Çin astroloji təqviminə görə, illər 12 müxtəlif heyvan üstündə təhvil olunur. Həmin təqvimə görə, 2018-ci il it ilidir və fevralın 16-da başlayacaq. Deyirlər, illərlə adına bağlı oldu-ğu heyvanın cibiliyyəti arasında bir bağ var. Məsələn, siçan ilində bolluq, it ilində aqressiya, müharibə ehtimalının yüksək olduğu deyilir. Neyləyək, qorxaqmı? Bəs özlüyündə it necə heyvandır və ya Mirzə Cəlil demiş, nə tükdə canavardır?
“İt” sözü dilimizdə, eləcə də bir çox xalqların dilində, adətən, söyüş kimi işlədilir. Deyilənə görə, İldırım Bayazid Teymura yazdığı məktubda onu “kəlbi-əqur” (qudurmuş it) adlandırıb və bununla konflikt qaçılmaz həddə çatıb. Eyni zamanda, itin hürüşü arzuolunmaz və bihudə proses sayılır: “İt hürər, karvan keçər”.
Bir neçə il əvvəl jurnalistlərdən biri bir müğənnidən müsahibə almağa getmişdi. Müğənni deyib ki, əvvəllər o da jurnalist olub və başına gələn bir əhvalatı danışıb: “Bir veterandan müsahibə götürmək üçün evlərinə getmişdim. Maqnitofonda mənim kassetimi oxudurdular. Kişiyə sual ver-dim. Səs mane olduğu üçün uşaqlarına dönüb səsləndi:
– A bala, o itin səsini kəs, görək bu kişinin oğlu nə deyir?”.
İt indikator kimi. Əski zamanlarda millətin repro-duktivlik missiyasının davamı üçün tender keçiriləndə indi-kator kimi itdən də istifadə edilib. Deyilənə görə, köhnə vaxtlar qız almaq istəyəndə çoxbilmiş qadınlar qız evində monitorinq keçirir, it və pişiyin kilosuna baxırlarmış. İt arıq, pişik kök olan-da deyirlərmiş, bu evdən qız almaq olmaz. Anası tənbəldi, itə yemək hazırlamır, yeməyin artığını pişiyə atır (və ya pişik özü yalayır). Qız da anası kimi olacaq.
Birisi pis yaşayanda deyirlər ki, it günündə yaşayır:
Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək
Əynində köhnə pencək, canan da it günündə (Baba Pünhan)
İtlər tayfabazdır, ədalət hissindən uzaqdır: “İt itin ayağını basmaz“.
“Salur Qazanın evinin yağmalanması” boyunda itdən də söhbət açılır. Bir qayda olaraq, itlər sədaqətli sayılsa da, Qazan xanın rast gəldiyi itdə sədaqətdən bir qırtım əlamət yoxdu: “Qurtdan dəxi keçdi, Qaraca çobanın qara köpəgi Qazana qarşu gəldi. Qazan qara köpəklən xəbərləşdi; görəlim, xanım, nə xəbərləşdi. Aydır:
Qaranqu axşam olanda vaf-vaf ürən,
Acı ayran tökiləndə çap-çap içən,
Gecə gələn xırsızları qorqudan,
Qorquduban şamatasıyla ürküdən,
Ordumun xəbərin bilürmisin, degil bana!
Qara başım sağlığında eyilüklər edəm, köpək, sana! dedi.
Köpək qaçan xəbər versə gərək?” Burda itin Qazan xana olan “naplevatelski” münasibətinə heç cür bəraət qazandırmaq olmaz. Davamında deyilir ki, “Köpək Qazanın atının ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə köpəgi urdı. Köpək çəkildi, gəldügi yola getdi”. Əcəb də eləyib.
Qaraca Çobanın itinə qəzəblənən Qazan xan kafiri itə bənzədir: “Hərzə–mərzə söyləmə, mərə itim kafir! İtimlə bir yalaqda yuyundum içən azğın kafir”…
İt dünyada ən filosof heyvandır. Fransua Rable “Qarqantua və Pantaqruel” əsərinin müqəddiməsində itləri yaxşıca mədh edib, oxucularına itdən nümunə götürməyi töv-siyə edib:
“Siz kəllə sümüyü tapmış it görmüsünüzmü? (Platon “Dövlət” adlı kitabında yazır ki, it dünyada ən filosof hey-vandır)”. Əgər görmüsünüzsə, sezmiş olarsınız, it necə ehti-ramla onu qoruyur, necə möhkəm tutur, necə ehtiyatla ağzına alır, necə ləzzətlə gəmirir, necə çalışqanlıqla sorur. O, nədən bu cür çalışır? Əlbəttə, oradakı bir damcı beyini nuş eləmək üçün. Onun bu səyləri boşuna deyil. Qalen özünün “Bədən üzvlərinin təyinatı haqqında” adlı əsərində yazır ki, beyin təbiətin bizə verdiyi ən kamil qidadır. Əziz oxucu, istərdim ki, siz də yuxarıda haqqında danışılan it kimi müdrik olasınız. Bu dadlı kitabın sümüyünü sındırın, gəmirib oradakı beyin substan-siyasını sorun, …bu kitabda yalnız seçilmişlər üçün olan, dinimizə, siyasətə və evdarlığa aid çox qiymətli sirlərdən agah olarsınız, xüsusi ruh müşahidə edərsiniz”.
“İt kimi peşmandır… “. Xalqımız inanır ki, itlər peşman olmağı hər kəsdən yaxşı bacarır.
Dünyada öz itini sevən insanlar da çoxdur..
Lətifə. Bir kişi aclıq vaxtı məcbur olub yeganə itini bişirib yeyir. Yeyib qurtarandan sonra qarşısındakı sümüklərə baxıb deyir: “Axx, itim sağ olsaydı, bunları yeyərdi”.
İtlər hər halda qurman deyil.
Çünki “ityeməz” sözü hətta it də yemir mənasındadır.