- Köşə

Kəndin oyun-toy-yas üçbucağı

(Etnoqrafik etüdlər)

Kənd yeri idi. Elə sən deyən teatrı, dəli sözü konsert verəni-filanı da yox idi. Guya indi başdan aşır. Burada yaşayanlar da insan oğlu idi, bəni-bəşər idi. Onlar da yorulanda dincəlmək, ağır işdən sonra bir hovur nəfəslərini dərib, soluqlanmaq istəyirdilər. Nə qədər sabahın gözü açılandan şərin qulağı yaxanacan heçhaheç, köçhaköç olardı. Onlar da allahın bəndələri deyildilərmi?
Gen dünyada onların da könüllərini əyləndirəcək nələrsə olmalı idi. Payız gələndə az qala hamının elliklə toylarda iştirak etməyini, böyüklərin ölü yerlərini saymağını, uşaqların toz-torpaq içində eşələnərək, oynamağını çıxsaq əylənməyə ortada bir şey qalmırdı. Oyun, toy, yas üçbucağının çıxılmazlığından qopmaq istəyi isə hər zaman qafalarda dolaşırdı. Amma alınmırdı. Heç bu gün də kənd yaxasını bundan qurtara bilməyib.

*
Uşaqların öz oyunları var idi. Hər yaşa görə oyun dəyişirdi. Oğlanlar ayrı, qızlar ayrı oyunlar oynayırdılar. Yeniyetmə oyunları da tamam fərqli. Hər fəslin oyunu da fərqli olurdu. Deyək ki, qışda qızlar “Qılıqqa” (beşdaş) oynayırdılar, oğlanlar “Xan-vəzir”. Yazda qızlar, kiçik yaşlı oğlanlar “Qazlar-qazlar” oynayanda, böyük yaşlı oğlanlar çilikdəstə, dirədöymə, eşəkkbeli oynayırdılar. Yeniyetmələr boldu-boldu, təpik-təpik, aşıq-aşıq oynaya bilərdilər. Düzdü, bu oyunlardan bir çoxunu, məsələn, aşıq-aşıq oyununu görsəm də, mən onu oynayacaq yaşa çatanda artıq bu oyun dəbdən düşmüşdü, onu oynamaq unudulub, tarixə çevrilmişdi.
Bir də görürdün yazda uşaqlardan biri söyüddən, çinardan çubuq kəsdi, fışqırıq düzəltdi. Ondan sonra işqana düşürdü. Oğlanların fışqırıqlarının səsi kəndi başına götürürdü. Qızlar nə fışqırıq çala bilirdilər, nə də fit. Buna həvəsiyən qız uşaqlarına deyirdilər: “Qız uşağı fışqırıq çalsa, saçı tökülər”. Bunu eşidən hansı qız bir də fışqırıq çalmaq istəyərdi ki? Saçın dəyər sayıldığı, namus bəlgəsi, qadının urvatı kimi tanındığı bir vaxtdan danışdığımı unutmayın. Saçın kəsilməsinə namussuzluq kimi baxılırdı. Qadının saçını kəsməsi ailənin ruzisinin kəsiləcəyinə bir işarə hesab edilirdi.
Hər uşağın oyuncağı olmazdı. Kənddə oyuncaqlı uşaq olmaq fövqəladəlik kimi bir şey idi. Velosiped sahibi olmaq isə bəylik-xanlıq kimi bir şey idi. Bir də bunlar haradan olmalı idi ki? Camaatın çoxu yeməyə çörək, geyinməyə paltar tapmırdı, hərənin bir çətən külfəti var idi. Oğlan uşaqları məftildən maşın düzəldir, ağızları ilə maşın səsləri çıxarır, elə ağızları ilə də siqnal verərək, maşınları təqlid edirdilər. Uşağın biri “samakatka” düzəltsəydi, bir neçə günə hər oğlan uşağının bir “samakatka”sı olurdu. Zıyrıx da elə idi, quşvuran da. Taxta-məftil silahlar düzəldib, dava-dava oynayan uşaqlar “bizimkilər”ə və “nemeslər”ə bölünürdülər. Kibritdən barıtı olan mis tapançaları yaşca böyük uşaqlar düzəldib, oynadırdılar. Bütün bunların hamısı uşaqların öz əllərinin əməyi, gözlərinin nuru idi. Bunları düzəldib satan, nəyəsə dəyişən diribaşlar da vardı.
Qızlar şüşə qırıqlarından, köhnə əski-üskü parçalarından, rəngli konfet kağızlarından, boş şirni qutularından ev əşyaları kimi istifadə edir, qarğıdalı saçağını saç sayaq, hörük kimi əskidən düzəltdikləri kuklalarının başına taxır, ölçük (evcik-evcik) oynayır, böyükləri təqlid edib, bir az da tez böyümək, bir ayaq da tez ərə getmək istəyirdilər. Əksəriyyətinin bundan artıq prespektivi də yox idi. Allah üçün deyim ki, tək-tük qız istisna idi. Qarşıda o tək-tükləri ali təhsil gözləyirdi. Qızların oyunu bitəndə hərə öz qırıq-söküyünü götürüb, növbəti oyuna qədər göz bəbəyi kimi saxlayırdı.
Kəndin məhlələrində uşaqların toplaşıb oynadıqları yerlər var idi. Bu yerləri əvən yeri adlandırırdılar. Böyüklərdən birinin çığır-bağırına qədər əvən yeri qazan kimi qaynayırdı. Uşaqların özlərinin bezib, yorulduqları da olurdu. Onda özünü lider sayanlardan biri yumruğunun birini yuxarı qaldırıb soruşurdu: “Bu nədir?”. Qalan uşaqlar bir ağızdan deyirdi: “Açar”. Başçının: “Hər kəs evinə qaçar” – deməsilə hərə öz evinin yolunu tuturdu. Liderin “bu nədir” sualına “qığılcım” cavabı da verilə bilərdi. O da: “Hər kəs evinə dağılcım” – komandası verib, oyunun bitdiyini elan edirdi.
Bütün günü toz-torpaqda eşələnən bu uşaqların üstündə əsən də yox idi. Kim idi onların dərdindən ölən? Niyə də üstündə əsilməli idi ki? Hər evdə ən azı yarım düjün uşaq böyüyürdü. Ata-ana da onları allahın ətəyinə tullayır, onlar da allah ümidinə böyüyürdülər. Sovetin çox uşaq doğan analara medal asdığı, qəhrəman ana saydığı, anaların da bir-birinin bəhsinə, qonşudan qalma dala misalı partapart doğduğu bir zamanda uşağa bundan artıq münasibət bəslənilməsi də gözlənilən deyildi. Uşaqları çiçək peyvəndi adıyla damğalayıb buraxan sovetlər müharibədə itirdiklərinin yerini başqa necə doldura bilərdi? Özünün doğar yeri saz, doğmağa bu qədər həvəsli anası ola-ola sovet gedib, söz məsəli, Çindən, Vyetnamdan uşaq ha idxal edəsi deyildi?

*
Yaxşı ki, yeddi gün, yeddi gecə sürən toylar var idi. Hamı əylənə bilirdi. Uşaq-böyük. Hərənin öz havasının çalındığı, hərənin öz havasına qol qaldırıb oynadığı zamanın içindəydik. Toylar payıza düşürdü. Toylar cavanların özünü sınadıqları məkana çevrilirdi. Elə əslində toy şənliyi boyunca ən çox gözə dəyən də gənclər olurdu. Özünə güvənənlər qurşaq tutub güləşirdi. Atını ortaya çəkib oynadan, cıdıra çıxanlar da vardı. Hər addımı sınaq, imtahan olan yallılar hələ toyun əsas komponentlərindən sayılırdı.
Hələ toylarda tüfəng atmaq yasaq deyildi. Yasaq olsa belə elin-obanın öz ayıbını çölə salmadığı, hökumətin də buna göz yumduğu vədələr idi.
Hələ bolluğun, ruzinin, ən əsası da nəsil artımının bəlgəsi olan toy şaxı bəzədilir, hamı toy şaxından şax yemişi umurdu. Toy şaxının çıxarılması yanan lopalarından, atılan tüfənglərindən, çalınan “Güləşəngi”sindən bilinirdi.
El nağara-zurnanın sabah sazına oyanır, axşam sazına oynayırdı. Payızın sükutunu qıran nağara gumbultusu, zurna züyültüsü eşidənlərə toyun başladığını xəbər verirdi.
Toy elin görüş yeri idi. Toy hamının, hətta uşaqların da iştirak edə biləcəyi bir mərasim sayılırdı. Toy iki gəncin qovuşması, yeni ailənin qurulması olsa da, daha çox böyük bir elin yığıncağı, elliklə əyləndiyi, şənləndiyi məişət hadisəsi təsiri bağışlayırdı. Elin başqa cür əylənəcə yeri də yox idi. El kənd klubunda davalı filmlərin getdiyi, hind filmlərinin kəndə təzə-təzə ayaq açdığı günlərini yaşayırdı. O filmlərə baxmaq isə qız-gəlinə müyəssər olmurdu. Patriarxal kəndin belə yazılmamış qanunları var idi. “Qadın nədir, kinoya baxdı nədir” düşüncəsi qafalara elə oturmuşdu ki, onun oradan çıxmasına illər gərək idi.

*
Ölü də hər gün ölmürdü. Əslində adamların ölümü də seyrək idi, ayda-ildə bir nəfər. Ölüm yastığına düşənin ölümü bəzən aylar, illər çəkirdi. Oğul-uşaq əldən düşür, xəstəyə baxmaqdan xəstə olur, ailə gedib-gələnin ayağı altında itirdi. Daha indiki kimi deyildi, adamların canında Niqalay yağı var idi. Bu yoxsulluğun, sadəliyin içində yaşayan insanların həyat eşqi sözlə izaholunmaz bir enerji idi. Zaman maşını hələ yüzü haqlamış qocaların həkimlərə “ağrın alım, vurduğun iynə birdən ziyanlı olar” sualı verdikləri vaxtı göstərirdi. Allah göztərməsin, indi adamlar çömələn dəymiş kimi qırılır. Ölünün də urvatlı vaxtları idi, dirinin də.
Yas təkcə ölənin xatirəsini əziz tutmaq, ölmüş şəxsin yaxınlarına dil-ağız edib başsağlığı vermək üçün düzənlənən bir törən, mərasim deyildi. Bu mərasim bir növ el yığıncağı, toplantısı işini də qaydaya qoyurdu.
Yasdan başqa harada elin ağsaqqalının-qarasaqqalının ağızını bir yerə gətirmək olardı? Elə ağbirçəyin-qarabirçəyin də bir yerə gəlməsi yasda baş verirdi. Düzdü, yasda qadınlarla kişiləri bir-birindən aralı tutan bir pərdə də mövcud idi. Qadınları bir yerə yığan, onları ortaqlaşdıran ağlaşmaya, bir yerdə göz yaşı tökməyə toplaşmaları idisə, kişilərin ortaq vəzifəsi cənazəni məzarlığa qədər aparmaq, dəfn işlərini həll etmək idi. Axı ölü bir evin, bir ailənin deyil, bütöv bir elin sayılırdı. Hər evdən bu tüstünün çıxacağını hamı bilir, hamı xananın darda, ölünün yerdə qalmayacağına inanırdı.
Yas ailənin el qarşısında hesabatı kimi bir şey idi. Ölmüş şəxsin ailəsinə qiymət vermək üçün düzənlənən bir mərasimi xatırladırdı. Ölənin evinə-eşiyinə göz qoyulurdu, oğul-uşağının həm eşikdə, həm də içəridə necə davrandığı qiymətləndirilirdi. Eşikdə oğlanlarının el qarşısında necə dayanmaları, içəridə qız-gəlinlərinin ölülərini necə dil deyib urvatlamaları az qala tərəziyə qoyularaq, gözdən keçirilirdi. El gözünün tərəzi olduğu zamanlar idi, başqa cür necə ola bilərdi ki? El özünün nəzarət funksiyasını bu gün də elə beləcə davam etdirməkdədir. Dəyişən bir şey yox yəni.
Yasda uşaqların iştirakına imkan daxilində yol verilmirdi. Uşaqlar yas mərasiminin gedişinə uzaqdan uzağa, məsələn, çəpərin arasından baxa bilirdilər. Uşaqlar, elə böyüklər də ölüyə, ölümə, qəbirstanlığa mistik nəzərlə baxırdılar. Ölüm indiki kimi mexaniki bir hadisə deyildi. Ölüm sirli-sehrli, mistik bir anlayış idi və bu anlayışdan doğan tabuların, yasaqların olması da çox təbii görünürdü.

*
Kəndin öz oyun-toy-yas üçbucağının içindən çıxması üçün xeyli zamanın keçməsini gözləməsi gərəkirdi. Bu zamansa saatının əqrəblərindən daş asılmış kimi keçmək bilmirdi.

Afiq MUXTAROĞLU

Niderland

30 dekabr 2020