopen gedəndən sonra Jorjla məktublaşmağa başladılar. Ancaq anasından gizlin Frederikə məktub göndərən qız ona anasının başqa kişi ilə xəyanət etdiyini yazdı. “Mən sizi düşmən kimi əks cəbhələrdə görməyə üstünlük verərəm, nəinki öz döşümdən süd əmmiş birindən özümü müdafiə edim”, deyə Jorj məktubunda Frederikə cavab vermişdi.
Tezliklə məktublar kəsildi. Sonuncu dəfə bu cütlüyün görüşü təsadüfən, o da bəstəkarın ölümündən altı ay əvvəl oldu. Frederik Jorjla kəlmə də kəsmək istəmədi, lakin ölənə qədər onun qızı ilə isti münasibətini davam etdirdi. Ölüm döşəyində son məqamda pıçıldamışdı: “Axı Jorj mənə söz vermişdi ki, mən onun qolları arasında öləcəyəm…”
Şopendən sonra
Jorj Sandın “Lukresiya Floriani” romanında öz həyatı ilə oxşarlıqlar çoxdur. Burada Lukresiya elə yazıçının öz prototipidir. Sevgisindən alışıb-yandığı və sonda onu məhvə sürükləyən eqoist Karol obrazı isə eynilə Şopeni xatırladır. Bircə böyük fərq o idi ki, Jorj dəlicəsinə sevdiyi adamdan 27 il çox ömür sürdü. Romanında isə Lukresiyanı gənckən öldürdü.
Frederik öləndən sonra Jorjun həyatında başqa bir kişi də oldu. Yazıçı ömrünün sonuna qədər onunla birlikdə yaşamış, ev təsərrüfatını idarə etmiş, uşaqlara baxmışdı.
Son söz əvəzi…
Şopen Jorjla münasibətə tap gətirə bilmirdi…
Lakin əksər bioqraflar fərqli düşüncədədirlər. Kor-kor, gör-gör, axı Şopen ən gözəl əsərlərini məhz Jorjla birlikdə olanda ondan ilhamlanıb bəstələmişdi. On ilə yaxın davam edən münasibətdə əzab-əziyyətlər də az olmadı. İki qoçun başı bir qazanda qaynamayan kimi iki düha da birlikdə eyni həyatı bölüşə bilməyəcəkdi. Onların sevgi dastanına hər zaman qibtə olunub. Onları hələ də xatırlayırlar. İki əsr keçib. Unudulmayıb. Daha iki əsr də keçsə, yenə də bu haqda danışılacağından, yazılacağından heç şübhə etməyək…
Müxtəlif mənbələrdən yığılan materiallar əsasında tərcümə etdi: Aygün ƏZİZ