- Mədəniyyət

“Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi keçirilir

Xətai Sənət Mərkəzində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi keçirilir.

AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində keçirilən sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədim kəlağayılar, həmçinin, müasir Basqal kəlağayıları nümayiş olunur.

2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əməkdaşlığın və Azərbaycanın birinci xanımının qayğısının nəticəsi olaraq UNESCO-nun müvafiq siyahılarında yer alan mədəni irs nümunələrinin qorunması və inkişafı üçün ölkəmizdə əhəmiyyətli tədbirlər həyata keçirilir.

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu. Azərbaycanın mədəniyyət həyatında baş verən bu tarixi hadisə Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Tədbirin keçirilməsində məqsəd tarixi yüzilliklərə dayanan Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir. Tədbir oktyabrın 23-dək davam edəcək.