Kainat sonsuzluğun içində axan zamanın bir parçasıdır. Qaranlıq boşluqları dolduran qalaktikalar, ulduzlar, planetlər, asteroidlər və görünməz enerjilər bu sonsuzluğun içində bir harmoniya yaradır. Və mən – bu nəhəng kainatın içində görünməz bir zərrə kimi mövcudam. Kiçik, əhəmiyyətsiz görünən, amma dərin bir anlam daşıyan bir zərrə.
Bir anlıq düşünək: Bizim yaşadığımız Yer kürəsi Günəş sistemində cəmi bir planetdir. Günəş sistemimiz Süd Yolu qalaktikasının içində milyonlarla ulduz sistemlərindən biridir. Süd Yolu isə trilyonlarla qalaktikadan ibarət olan sonsuz kosmosun kiçik bir hissəsidir. Bu böyük ölçülərin içində insan nədir? Bir toz zərrəsindən belə kiçikdir. Hətta bir zərrə olmaq belə çox iddialıdır.
Lakin bu kiçiklik bizi əhəmiyyətsiz edirmi? Əksinə. Əgər kainatın bu qədər nəhəng olmasına baxmayaraq, biz özümüzü dərk edə biliriksə, düşünə biliriksə, deməli, varlığımızın bir mənası var.
Müasir elm göstərir ki, bizim vücudumuz da kainatın strukturu ilə oxşarlıq təşkil edir. Atomların quruluşu ilə qalaktikaların quruluşu arasında müəyyən paralellər var. Kainatın nəhəng ulduz sistemləri ilə bədənimizdəki hüceyrələrin qarşılıqlı əlaqəsi eyni qanunauyğunluqlara tabedir.
Bu o deməkdir ki, mən yalnız kainatda bir zərrə deyiləm, eyni zamanda kainat da mənim içimdə yaşayır. Bəlkə də bizim varlığımızın dərk edilmə səbəbi, kainatın özünü dərk etmək üçün bir yoludur.
İnsan yalnız fiziki varlıq deyil. Bizim düşüncələrimiz, hisslərimiz və duyğularımız kainatın material dünyasından daha incə bir enerjiyə malikdir. Bəlkə də biz sadəcə toz zərrələri deyilik, kainatın özü bizdə təcəlli edir.
Fəlsəfi baxımdan, insanın kainatdakı rolu hər zaman müzakirə olunub. Bəzi ideyalara görə insan kainatın ən ali məxluqudur, çünki o, düşünmək və yaradıcı olmaq qabiliyyətinə malikdir. Digər yanaşmalara görə, insan yalnız kosmik proseslərin təsadüfi nəticəsidir.
Bəs həqiqət nədir? Biz yalnız bir zərrəyik, yoxsa kainat bizdə özünü tapır?
Mövlanə deyirdi: “Sən elə bir varlıqsan ki, bir zərrədə bir günəş gizlidir.” Burada bizə bir həqiqət göstərilir: Kiçiklik əhəmiyyətsizlik demək deyil. Hər bir zərrənin içində sonsuzluq yatır.
Bir damla su olmasa, okean da olmaz. Bir dənə qum dənəsi olmasa, səhralar da mövcud olmaz. Mən – bu kainatda bir zərrəyəm, amma eyni zamanda bütövün bir parçasıyam. Mənim varlığım kainatın harmoniyasına kiçik də olsa, bir təsir göstərir.
Əgər hər bir insan bunu dərk etsə, dünya fərqli bir yer olar. Çünki biz yalnızca mövcud olmağın deyil, həm də mövcudluğu anlamanın və dəyərləndirməyin məsuliyyətini daşıyırıq.
Mən kainatda bir zərrəyəm. Sonsuz boşluqda, milyardlarla ulduzun içində görünməz bir varlıq kimi yaşayıram. Amma eyni zamanda bu kiçiklik içində bir kainat daşıyıram. Mənim düşüncələrim, hisslərim, yaratdıqlarım bu kainatın sonsuz axını içində bir dalğa yaradır.
Kiçik olmaq qorxulu deyil. Əsas olan – bu kiçik zərrənin içində nələr daşıdığını bilməkdir. Mən kainatda bir zərrəyəm, amma bu zərrənin özünə aid bir dünyası var.
Cümşüdlü Mənsurə Dilavər